Azərkosmos Çexiyanın “PEKASAT SE” şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb. Memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.
Fins.az xəbər verir ki, hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi və yerüstü infrastrukturun istismarı üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.
Qeyd edək ki, “PEKASAT SE” Çexiyanın Brno şəhərində yerləşən Avropanın səhmdar şirkətidir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və “bulud” həlləri təklif edir.
Fuad Mədətov
Fins.az