AZ

Qərb Ermənistanı kəşfiyyat yuvasına çevirir- ruslar təlaşda...

Image

Moskva dəfələrlə Avropa İttifaqının Ermənistan ərazisində yerləşən missiyalasının həm Rusiya, həm də Ermənistanla qonşu olan ölkələr haqqında kəşfiyyat məlumatları toplamaqla məşğul olduğunu bəyan edib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu günlərdə bir daha qeyd edib ki, Avropa İttifaqının monitorinq missiyası Ermənistan ərazisində Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat məlumatı toplayır.

Diplomatın sözlərinə görə, İrəvanın Avropa İttifaqının missiyasına güvənməsi respublikada hadisələrin inkişafını böyük ölçüdə müəyyənləşdirdi, baxmayaraq ki, bir çox risqləri azaltmaq olardı: “2022-ci ildə İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifi ilə razılaşsaydı, o zaman Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxunu önləmək olardı. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi heç bir halda dövlətin sərhədlərini qorumayan, Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Avropa İttifaqının missiyasını dəvət etməyi üstün tutdu”. İndi Ermənistan bir növ tramplin rolunu oynayır və bu fonda onun ərazisindən Qərb həm Rusiya Federasiyasının obyektləri, həm də bütün qonşu ölkələrlə bağlı kəşfiyyat məlumatları toplayır. Mixail Qaluzin qeyd edir ki, Avropa İttifaqı müşahidəçiləri İrəvandan yan keçməklə Brüsselə hesabat göndərirlər. Diplomat bildirir ki, bu sənədlər üçüncü şəxslər tərəfindən görülmədiyi üçün onların kəşfiyyat məlumatı olduğunu düşünməyə əsas var. Bundan əlavə, diplomat vurğulayıb ki, Kanada nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətində iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir. Rus hərbi ekspert İqor Korotçenko da qeyd edir ki, həqiqətən  Qərb kəşfiyyatı Avropa İttifaqının Ermənistandakı “müşahidə” missiyası adı altında fəaliyyət göstərir: “Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının heyəti həqiqətən diplomatlardan ibarət deyil. Demək olar ki, bütün aparıcı Avropa kəşfiyyat xidmətləri,  o cümlədən Fransa və Almaniyanın xarici kəşfiyyatı burdadır.  Onlar nəinki müşahidə aparırlar, kəşfiyyat məlumatları toplayırlar, həm də Ermənistan vətəndaşları arasında agentlər cəlb edirlər. Avropa kəşfiyyat xidmətlərinin Ermənistan ərazisində həll etdiyi vəzifələrə NATO-nun hərbi rəqibi kimi Rusiya ilə bağlı işlər, o cümlədən Ermənistandakı Rusiya hərbi obyektlərinin iş rejimi, şərait və mümkün dəyişikliklər barədə məlumatlar toplanır. Onların statusu və yeri, Rusiya qoşunlarının zabitləri və komandanlığı haqqında ilkin məlumatlar, silahlar, hərbi texnika və yerli hakimiyyət orqanları ilə münasibətlərin mahiyyəti barədə məlumatlar dəqiqləşdirilir. Qaluzinin açıqlamaları isə rəsmi Moskvanın Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının bütövlükdə Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaqda olduğunu göstərir”. 

İqor Korotçenko qeyd edir ki, müşahidəçilər arasında Avropa İttifaqının diplomatik pasportlarına malik daha çox hərbi personalın olduğunu nəzərə alsaq, hər an missiyanın müşahidəçi polis missiyasından NATO hərbi missiyasına çevrilməsi ilə bağlı qərar qəbul edilə bilər: “İrəvan aparıcı Qərb ölkələri ilə hərbi və hərbi-texniki əməkdaşlıq da edir. Biz bilirik ki, Ermənistan  Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan praktiki olaraq gününü xarici ezamiyyətlərdə keçirir. NATO ölkələrinin müdafiə nazirləri ilə görüşlər keçirir və Avropa ordusunun müdafiə müəssisələrinə baş çəkir.  Avropa sənaye kompleksləri Ermənistana müasir hücum silahlarının tədarükü məqsədilə müqavilələr imzalamaq üçün Qərbin maraqlarına uyğun olaraq ardıcıl və itaətkarlıqla hərəkət edir”. Ekspert vurğulayır ki, Rusiya daim öz silahlı qüvvələrinin xarici kəşfiyyatdan qorunmasını təmin edir: “Qərb kəşfiyyat xidmətlərinin Ermənistan ərazisində daha fəal olub-olmamasından asılı olmayaraq, rejim məxfi tədbirləri həyata keçirilir. Yəni bütün tədbirlər kompleksi məcburi şəkildə həyata keçirilir, çünki bu, daxili sənədlərdə - Müdafiə Nazirliyinin fərman və sərəncamlarında nəzərdə tutulub. Əlbəttə ki, Ermənistana qarşı sayıqlığı artırmaq lazımdır, biz bu respublikanı düşmən əhalisi olan bir dövlət kimi görmürük. Lakin belə hərəkətlərin Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcəyi təqdirdə Rusiya Federasiyası üçün nəticələrini minimuma endirmək üzərində işləmək proses güclənir. Qeyd etmək lazımdır ki, Moskvanın İrəvana göndərdiyi siqnallar orada heç kim tərəfindən qəbul edilmir. Eyni zamanda, biz başa düşməliyik ki, Ermənistanda Rusiya hüquqi şəxslərinə məxsus biznes obyektləri var, sanksiyalar rejimi və ya məhdudiyyətlərin tətbiqi Ermənistan hakimiyyətinin Rusiya biznesinə qarşı düşmən hərəkətlərinə səbəb ola bilər. Yəni vəziyyət mürəkkəb, çoxsəviyyəli olsa da, Moskvanın Ermənistanda öz mövqelərini saxlamaq üçün istifadə etməyə çalışdığı o elementlərin nəticəsiz qaldığını söyləyə bilərik. İndi Rusiyanın maraqlarını və prioritetlərini müdafiə etmək üçün daha praqmatik, sərt və məqsədyönlü proqrama əsaslanaraq, İrəvanla bağlı bütün siyasətinə yenidən baxılmasına ehtiyac var. Rusiyanın Ermənistandakı yumşaq güc siyasəti hazırda heç bir təsirli nailiyyət əldə də bilmir”.

Tahir TAĞIYEV





Seçilən
122
18
baki-xeber.com

10Mənbələr