EN

ABŞ-nin SENSASİON PLANINDA Azərbaycan da var - Erməni kartı AÇILIR!

Bakıdan Ermənistana xəbərdarlıq: “KTMT-dən çıxıb Qərbin qucağına düşmək” o qədər də asan məsələ deyil"; Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi?

Son zamanlar Ermənistanın riskli oyunlara baş vurması, böyük aktorların əlində oyuncağa çevrilməklə təkcə özünü deyil, bütövlükdə bölgəni od-alovun içərisinə atmaq cəhdləri açıq-aydın müşahidə edilməkdədir. Vəziyyətin kritikliyini Ermənistandakı az-çox ağıllı ekspertlər də etiraf edirlər.

Nikol Paşinyan və komandası Azərbaycanın təklif etdiyi 3+3 formatında iştirakdan bir sıra hallarda yayınmaqla Qərbdəki havadarlarının sifarişlərini icra edirlər. Lakin İrəvanda hələ də anlamaq istəmirlər ki, bu format faktiki olaraq regionu xilas düsturudur, əks halda, Cənubi Qafqazda rahatlıq, rifah, təhlükəsizlik təmin olunmayacaq, yaxud da olduqca kövrək olacaq.

“ABŞ-ın Cənubi Qafqazdakı maraqları Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir”.

Bu barədə “Past” qəzeti yazıb. Erməni nəşri bildirir ki, son zamanlar ABŞ mediası və ekspert dairələri Cənubi Qafqaza maraqlarını artırıb: “Diqqətçəkən məqam budur ki, bu nəşrlərin konteksti əsasən eynidir. Məsələn, bu yaxınlarda Amerika nəşrlərindən birində "Supergüclərin rəqabəti Qafqaza daxil olur" başlıqlı məqalə dərc olunub. Bu nəşr ona görə diqqət çəkir ki, müəllifləri Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir adamın rəhbərlik etdiyi tanınmış amerikalı ekspertlərdir. Söhbət Dövlət Departamentinin baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Təhlil Ermənistanın KTMT-dən çıxması və Qərbə inteqrasiyası ilə bağlıdır. Analizdə KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə və reallıq kimi dəyərləndirilir. Qeyd olunur ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqətçəkən odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin Ermənistana nə gətirəcəyindən, demək olar ki, heç bir söz yoxdur. Əvəzində ABŞ-a nə veriləcəyi, yəni ABŞ-ın nəyə ehtiyacı olduğu ətraflı təsvir olunur. Belə çıxır ki, bu, mütləq olmalıdır". (Teleqaraf.com) Müəlliflərin fikrincə, Ermənistanın geri çəkilməsi və Qərbə üz tutması ABŞ-a regionda öz mövqelərini gücləndirmək üçün əvəzolunmaz fürsət yaradacaq, bu da Amerikanın uzunmüddətli maraqlarına fayda verəcək. Vurğulanır ki, Ermənistanın Qərb sıralarına cəlb edilməsi ABŞ-a Rusiyanın cənub sərhədlərində real təhlükəni qoruyub saxlamağa və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zərərsizləşdirməyə imkan verəcək. Müəlliflərə görə, bütün bunlar Çinin regionu “Bir kəmər, bir yol” projesi çərçivəsində birləşdirmək planlarını çətinləşdirməyə imkan verəcək, həmçinin bölgənin Türkiyədən asılılığını azaltmağa imkan verəcək. Bir sözlə, amerikalılar Ermənistanın maraqları və təhlükəsizliyinin yer almadığı öz maraqlarını daha açıq və aydın şəkildə bəyan edirlər. Vaşinqtonun maraqları Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir".

Bu arada, Türkiyə prezidenti və Ermənistanın baş nazirinin Nyu-Yorkda görüşü geniş müzakirələrə səbəb olub. Özü də bu görüşün “Türk Evi”ndə gerçəkləşməsi, Türkiyə liderinin müəllifi olduğu “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə etməsi xüsusən ermənilər tərəfindən diskussiya mövzusuna çevrilib.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını bir daha İrəvan və Bakı arasında aparılan danışıqların nəticələri ilə əlaqələndirib. “Yeni Müsavat” bildirir ki, erməni mediası bu barədə Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər yayıb. Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında Ankaranın Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəklədiyini, onun tezliklə başa çatacağına ümid etdiyini və xoş xəbərlər gözlədiyini vurğulayıb. Cənab Ərdoğan vurğulayıb ki, Ermənistan və Türkiyə də münasibətləri normallaşdırmaq üçün çalışır və İrəvanla Bakı arasında sülh danışıqlarının uğuru Ermənistanın Ankara ilə münasibətlərinə müsbət təsir göstərəcək. Bu açıqlamanın özü həm də o deməkdir ki, Türkiyə və Azərbaycan tarixi təcrübəyə və əlaqələrə, həmçinin Şuşa Bəyannaməsinə istinad edərək birgə hərəkət edirlər. Deməli, Ermənistanın Türkiyə və Azərbaycanın münasibətlərinə xələl gətirmək niyyətləri də növbəti dəfə iflasa uğramış oldu. Özü də cənab Ərdoğanın bu bəyanatı Ermənistanda özünün maraqlarını gerçəkləşdirmək üçün aktivləşən, son vaxtlar bu ölkəyə hərtərəfli dəstək verən ABŞ-da verməsinin özü də ciddi məsələdir, həm də diplomatik həmlədir. Bununla da qardaş ölkənin lideri Ermənistanı himayəyə alan qüvvələrə, paytaxtlara Azərbaycanın yanında olduğunu bir daha xatırlatmış oldu.  

Sahib

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a mövzumuzla bağlı açıqlamasında bildirdi ki, ABŞ və bəzi Qərb dövlətləri Ermənistanı növbəti platsdarm seçib: “Özü də bu platsdarmdan həm Rusiyaya, həm Azərbaycana, həm də digər region dövlətlərinə qarşı istifadə etməyi planlaşdırır və əslində qismən də istifadə etməkdədir. Ermənistan hakimiyyəti isə həm özü üçün, həm də region üçün son dərəcə təhlükəli olan qlobal oyunların iştirakçısına - aktoruna çevrilməkdədir. Ermənistan hakimiyyəti, erməniçiliyi dəstəkləyən qüvvələr, o cümlədən erməni diasporu belə hesab edir ki, Ermənistan revanş üçün mümkün olan və olmayan bütün üsullardan bəhrələnməlidir. Bu baxımdan Ermənistan bir tərəfdən Rusiya ilə siyasi və diplomatik münasibətlərini korlayır, digər tərəfdən, onunla iqtisadi münasibətləri genişləndirir və Rusiyaya tətbiq edilən sanksiyadan maksimum bəhrələnir. Digər tərəfdən, bu ölkə ABŞ-dan siyasi və maddi dəstək almaqdadır və bu dəstək artmaqdadır”. S.Məmmədov qeyd etdi ki, Avropa İttifaqı strukturları, o cümlədən Aİ parlamenti ermənipərəst qətnamələr qəbul edir: “Ermənistan paralel olaraq ABŞ və Qərbin sanksiyaları altında olan İranla müttəfiqlik münasibətlərini dərinləşdirir.  Amma "KTMT-dən çıxıb, Qərbin qucağına düşmək" o qədər də asan məsələ deyil. Hazırda Ermənistan özlüyündə çoxşaxəli görünən, əslində isə bütün tərəflərin maraqlarını ifadə etmək istiqamətində xaotik və qeyri-stabil siyasət aparır və belə siyasət uzun müddət davam edə bilməyəcək. Ermənistan seçim qarşısında qaldıqda vəziyyət dəyişəcək. Təəssüf ki, bu dəyişmə nə Ermənistanın, nə də regionun maraqlarına uyğun olmayacaq. Ermənistanla bağlı planlar yalnız bizi əhatə edən regionda deyil, bütövlükdə Asiya qitəsində münaqişə ocaqları yaratmaq və bundan öz geosiyasi və iqtisadi maraqları üçün istifadə etmək planının tərkib hissəsidir. Ermənistan bu planların icrasında alət kimi istifadə edilir, lakin Ermənistan da alət olmasından maksimum bəhrələnmək istəyir. Uilyam Volfun açıqlamalarını birmənalı qəbul etmək mümkün deyil. ABŞ üçün Cənubi Qafqazda niyyətlərini həyata keçirmək o qədər də asan olmayacaq".

Qafar

Qafar Çaxmaq

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı  hesab edir ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması və onun təsir gücünün azaldılması üçün indiki halda Ermənistan daha cəlbedici hala gəlib: “Ermənistanın KTMT-dən çıxmağa risk etməsə də, fəaliyyətini dondurması Amerikanı bu ölkə ilə bağlı pozitiv addımlar atmağa sövq edir. Onu münaqişə mərkəzinə çevirmək cəhdləri də hiss edilməkdədir”. Q.Çaxmaqlının sözlərinə görə, Ermənistan bilərəkdən Amerikanın oyunlarına alət olmaq yolunu tutub: “Burada yalnız Rusiyanı deyil, Türkiyə və Azərbaycanı da hədəf alır. Bunun üçün isə Amerikanın dəstəyini almaq istəyir. Amma Amerika Ermənistanın istəklərinə uyğun deyil, öz maraqları çərçivəsində addımlar atacaq. Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilməz”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Chosen
51
50
musavat.com

10Sources