Laçın və Füzulidə “Smart DOST”
İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri çərçivəsində bu il Laçın və Füzuli şəhərlərində də “Smart DOST” məntəqələri yaradılacaq. Bu barədə məlumat aldığımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə hazırlıq işləri aparılır.
Qeyd edək ki, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilir.
DOST agentləri məntəqəyə daxil olub müraciət edən vətəndaşlara xidməti onlayn qəbul sistemi vasitəsilə virtual olaraq həyata keçirirlər.
Agentlik beynəlxalq mükafat alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, DOST Agentliyi “Ən yaxşı sosial təsir” kateqoriyasında İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatına layiq görülüb.
ABŞ-də yerləşən “Brandon Hall Group” tərəfindən təşkil olunan müsabiqəyə sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri sahələrində DOST xidmətlərinin göstərilməsində, eləcə də bərabərliyin və inklüzivliyin təmin olunmasında “Könüllü DOST” proqramının təcrübəsi təqdim olunub.
30 ildir fəaliyyət göstərən “Brandon Hall Group” insan kapitalının idarə edilməsi üzrə təhlil və araşdırmalar aparan, sertifikatlar və qabaqcıl təcrübələrə görə Mükəmməllik Mükafatları təqdim edən və peşəkar inkişafı dəstəkləyən, bu sahədə qabaqcıl təcrübələri təbliğ edən təşkilatdır.
Mükafatın təqdimetmə mərasimi 2025-ci ilin yanvar ayında ABŞ-nin Florida ştatının Uest Palm Biç şəhərində keçiriləcək.
Zərifə HÜSEYNOVA
XQ