Xəbər verildiyi kimi, Rusiyanın Ukraynaya qarşı son kütləvi raket hücumundan sonra Prezident Volodimir Zelenski Ukraynanın özünün ilk ballistik raketini hazırladığını və sınaqdan keçirdiyini bəyan edib. Xüsusilə də onun Rusiyanın son zərbəsinə mütləq cavab veriləcəyinə dair açıqlaması fonunda yeni ballistik raketlə bağlı bəyanatı maraq doğurur.
“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko sözügedən ballistik raketlərlə bağlı bəzi xarakteristikaları açıqlayıb. Kovalenkonun sözlərinə görə, bu raketi yaradan zaman ukraynalı mütəxəssislər böyük ehtimalla “Qrom-2” layihəsinin təcrübəsindən istifadə ediblər.
“RBC-Ukrayna” üçün bu məsələni şərh edən Kovalenko qeyd edib ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından əvvəl Ukraynada “Qrom-2” ballistik raketinin yaradılması üzərində iş gedirdi. Onun sözlərinə görə, müharibə ərəfəsində bu layihənin tam həyata keçirilməsinə bir addım qalmışdı və müharibə başlayandan sonra da bu iş davam etdirilib: “Ola bilsin ki, indi bu raket tamamilə fərqli bir ada, fərqli xüsusiyyətlərə malik olsun. Lakin bu yeni modifikasiyada həmin raketin(“Qrom-2”) hazırlanması təcrübəsindən istifadə edilib”.
Ekspertin sözlərinə görə, əgər yeni raket həqiqətən də “Qrom-2”-nin bazasında hazırlanıbsa, o zaman onun uçuş məsafəsi 500 kilometrə çata bilər. Operativ-taktiki raketlər üçün bu məsafə orta səviyyə hesab olunur: "Bu, məsələn, Moskva ətrafında, hətta Moskvanın özündə olan hədəfləri vurmaq imkanı verir. Biz indi silahlarımızın ümumi xüsusiyyətlərini yaxşılaşdırmaq üçün həqiqətən fenomenal göstəricilər nümayiş etdiririk. Bu baxımdan(yeni raketin) göstəriciləri daha yüksək ola bilər”.
Kovalenkonun fikrincə, belə bir raket Ukraynaya təxminən 5 milyon dollara başa gəlir. Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, Ukrayna hələlik bu raketlərin kütləvi istehsalını təşkil edə bilməsə də, onları məhdud sayda istehsal edərək, müharibədə Rusiyaya qarşı istifadə edə bilər. Gözlənilir ki, Qərbin öz silahları ilə Rusiyanın dərinliklərinə zərbə vurulmasına qoyduğu qadağa fonunda bu raketlər müəyyən dərəcədə Ukraynanın işinə yarayacaq.
C.Məmmədov
“AzPolitika.info”