AZ

Fəzail Ağamalıdan MÜHÜM AÇIQLAMA – “Bundan sonra İranla münasibətlərimiz...”

Mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə verilən mesajlarda isə iki ölkə arasında əməkdaşlığın inkişafı xüsusi yer tuturdu. 

Ümumilikdə müsbət ab-havada keçən tədbir həm də iki ölkə arasındakı münasibətlərdəki böhranın aradan qalxdığını göstərdi.

Başqa bir tərəfdən, Tehrandakı Azərbaycan səfirliyinin yaxın aylarda yenidən fəaliyyətə başlaması nəzərdə tutulub. Bu məsələ ətrafında yaranan gərginlik də artıq sona çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla İran arasında əməkdaşlıq regional inkişafa hansı töhfələri verəcək? –TƏHLİL


Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. İyul ayından başlayaraq, Tehrandakı səfirliyimiz yeni binada fəaliyyət göstərəcək. 

Bütün bunlar o deməkdir ki, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. 

Mövzu ilə bağlı Bizm.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək: 

“Azərbaycanın əsası ulu öndər tərəfindən qoyulan xarici siyasətin başlıca istiqaməti çoxşaxəli, bütün ölkələrlə bərabər hüquqlara söykənən əməkdaşlığa əsaslanır. Xüsusilə də qonşularla bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalılığa söykənən ikitərəfli əməkdaşlığa üstünlük verilir. 

Azərbaycan dövləti olaraq həm Prezident səviyyəsində, həm də xarici işlər naziri səviyyəsində qonşularla normal münasibətlərin qarşılıqlı fəaliyyətə söykənən, faydalılıq əmsalı yüksək olan ikitərəfli əməkdaşlığa üstünlük verdiyini dəfələrlə önə çəkib. Bununla bağlı Bakının Tiflislə münasibətləri göz önündədir. 2010-cu ildən sonra isə Rusiya ilə də oturuşmuş münasibətlər yaranaraq inkişaf etdi. Onun nəticəsidir ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır. 

Bununla əlaqədar ciddi sənədlər də imzalanıb. 

İrana gəldikdə, bu ölkə ilə də münasibətlərin normal müstəvi üzərində qurulması üçün bəyanatlar şəklində dəfələrlə fikrimizi ifadə etmişik. Eyni zamanda, konkret addımlar da atmışıq.

Bu gün də həmin siyasət davam edir. Azərbaycan qarşıdakı dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. 

Bakı ilə Tehran arasında gərginlik nəhayət aradan qalxmaqdadır. Ümidvaram ki, bundan sonrakı münasibətlərimizdə gərginlik yaşanmayacaq. Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
273
50
bizim.media

10Mənbələr