EN

Rusiya əmək miqrantlarına yeni qadağalar tətbiq edəcək

Miqrasiya qanunvericiliyi sahəsində sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var


  Rusiyada əmək miqrantlarına yeni qadağaların tətbiq edilməsinə dair bir neçə aydır davam edən müzakirələr yenidən gündəmə gəlib. 
Dövlət Dumasının sədri Vyaçeslav Volodin sözügedən məsələ barədə danışıb və ölkədə işləyən əmək miqrantlarının ailələrini özləri ilə gətirmək imkanına qarşı çıxış edib.  Onun sözlərinə görə, Rusiya qanunvericiliyində aşağı ixtisaslı əmək miqrantlarına ailələrini özləri ilə gətirməyə imkan verən boşluq aradan qaldırılmalıdır: “Ölkəyə gələn əcnəbiyə görə məsuliyyəti onu dəvət edən müəssisə daşımalıdır. Bununla belə, buraya işləmək üçün gələn aşağı ixtisaslı kadrlar, miqrantlar özləri ilə ailələrini gətirməməlidirlər. Qanunvericilikdə miqrantlara özləri ilə yaxınlarını gətirməyə imkan verən boşluq mövcuddur, buna görə də, hazırda bu məsələ müzakirə edilir”.
  Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediasında yayılan məlumata görə, Dumanın Liberal-Demokrat Partiyası fraksiyasının deputatları parlamentin Aşağı palatasına Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarına ölkəyə ailələrini gətirməyə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Layihə müəlliflərinin sözlərinə görə, qanun qüvvəyə minərsə, əcnəbinin əmək müqaviləsi və ya patenti ölkəyə öz ailəsini gətirməyə əsas verməyəcək. 
  Ötən ay da Rusiya Daxili İşlər Nazirliyi 2023-cü ildə Rusiyada olan əmək miqrantlarının sayı ilə bağlı məlumat yaymışdı. Statistik məlumatda bildirilmişdi ki, ölkədə iş məqsədilə gələn təqribən 3,5 milyon qanuni əcnəbi vətəndaş olub. Onların əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.
  Azərbaycandan da Rusiyada işləmək üçün gedən vətəndaşların sayı kifayət qədərdir. Belə ki, Rusiyanın müvafiq qurumlarının verdiyi məlumata görə, hazırda ölkədə əmək müqaviləsi ilə işləyən azərbaycanlıların sayı təqribən 200 min təşkil edir.
  Rusiyada müzakirə olunan bu məsələ Azərbaycan ictimaiyyəti üçün də kifayət qədər aktual məsələ olduğundan  dünən Bakıda “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib. 

 Bu barədə “Sherg.az”a açıqlama verən Birlik sədri Azər Allahverənov deyib ki, seminar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Birlik tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində  baş tutub:

- “Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri” mövzusunda təşkil olunan seminarda miqrantlarla yaxından işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
İcra olunan layihə barədə qısa məlumat verən Azər Allahverənov icra olunan layihənin məqsəd və vəzifələri, həyata keçirilən fəaliyyətlər və icrası nəzərdə tutulan işlər barədə danışıb. Bildirib ki, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş şəkildə təşviq olunması üçün miqrasiya qanunvericiliyi sahəsində sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Xüsusilə vurğulanıb ki, həmin tədbirlər həm qeyri-hökumət təşkilatları, həm də miqrant qrupları arasında hədəfli şəkildə icra olunmalıdır. 
  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin meneceri Natiq Lahıcov miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə icra olunan hazırkı layihənin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, miqrasiya sahəsində maarifləndirmə tədbirləri bütövlükdə maraqlı tərəflərin, xüsusilə də hədəf qruplarının maraqlarına cavab verir və son nəticədə ölkədə təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş vüsət almasına səbəb olur. 
  Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə nəzər salıb, həmin sənədlərdə yer alan müddəalara və onlardan irəli gələn məsələlər haqqında danışıb. 
  Tədbirdə iştirak edən digər  hüquqşünaslar  da miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, aktuallığı ilə xarakterizə edilən məsələlərə toxunublar. İnteraktiv qaydada keçirilən müzakirədə miqrantların hüquqi statusu, əmək fəaliyyəti, ölkə ərazisində qalma və yaşama icazələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
84
32
sherg.az

10Sources