EN

“Rusiya məğlub olmadıqca, müharibə dayanmayacaq” - MÜSAHİBƏ

“Yeni dünya nizamında Rusiya idarə edənlərin deyil, idarə olunanların arasında olacaq”.

Bu sözləri siyasi şərhçi Əli Mustafa “Cümhuriyət”-ə müsahibəsində deyib.

"Cebheinfo.az" müsahibəni təqdim edirik:

- Əli bəy, Ukrayna artıq çox uzun müddətdir ki, Rusiyanın Kursk vilayətini ələ keçirib. Necə düşünürsünüz, Rusiya nə üçün Kurskdan Ukrayna hərbçilərini çıxara bilmir?

- Əslində, Ukraynanın Rusiyada ələ keçirdiyi ərazilər artıb. Demək olar ki, hazırda 100-dən çox kənd Ukraynanın işğalı altındadır. 

Təxminən 1400 kilometrlik bir ərazidən bəhs edirik. Bu gün Rusiyanın Kurska ciddi müqavimətlə üzləşməsi Ukraynanın orada kifayət qədər gücünün olduğunu deməyə əsas verir. Deməli, Rusiyanın hərbi gücü bu qədərdir. Bəlkə də Ukrayna Kurska müvəqqəti olaraq daxil olmayıb və oranı nəzarətdə saxlamaqda israrlıdır. Hətta oradan Rusiyanın dərinliklərinə doğru irəliləmək istəyə bilərlər.

- Yəni Rusiyanın gücü Ukraynanı Kurskdan çıxarmağa çatmır?

- Bu gün Rusiyanın real gücü nəyə çatırsa, onu da edir. Ruslar 2,5 ildir ki Ukraynada müharibə aparırlar. Hərçənd ki, Kremlin hədəfi qısa müddət ərzində Kiyevə qədər işğal etmək və Ukraynada hakimiyyəti dəyişmək idi. Rusiya gücü hara qədər çatıbsa, ora qədər gedib. Ukraynanın da gücü nəyə çatırsa, onu edir. Üstəlik, Rusiyanın gücü artıq azalmağa doğru gedir. Ona görə də orduya yeni adamlar cəlb etməyə məcburdur. Əhali isə artıq döyüşmək istəmir.  Ona görə də başqa millətlərdən olan kişiləri qanunsuz və məcburi şəkildə müharibəyə göndərirlər. 

- Bəs Ukraynanın Kurskdan geri çəkilmə ehtimalını necə dəyərləndirisiniz?

- Rusiya gücünü toplaya bilsə, Ukraynanı öz ərazilərindən çıxara biləcək. Lakin Ukrayna özü heç vaxt geri çəkilməyəcək. Əksinə, onlar Kursku, Belqorodu və Rostovu qədim Ukrayna torpağı adlandırırlar. Vaxtilə Rusiyanın etdiyini indi Ukrayna edir. Yəni Ukrayna da Kurskda yaşayan əhalisini qorumaq üçün əməliyyata başladığını elan edib. Bu səbəbdən də çəkilmə ehtimalı yoxdur.

Rusiyanın da, Ukraynanın da gücü sonsuz deyil və mütləq bunun sonu olacaq. Üstəlik, Rusiyanın kömək alacağı ölkələrin sayı çox azdır.  Bu səbəbdən məhz İran və Şimali Koreya kimi ölkələrdən dəstək alırlar. Halbuki, onların da silahları müasir standartlara cavab vermir. Eyni zamanda, Rusiya sanksiya altında olduğu üçün dəstəkləri belə gizlin formada alır. Buna baxmayaraq, Ukraynaya açıq şəkildə dəstək verilir. Çünki Rusiya onun ərazi bütövlüyünü və suverenliyini pozub. 

Rusiya beynəlxalq qanunları pozaraq başqasının ərazisinə təcavüz edir. Bu gün 50-dən çox dövlət Ukraynaya silah-sursat verir.  Rusiyanın getdikcə resursları tükənir, Ukraynanın gücü isə artır. Hesab edirəm ki, proses Ukraynanın xeyrinə dəyişəcək.

- Rusiya tərəfi Ukraynanın Kursku işğal etdiyini deyir. Həmçinin, rəsmi Moskva Ukrayna ilə özlərinin etdikləri arasında fərq olmadığı, amma ukraynalılara beynəlxalq təzyiq göstərilmədiyi yönündə bəyanatlar verir. Bu barədə nə düşünürsünüz? Həqiqətən tərəflərin bir-birinə qarşı atdıqları addımlar eynidir?

- Ukrayna və Rusiyanın etdiyi ilə eyni deyil. Çünki təcavüzə məruz qalan tərəf təcavüzkara qarşı hər şeyi edə bilər. Vaxtilə Almaniya SSRİ-yə hücum etmişdi, hamı almanların təcavüzkar olduğunu dedi. 

Sonra isə ruslar Berlinə qədər gedib çıxdı. Lakin heç kim rusların təcavüzkar olduğunu demədi. Yəni Ukraynanın təhlükənin qarşısını alma haqqı var. Ukrayna öz təhlükəsizliyinə təhdid yaradan legitim hədəfləri vurur. Bəlkə Ukrayna da mülki şəxsləri vurur, beynəlxalq qanunları pozur, amma müharibəni Rusiya başladıb. Ümumi olaraq isə Ukrayna Rusiyanı sülhə məcbur etmək üçün bu addımları atır.

- Bütün bunlara rəğmən, Moskva ilə Kiyev arasında sülh danışıqları başlaya bilər?

- Yaxın perspektivdə tərəflər arasında danışıqların başlaması gözlənilmir. Lakin bu məsələ vəziyyətdən və tərəflərin meydandakı gücündən asılıdır. Sülh danışıqları barədə bəyanatlar isə sadəcə olaraq siyasi gedişlərdir. Buna baxmayaraq, Ukrayna çalışır ki, Rusiyanı elə böyük məğlubiyyətə uğratsın ki, Kreml sülh danışıqlarına başlamağa məcbur olsun. 

Rəsmi Kiyev istəyir ki, rusların hücum etmək və müharibəni davam etdirmək imkanları olmasın. Ukraynanın addımları da sırf bu istiqamətdə atılır. Hətta Ukrayna Rusiyanın Kurskdan hücuma keçəcəyi üçün əməliyyatlara başladığını açıqlayır. Təbii ki, Ukraynanın Kursku ələ keçirməsi həm də gələcəkdə danışıqlar masasına əlinin güclü şəkildə getməyi üçün atılan addımdır.

- Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını proqnozlaşdırırsınız?

- Hazırda Rusiyanın əlində sadəcə nüvə silahı var. Ondan da artıq heç kim qorxmur. Hamı bilir ki, Prezident Vladimir Putinin hədələri sadəcə blefdir. Ümumiyyətlə, Rusiyanın nüvə silahından istifadəyə gücü və cəsarəti çatmaz. Ona görə də artıq Kremlin nüvə silahı ilə bağlı iddiaları dünyada ciddi qəbul olunmur. 

Hesab edirəm ki, yeni dünya nizamında Rusiya idarə edənlərin deyil, idarə olunanların arasında olacaq. Qərbin Ukrayna müharibəsinə bu qədər pul xərcləməsinə də səbəb budur. Onlar Rusiya imperiyasını tarixin arxivinə göndərmək istəyirlər. Daha dəqiq desək, Rusiyanı imperiyadan dövlətə çevirməyi hədəfləyirlər.

Moskva ilə Qərb arasındakı qüvvələr nisbəti də bunu etməyə imkan verə bilər. Buna görə də Ukraynadakı müharibənin Qərbin qələbəsinə qədər davam edəcəyini düşünürəm. Rusiya məğlub olmadıqca, müharibə dayanmayacaq. Nəzərə almaq lazımdır ki, döyüşlərin birinin son olması mümkündür. Bu isə hər an baş verə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
50
cebheinfo.az

10Sources