EN

Özgə vaxtda yaşamış adam - Natiq Səfərov haqqında

Bu gün tanınmış tərcüməçi Natiq Səfərovun anım günüdür.

Kulis.az bu münasibətlə Cavanşir Yusiflinin "Özgə vaxtda yaşamış adam" yazısını təqdim edir.

...İnsanın gücü yalnız ona çatır ki, həyatda, axıb gedən zaman içində çalxalanan və hərdənbir kənara “sıçrayan” hadisə, olay və təsadüfləri naşı şəkildə bir-birinə calayıb, mövcud assosiasiya zəncirindən yapışaraq, mümkün səbəb-nəticə əlaqələrini özünəməxsus şəkildə izah etsin, - fikir vermişəm, müəyyən hadisələrə ən tez və ən adekvat reaksiya göstərə bilən insanlar da, ən istedadlı, qorxulu (küfr...) dərəcədə istedadlı insanlar da Tanrının cızdığı “qadağa zonasına” daxil ola bilmir, - çünki, ya bəlkə ona görə ki, bütün bunlar SÖZ şəklində meydana gəlir, SÖZÜ aradan götürüb, iş görmək, ilahi sirri bulmaq mümkün deyil və heç dəftər-kitabda yazılmayıb ki, gözlə görünməyən, amma təxmin edilən o tül sərhəddən o yana nə gəlir. Söz hissiyyatı bəlkə elə bundan başlayır ki, həmin o görə bilməyəcəyin məqamı, keçə bilməyəcəyin sərhəddi fikrində yaşadır, yuxudan-yuxuya aşıra-aşıra unutmağa çalışırsan və hər şeyi bircə o yalana qurban verirsən ki, dirilib, gerçəklikdən bir damcı boyu azalan şey daha ələ gəlmir, yatır, yuxulayır, şer olur. SÖZ nə qədər böyük və ilahi bir funksiyanı yerinə yetirsə də, həm də yuxarıda dediyimiz kimi, ən böyük maneədir. Bu maneəni aşıb, “qadağa zonasına” girmək istəyənlər əvvəl axır tərki- silah olur, danışıqsız və şahidlərsiz “güllələnir”. Ancaq yer üzündə bundan da gözəl şey yoxdu-sözlə oynayan insana iki yol qalır: “qadağaya” məhəl qoymayıb yaşamaq, ya da hər şeyi sadələşdirərək, hamının nəfəs dərmədən keçdiyi dayanacaqlardan keçmək...

...Elə buna görə də, Natiq işin ən çətinindən yapışmışdı. Hamının yazmaq istədiyini, bəli, var qüvvəsini toplayaraq, yazmaq arzusuyla qovrulduğu yazını... o, danışırdı, hamının danışa bilmədiyini yazırdı. Onun haqqında danışan və yazan adamların hamısı qeyd edir ki, Natiq sözü dərindən-dərinə duyurdu və dilin heç kəsin çata bilmədiyi dərinliyinə gedib çıxırdı. Bu dərinlikdən geri qayıdıb, cəmiyyətin tələb etdiyi dərəcədə normal yaşamaq, norma və qadağanlara uymaq... mümkünsüz bir iş olduğundan, Natiqyəqin ki, elə həmin “dərinlikdə” uyuyur, ömür sürür, hərdən ayılıb duranda, necə deyərlər, yetənə yetir, yetməyənə daş atırdı... İndi, çox qəribə bir vəziyyət yaranıb, bilmirəm, kimsə bunun fərqindəydi, ya yox, - ədəbiyyatda, ədəbi prosesdə “qan qrupları” kəskin şəkildə ayrılıb-seçilməkdədi, ilin, günün bu vaxtında kimlərsə öz, bomboz maklaturanın üstündə durub (ədəbiyyatın yox!-) avanqard, postmodernist, son nəticədə isə... qartdan-qart, eləbil ki, heç yerdə bəyənilməyib, qoyulub buraya sığınmış cəfəng şeyləri ədəbiyyat adına sırımaqla məşğuldur. Maklatura da, sırıq əxlaq, cəfəng yazı-pozu bazarı (axşam bazarı...) da yayılır, hər yeri, dünyanın hələ kəşf olunmayan xam torpaqlarını sarır. İki “islamçının” eyni dildə, eyni nihilist əxlaq üstündə bir-birinə bəyənməməsini, bir-birlərini sancan arıların xoru, həm çox danışan, həm də çox yazan adamların (Allah, bunun batareyası qurtaraydı...) bizim yox, öz üstünə xorultu kimi gələn xofu bitmir, qurtarmır, getdikcə, bu adamların özləri demiş, mən-həqiqətəm formuluna düşür. Sən, atam balası, həqiqət olmazsan, ən azı ona görə ki, bu məmləkətdə həqiqət yoxdu, varsa da, həqiqət deyil, çox bic şeydi...

Bütün bunlara görə də, Natiq tam özgə bir vaxtın, zamanın içində yaşayırdı, bəlkə də belə: biz onu tanısaq da, o, bizi qəti tanımırdı, onun vaxtı dilin və sözün səs çatmayan, ün yetməyən dərinliyində dövr edirdi. Bəlkə qövr edirdi, deyək, belə dərdlər varkən, dövrün qövrə çevrilməsi nə çətin işdi ki... Sözlər, anlayışlar belə dəyişir, cildini, libasını dəyişir, bir gün salamsız-kəlamsız yanımızdan səssizcə ötüşüb keçirlər, ruhumuz da incimir, hamı öz xırda bicliyinin, “ömür, tale sirrinin” içində çabalayıb batırkən SÖZ ayılır, özünə gəlir qanadlarını çırpan quş kimi... özünə söz verir ki, bir də bu adamların qələminə ilişib qalmasın, SÖZ-ün bu şəkildə “qanad çırpması” ədəbiyyatdan qabaq dünyanın sonudur. Başqa bir şey deyil...

Batini şeylər birdəfəlik dağılıb gedib, sənin dediyin məna gizlinləri, ya da belə deyək, mənanın mətnin içində gizlənməsi, yəni əbədi gizlənpaç oyunu uşaq başı aldatmağa da yaramır, indinin mətnlərində mənanın, yazıdan iyrənib qaçan mənanın yanıq yerlərinin şəkli var. Elə buna görə də, yazılarımız haçansa çəkdirdiyimiz şəkillərə bənzəyir, dünyanın xam vaxtında çəkilib bunlar, bala, elə yox, barmağını çənədən bi az yuxarıya, bax, o xaldan aşağıya yapışdır. Elə bil, əlini bala batırırsan...

Ev-məişət... nə bilim, daha hansı qayğıların ucundan özgə vaxtdan sıçrayıb, dünyanın bu üzünə gəlmək asan deyildi, ən azı ona görə ki, qayıtdığın özgə vaxtın içinə (bətninə) adi yerişlə çata bilməzdin, yanğın sürətiylə getməliydin...

Kim nəyi çox sevirsə, onun da qurbanı olur.

Şəkil çəkdirmədi...

...O dünyada yox imiş,
gördüyüm kəs yuxuymuş.
Nə siqaret çəkirmiş
Hey sümürə-sümürə,
Nə də baş qaldırırmış
Xırda bir səs- səmirə.

Chosen
90
27
kulis.az

10Sources