EN

Moldova Türkiyə üzərindən qaz almağa hazırlaşır

Moldova gələn qışda qaz və elektrik enerjisi ilə təmin olunacaq.

Musavat.com xəbər verir ki, bunu ölkənin energetika naziri Viktor Parlikov TV8-ə deyib.

O bildirib ki, əgər Ukrayna öz ərazisindən qaz tranziti ilə bağlı müqaviləni yeniləməsə, nəql Türkiyə üzərindən alternativ marşrutlarla həyata keçirilə bilər: “Bəli, bu nəqlin pulunu ödəməli olacaqsınız, qaz daha baha olacaq, amma qaz da olacaq, elektrik enerjisi də”.

Nazir xatırladıb ki, hazırkı razılaşmaya əsasən, qazın Moldova ilə sərhədə nəql xərclərini “Qazprom” ödəyir: “Dnestryanı bölgə qaz tədarükü üçün əvvəlki şərtləri saxlamaq istəyir. Əgər Qazprom bu əlavə nəqliyyat xərclərini “Moldovagaz” ödəməlidir deyəcəksə, o zaman xərcləri Dnestryanı bölgə ödəməli olacaq”.

Parlikovun sözlərinə görə, hazırda bu məsələlər Dnestryanı bölgə ilə müzakirə olunur və sorğular “Qazprom”a da göndərilib: "Hələlik nə cavab var, nə də yekun qərar. Hər şey Rusiya qazının Ukrayna ərazisindən tranzit keçib-keçməyəcəyindən asılıdır. Əgər "Qazprom" nədənsə Dnestryanıya qaz çatdırılmasını davam etdirməkdən imtina edərsə, biz alternativ mənbələrdən nəqli təmin edə biləcəyik”.
Nazir Dnestryanı bölgənin Rusiya qazına olan borcunun artıq 10 milyard dolları keçdiyini qeyd edib.

O, həmçinin bildirib ki, “Moldovaqaz” və “Enerqokom” dövlət şirkəti qanunun soyuq dövrə qədər illik istehlakın 15 faizi həcmində qaz ehtiyatının yaradılmasını nəzərdə tutan müddəalarına əməl edir: “Hazırda tələb olunan 150 milyon kubmetr qazın təxminən 100 milyon kubmetri Rumıniyada saxlanılır. Problem Rumıniyanın anbarlarının hazırda dolu olmasıdır. Biz Ukraynadakı anbarlara qaz toplamaq məsələsində tərəddüd edirik”.

Nazir əmin edib ki, əhali üçün enerji tarifləri ilin sonuna qədər dəyişməz qalacaq. O, həmçinin tariflərin prezident seçkiləri öncəsi azaldıla, sonra isə yenidən qaldırıla biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Musavat.com

Chosen
142
1
musavat.com

10Sources