EN

1-ci sinfə gedən uşaqların sayı azalır

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
  
  
Bu statistika ölkəmiz üçün xoşagəlməz bir problemin carçısıdır
 
Ekspert bildirib ki, uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq
 
 
 Bu il 1-ci sinfə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Rəsmi məlumata görə, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Rəqəmlər problemin nə qədər aktual və narahatedici olduğunu göstərir. Maraqlıdır, əhalinin ümumi artımında müsbət dinamika müşahidə olunursa, uşaq sayı niyə azalır.
 Ekspertlərin fikrincə, ötən illərlə  müqayisədə bu  il birinci sinfə gedən uşaqlar arasındakı kəskin  fərqi şərtləndirən əsas amil  ailə institutunun, dayanıqlı ailə ilə bağlı olan adət-ənənələrimizin deqradasiyaya məruz qalmasıdır.
 Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ çox ciddi yanaşma tələb edir: "Xüsusilə bu azalma bölgələrdə özünü nəzərəçarpacaq dərəcədə göstərir. Sözügedən məsələ ilə ciddi məşğul olmasaq, gələcəkdə çox ciddi problemlərlə üz-üzə qalacağıq".  
Millət vəkilinin sözlərinə görə, şagirdlərin azalmasına səbəb boşanmaların sayının artmasıdır: “Hesab edirəm ki, bu məsələ çox aktual mövzudur. Biz bu məsələyə ciddi şəkildə yanaşmalıyıq. Xüsusilə də, bölgələrdə bu azalma özünü nəzərəçarpacaq dərəcədə göstərir. Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu var ki, onların əsas funksiyalarından biri də, bu kimi məsələlərim araşdırılmasıdır. Bu məsələlərlə ciddi məşğul olmasaq, gələcəkdə çox ciddi problemlər yaşayarıq. Ümumi ailələrə nəzər yetirdikdə, indiki dövrlə müqayisədə əvvəlki dövrdə bir ailədə 10,6 övlad, yavaş-yavaş azalaraq 4,3 və artıq iki bəzi ailələr isə yalnız bir övladla kifayətlənirlər. Bu da aktual problem kimi son zamanlar özünü açıq-aydın göstərir. Əsas səbəblərdən biri isə cəmiyyətimizdə boşanmaların sayının artması, bəzi gənclərin evlənməyə meyil göstərməməyidir. Onlar düşünürlər ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmamaq daha yaxşıdır. Gənclərin bu formada məsələyə yanaşması,  ciddi çətinliklər yaradacaq. Düşünürəm ki, bu istiqamətdə təbliğata və maarifləndirməyə də çox böyük ehtiyac var.  Biz məsələnin daha da ağırlaşmasını gözləməməliyik”.

 Təhsil eksperti Kamran Əsədov isə “Sherg,az”a açıqlamasında deyib ki, son 7 ildə Azərbaycanda 1-ci sinfə başlayan şagirdlərin sayında əhəmiyyətli azalma müşahidə olunur. Onun sözlərinə görə, 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinfə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə qədər azalıb:

“Bu isə 32,262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20 faiz azalma baş verib. Bu tendensiya çox ciddi demoqrafik problemlərə işarə edir və bir sıra təhlükələr yaradır. Hər il təxminən orta hesabla 4,5 faiz azalma qeydə alınır. 7 il ərzində birinci sinfə gedən uşaqların sayı 32 min nəfər azalıb. Bu azalma davam edərsə, təxminən 10 ildən sonra bu rəqəmin daha da aşağı düşəcəyi gözlənilir”.

 K.Əsədovun sözlərinə görə, hazırkı azalma sürətinə əsasən, birinci sinifə gedən uşaqların sayının 10 il sonra daha da azalması gözlənilir. Əgər orta illik azalma nisbətini nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra birinci sinfə qəbul olan uşaqların sayı 100,000 nəfərdən aşağı düşə bilər:
“Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər. Mövcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Məktəblərdə siniflər dolmayacaq və resurslar tam istifadə edilməyəcək”.

 Təhsil eksperti həmçinin qeyd edib ki, uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq: 
“Bu da sosial təminat sistemlərinə və səhiyyə sektoruna ciddi təzyiqlər yarada bilər. Gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldar. Fikrimcə, uşaqların sayının azalmasının qarşısını almaq üçün ailələrə dəstək proqramları tətbiq edilməli, doğum səviyyəsini artırmaq üçün stimullar verilməlidir. Xaricdən işçi qüvvəsi cəlb etmək və ya əhalinin azalmasının qarşısını almaq üçün miqrasiya siyasətlərinə diqqət yetirilməli və müvafiq addımlar atılmalıdır. Bu azalma Azərbaycan üçün uzunmüddətli sosial-iqtisadi təsirlər yarada bilər. Ona görə də diqqətli şəkildə qiymətləndirilərək, uyğun tədbirlər görülməlidir”.
 
Sosioloq, professor Əhməd Qəşəmoğlu isə açıqlamasında qeyd edib ki, bu statistika ölkəmiz üçün xoşagəlməz bir problemin  carçısıdır. Onun fikrincə, əhalinin maddi rifahının aşağı düşməsi, işsizlik kimi amillər də bu tendensiyada rol oynayır:

 “Amma ailələrin birdən artıq uşaq istəməməsinin səbəbi sadəcə iqtisadi amillər deyil, mənəvi-psixoloji amillərdir. 100 il bundan əvvəl  əhalinin iqtisadi vəziyyəti indikindən qat-qat ağır idi, amma hər ailədə azı 5-6 uşaq vardı”.

Sosioloqun sözlərinə görə, ötən illə  müqayisədə bu  il birinci sinfə gedən uşaqlar arasındakı kəskin  fərqi şərtləndirən əsas amil  ailə institutunun, dayanıqlı ailə ilə bağlı olan adət-ənənələrimizin deqradasiyaya məruz qalmasıdır: 
“Boşanmaların sayı sürətlə artır. Boşanan ailələrdə isə adətən bir uşaq olur və  ailə dağıldığı üçün də ikinci uşaq ehtimalı aradan qalxır. Təkcə boşanmış  ailələrdə yox, gərgin münasibətlərdə yaşayan ailələr də ikinci uşaq istəmir. Bir gündə 59 nikah pozulursa, bundan qat-qat artıq  ailələrdə gərgin münasibətlər var.  Belə ailələrin də  hər an dağılma ehtimalı  olduğu üçün ikinci, üçüncü uşağa qarşı etinasızlıq yaranır. Yəni mümkün boşanma ehtimalını nəzərə alıb minimum uşaq sayı ilə kifayətlənirlər. Çox təəssüf ki, bugünkü ailələrimiz insanlara mənəvi rahatlıq vermir. Əksəriyyət üçün ailə məcburiyyət, əlavə yükdür. Əvvəllər ailə  bir insan üçün hər şey, həyatının mənası idi. İndi isə ailəyə mənasız, yardımçı bir institut kimi baxırlar. Ailələr arasında ciddi maarifləndirmə işi aparılmalı, insanların ailəyə münasibəti dəyişməlidir. Axı uşaq təkcə ailənin deyil, həm də dövlətindir. Düşünürəm ki, problemi qabaqlamaq üşün elmi əsaslara söykənən fəaliyyət proqramı hazırlanmalıdır. Üçuşaqlı ailə modeli təbliğ olunmalı, dövlət buna lazımi şərait yaratmalı, valideynlər sağlam və elmli uşaq böyütməyə çalışmalıdır. Söhbət  3-5 manat uşaq pulu verməkdən getmir. Dövlət həm maddi, həm mənəvi cəhətdən ailəyə kömək olmalıdır. Uşaqların bütün yükünü ailənin üzərinə atmaq da doğru deyil. Əks halda ortaya bu cür arzuolunmaz nəticələr çıxır. Gözlənilən demoqrafik problemi önləmək üçün məsələyə yeni yanaşma olmalıdır. Humanitar siyasət  dəyişməlidir. Elə bir sosial siyasət proqramı qurulmalıdır ki, hər ailədə ən azı 3 uşaq  olsun. Əks halda ailələrdə gərginlik artdıqca, Azərbaycan xarici miqrantların axınına məruz qala, əhali etnik tərkibini dəyişə bilər. Bu gün oğlan uşaqlarının bir qismi təhsil və ya iş ardınca ölkəni tərk edir. Bu isə yaxın onilliklərdə ordunun komplektləşməsinə və ailə institutuna mənfi təsir göstərəcək”.
Chosen
110
28
sherg.az

10Sources