Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Üç ay boyunca dincələn şagirdləri yenidən 9 ay davam edən təlim-tədris prosesi gözləyir. Bu il ərzində kimisi təhsil həyatını başa vurur, kimisi isə təhsil həyatına yeni qədəm qoyur.
Rəsmi məlumatlara görə, mayın 1-dən avqustun sonlarınadək artıq 127 mindən çox uşaq I sinfə qəbul edilib. Yəni təxminən 130 min uşaq yeni həyatla qarşılaşacaq, xeyli sayda yeniyetmə də təhsilini davam etdirəcək.
Bəs şagirdlər yenidən məktəbə qayıtmağa psixoloji cəhətdən hazırdırlarmı? Birinci sinfə gedəcək şagirdləri məktəb həyatına necə hazırlamalıyıq?
Mövzuya münasibət bildirən psixoloq Gülər Məmmədova Bizim.Media-ya deyib ki, yayı əyləncə ilə keçirən uşaqların məktəbin ab-havasına uyğunlaşması asan olmur:
“Orta məktəbə gedən uşaqlar yaşından asılı olaraq müəyyən çətinliklər çəkirlər. Birinci sinfə gedən uşaqların maraq dairəsi geniş olduğu halda digər siniflərin, xüsusilə, ibtidai sinif şagirdləri məktəbə getmək istəmirlər. Çünki bütün yayı valideyn, nənə-baba, dost-tanış yanında daha çox vaxt keçiriblər və məktəb ab-havasından uzaqlaşırlar. Oyun oynamağa daha çox vaxt ayırdıqları üçün təhsil alma prosesinə çox əhəmiyyətsiz yanaşırlar”.
O qeyd edib ki, valideynlər məktəblə bağlı uşaqlarına pozitiv məlumatlar verməlidirlər:
“Valideynlər zaman-zaman məktəbdən tələb olunan tapşırıqları unutmamalıdırlar. Ara-sıra uşaqlarla məşğul olmaq lazımdır ki, məktəbə getmə prosesində də rahat adaptasiya ola bilsinlər. Məktəbin başlamasına sayılı günlər qalıb. Birinci sinfə gedənlər çox həvəslə hazırlaşırlar, çünki onlar üçün hər şey yenidir, onlar oyun fəaliyyətindən təlim-təhsil həyatına qatılırlar. Yuxarı siniflərdə təhsil alan şagirdlərin qayğıları, təhsil prosesində məsuliyyətləri, onlara qoyulan tələb artdığı üçün bir qədər çətinlik yaşayırlar.
Valideynlər evdə uşaqları ilə ünsiyyətdə olarkən məktəb həyatını tələbkarcasına, qadağalar qoymaqla izah eləməməlidir. Çünki məktəb həyatında alınan təhsil daha çox əyləncə şəklində olmalıdır.
Ata və ana övladına təhsilin onun gələcəyinin işıqlı olması üçün lazım olduğunu izah etməlidir, 11 illik təhsil uşaqlar üçün ağır yük olmamlıdır. Bəzən valideynlər o qədər tələbkar olub, uşaqları dərsdən əlavə tapşırıqlarla yükləyirlər, bunun hamısının öhdəsindən gəlmək onlar üçün çətinlik yaradır. Onlar təhsildən uzaq qaçmaq, zehni fəaliyyət deyil oyuna üz tuturlar. Yəni dərs həyatı uşağın psixi inkişafına mane olmamalıdır”.