“Dinamo”nun futbolçusu Sami Mmae Sportinfo.az-a müsahibə verib.
Zaqreb təmsilçisinin mərakeşli müdafiəçisi komandasının Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” üzərində qazandıqları 2:0 hesablı qələbə ilə bağlı sualları cavablandırıb.
- Bayaqdan müşahidə edirəm, sevincinizin həddi-hüdudu yoxdur. Sabki Bakıda qələbə qazanacağınızı gözləmirdiniz.
- Yox, niyə ki? Bura gücümüzə inanaraq gəlmişdik və istəyimizə çatacağımıza şübhə etmirdik. Fikrimcə, bizim yerimizdə hansı komanda olsaydı, eyni cür sevinərdi. Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyi kim sakit qarşılayar? Nəticədən və göstərdiyimiz oyundan məmnunuq.
- Vaxtilə “Ferentvaroş”un heyətində qarşılaşdığın “Qarabağ”ı ümumi hesabda 5:0 hesabı ilə udacağınızı təxmin edirdin?
- “Ferentsvaroş”da olanda buraxdığımız səhvləri təkrarlamaq şansımız yox idi. Uşaqlara demişdim ki, bu komandaya qarşı çox diqqətli olmalıyıq. “Qarabağ” topla oynamağı sevən, ustalıq səviyyəsi yüksək olan futbolçulara sahib komandadır. Rəqibi yaxşı analiz edib, boşluqlarını tapmışdıq. Hansı anda nə etmək lazım gəldiyini bilirdik. Amma deyim ki, hesab 5:0 olsa da, bu, bizə heç də asan başa gəlmədi. Çox əziyyət çəkdik.
- “Qarabağ”ın boşluqları hansı nöqtələrdə idi?
- İlk növbədə fikrimiz topda olmalıydı. Top hardadırsa, həmin mövqeni “bağlamalıydıq”. Ən kiçik ərazidən çıxıb təhlükə yaratmağı bacarırlar. Ona görə də topu rahat qəbul edib, hərəkət etmələrinə imkan verməməliydik. Juninyo, Zubir, Andrade və Benzia müdafiə xəttinin arxasına atılan toplara qaçıb zərbə vururlar. Bu gün də bir-iki epizodda bu yolla təhlükə yaratdılar. Bir az boşluq versəydik, yaxud diqqətsiz olsaydıq, inanın, bir neçə qol vurardılar bizə.
HƏBİB