EN

Azərbaycanda son 4 ildə ekoloji cinayətkarlıq nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Azərbaycanda

Bakı, 6 sentyabr, AZƏRTAC

“2020-ci ildə təsis olunandan sonra Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində 940-dan çox cinayət xarakterli məlumatlara baxılıb. Məlumatlara baxılmanın nəticəsi olaraq 4 il ərzində 530 cinayət işi başlanılıb”.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev Bakıda keçirilən “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfransda “İqlim dəyişikliyinin önlənməsində ekoloji cinayətkarlıqla mübarizənin rolu: milli kontekst” mövzusunda çıxışı zamanı deyib.

E. Musayev bildirib ki, həmin cinayət işləri üzrə dəymiş ziyanın dəyəri 53 milyon manat olub.

“Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin həyata keçirdiyi fəaliyyət nəticəsində dövlətə dəymiş ziyanın ödənilməsi isə 5 milyon 848 min manat olub. Təkcə 2024-cü ildə İdarənin fəaliyyəti nəticəsində 118 cinayət işi başlanılıb. Həmin cinayət işləri nəticəsində ölkəmizə, cəmiyyətimizə 8 milyon 237 min ziyan dəyib. Araşdırma dövründə dəymiş ziyanın 1 milyon 292 min 569 manatı ödənilib. Ən böyük iş üzrə dəymiş ziyanı nəzərdən keçirsək, deyə bilərəm ki, dağ-mədən işləri ilə bağlı ziyanlar bəzən milyonlarla ölçülür. Lakin digər növ cinayətlər yaşıllıqların məhv edilməsi, kəsilməsi, qanunsuz götürülməsi ilə bağlıdır. Dövlətə dəymiş ən böyük ziyan 387 min manat, orta ziyan isə 13 min manat təşkil edib. 387 min manat ziyan təqribən 200-dən 400-ə qədər 60-70 yaşında olan, uzun illər əvvəl bitmiş, cəmiyyətimizə fayda gətirmiş ağacların kəsilməsi deməkdir. 13 min manat dəyərindəki ziyan isə konkret fakt üzərində deyə bilərəm ki, Gəncə şəhərində 100 yaşlı ağacın kəsilməsidir”, - deyə İdarə rəisi vurğulayıb.

E. Musayev əlavə edib ki, prokurorlar 4 il ərzində 1000-ə yaxın inzibati xəta ilə bağlı iş üzrə icraat başladıblar.

"Həmin işlərin təqribən 130- u sırf ekoloji hüquqpozmalara bağlı olub. Bu qanunsuz olaraq yaşıllıqların, ağacların kəsilməsi, qanunsuz balıq ovu, ov və digər hüquqpozmalarla bağlıdır", -deyə o diqqətə çatdırıb.

Chosen
184
50
azertag.az

10Sources