Rus folklorunda belə bir çoxişlək atalar məsəli var: “Ne tak straşen çort, kak eqo malyuyut”. Hərfi mənası belədir ki, şeytan heç də düşünüldüyü və danışıldığı qədər qorxulu deyil.
ABŞ-nin keçmiş və gələcək prezidenti Donald Trampa bu prizmadan baxmaq olarmı? Olar.
Öncə onu deyək ki, hansısa fors-major hal olmasa, Tramp doğrudan da bu ilin noyabrında yenidən prezident seçiləcək, gələn ilin yanvar ayının 20-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq.
Fors-major hallardan (qəza, yeni sui-qəsd, gözlənilməz xəstəlik və s.) başqa, bir də Trampı Birləşmiş Ştatların ən böyük iki partiyasından biri olan Demokratlar Partiyasının necəsə bir həmlə edib vəziyyəti dəyişməsi durdura bilər.
Belə bir şans bir az zəif olsa da, var. Məsələ ondadır ki, ABŞ demokratları amerikalıların gözündə Trampın “əcinnə” obrazını yaratmağa nail olublar. Buna Tramp özü də sıradışı açıqlamaları ilə səbəb verib.
O, son 100 ildə amerikalıların şüuruna “rus təhlükəsi”nin hakim kəsildiyini bilə-bilə Rusiyanın yenidən iki dünya hegemonundan birinə çevrilməsinə imkan verəcəkmiş kimi fikirlər bildirir, sanki Rusiyanın öz ətrafındakı dövlətləri istənilən vaxt yenidən öz müstəmləkəsinə çevirmək haqqını tanıyır, NATO-nun mövcudluğuna son qoyacağını bildirir, Avropa ölkələrini himayə etməyəcəyini, hər bir dövləti öz taleyi ilə baş-başa buraxacağını deyir.
Amerikalıların çoxu isə məhz avropalıdır. Avropa onların tarixi vətənləridir. ABŞ-də milyonlarla italyan, ingilis, fransız, irland, alman, polyak və başqa Avropa xalqlarının nümayəndələri yaşayır. Onlar qoca qitənin Rusiya təhlükəsi ilə baş-başa buraxılmasına qarşıdırlar.
Bundan başqa, Trampın yarıgizli-yarıaçıq şəkildə irqçiliyə meylli olmasına dair də qənaət var. O, Cənubi və Mərkəzi Amerika ölkələrindən ABŞ-yə axışan miqrantlara kəskin mənfi münasibət bəzləyir, ölkənin qaradərili əhalisinin hüquqlarının pozulmasına sakit yanaşır. Xatirinizdədirsə, Trampın prezident olduğu dövrdə qaradərili vətəndaşlara qarşı baş verən zorakılıq hallarına görə ölkədə böyük etiraz nümayişləri olmuşdu.
Demokratlar bu kimi detalları qabardaraq Trampın ümumxalq sevimlisi olmasına mane olurlar. İndi onlar daha sevimli, yeni, aydın fikirli, xarizmatik bir namizəd tapıb ortaya çıxarsalar və medianın gücü ilə ona “ağ atlı xilaskar oğlan” reputasiyası qazandıra bilsələr, Trampın qələbə şansını ciddi şəkildə zədələyə bilərlər.
Tramp Baydenin qarşısında güclü, ötkəm, enerjili görünür. Ortaya Obama kimi daha gənc və ağıllı biri çıxsa, dünyaya və ölkəyə olumlu mesajlar versə, xalq qoca Baydendən üz döndərdiyi kimi, qoca Trampdan da dönər, siyasət meydanında tipik Şərq düşmənçiliyi intriqası aparanların əvəzinə yeni, birləşdirici fiqura üstünlük verər.
Ancaq yenə də bu, o demək deyil ki, ABŞ demokratları bu saatdan sonra geridönüş edə bilməsələr və hakimiyyətə Donald Tramp gəlsə, hər şey hazırda əllərini bir-birinə sürtərək ona azarkeşlik edən rusların dediyi kimi olacaq: o, Ukraynanı Rusiyaya təslim edəcək, Polşanı və Baltikyanı ölkələri zərbə altında buraxacaq, Moskvanın Qafqaz ölkələrinə yenidən qoşun yeritməsinə şərait yaradacaq və s.
Bütün bunlar xəyaldır. Tramp Rusiyaya nə qədər güzəştə getsə də, ABŞ dövlətinin ümdə mənafelərinin ziyanına olan addımlar atmaz və atmayacaq. O, nə Tayvanı Çinə güzəştə gedəcək, nə İranın körfəz ölkələrini qapazlamasına imkan verəcək, nə də Rusiyanın Avropanı təhdid etməsinə şərait yaradacaq.
O, bütün bunları etsə, ABŞ dövləti o qədər zəifləyər ki, müasir Fransaya dönər. Müşahidə etdiyiniz kimi, Fransa ötən əsrlərdəki qüdrət və əzəmətini bərpa etmək üçün nə qədər səy göstərsə də, özünü dünyanın taleyini həll edənlərdən biri kimi aparmaq istəsə də, hər dəfə uğursuzluğa düçar olur.
Hələ onu da nəzərə almaq lazımdır ki, 2016-2020-ci illər arasında Tramp bir sıra ideyalarını həyata keçirə bilmirdi. Onun bir çox təşəbbüsləri ya Konqresdə, ya da Ali Məhkəmədə müqavimətlə qarşılaşırdı və Tramp gedib “Tvitter”də (indiki X sosial şəbəkəsi) giley dolu status yazırdı. Adam öz ölkəsinin KİV-i ilə bacarmırdı.
O baxımdan Trampın yenidən seçiləcəyi təqdirdə ABŞ-də diktatura bərqərar edəcəyi, ksenofobiya siyasəti yeridəcəyi, ölkədə vətəndaş qarşıdurmasına səbəb olacağı, Rusiyanın şişməsinə kömək edəcəyi barədə deyilənlər, yazılanlar xeyli dərəcədə şişirdilib, seçki kampaniyasının “qara piar”ıdır.
Sadəcə, Trampın ikinci prezidentliyi nə ABŞ, nə də dünya üçün xoşbəxt gələcək vəd etmir. Bu qədər hirs-hikkəylə, dağıdıcılıq enerjisi ilə o, qurub-yaratmağa, inkişafa yox, gərginliklərə, tənəzzülə səbəb olacaq.
SSRİ-nin sonunu qoca rəhbərlər gətirmişdi, ona görə də bu hekayəti bilən ABŞ siyasiləri 80 yaşlı qoca siyasətçilərdən qurtulmalıdır.