EN

İrəvanın ABŞ-də seçkilərdən gözləntiləri

Ermənilər yenə ümidlidirlər. Düşünürlər ki, demokratların prezidentliyə namizədi Kamala Harris Ağ Evə gələndən sonra problemlərini həll etməkdə Ermənistana yardım göstərəcək. ABŞ-nin vitse-prezidentinin erməni diasporuna göndərdiyi son təbrik məktubunda yazdıqları hayları okeanın o tayına həsrətlə boylanmağa vadar edir. İrəvanda ümid edirlər ki, seçkidə qalib gələn namizədin fəaliyyət planında erməni məsələsi ön sıralarda yer alacaq. Amma ötən prezident seçkilərinin tarixçəsi göstərir ki, Ağ Evə gələn yeni prezidentin addımları Ermənistanın arzuladığı kimi olmur. Erməni politoloqları da sıravi ermənilərə ABŞ-də keçiriləcək prezident seçkilərinə böyük ümid bağlamamağı məsləhət görürlər.

Bildiyiniz kimi, anası hindistanlı, atası yamaykalı olan ABŞ-nin vitse-prezidenti Kamala Harris ermənipərəst mövqeyi ilə tanınır. Xatırladaq ki, o, siyasi karyerasının əvvəlində 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını dəstəkləmişdi. Biz də onun 2016-cı ildə dediyi “Mən bəşər tarixinin ən qaranlıq dövrlərindən birini tanımaq üçün Senatda erməni icmasının yanında olacağam...” sözlərini unutmadıq. Dörd il sonra Harris ABŞ Senatında 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına dair qanun layihəsini dəstəkləmişdi.

Əlbəttə, digər demokratlar kimi, Kamala Harris də ermənipərəst mövqeyini nümayiş etdirəcək, seçkilərdə ABŞ-dəki erməni lobbisinin səslərindən və imkanlarından yararlanmağa çalışacaq. Ancaq prezident seçilsə belə, bu, ABŞ-Ermənistan münasibətlərinə ciddi təsir göstərməyəcək. K.Harrisin hakimiyyətə gələndən sonra da Bayden administrasiyasının siyasətini davam etdirəcək. Çünki ABŞ-nin maraqları fərqli mövqe nümayiş etdirməyə imkan vermir. Ötən illərin təcrübəsi də göstərir ki, seçilmiş prezidentlər namizəd olarkən ermənilərə verilən bütün vədləri yerinə yetirmirlər. 

Bu fikri erməni politoloqları da təsdiqləyirlər. Məsələn, Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin təşkil etdiyi “ABŞ-də seçkilər və onların postsovet məkanına təsiri” adlı dəyirmi masada politoloq və amerikaşünas Suren Sarkisyan bildirib ki, ABŞ-də keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, həm Donald Trampın, həm də Kamala Harrisin qələbəsi Ermənistan üçün rahat olmayacaq. Politoloq qeyd edir ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ilk fürsətdə ABŞ diplomatiyası ölkədə güclənib: “Xüsusilə Bill Klinton administrasiyası Dağlıq Qarabağ və Ermənistan–Türkiyə münasibətləri məsələsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı fəal dəstəkləyirdi. Ermənistanla iş Robert Köçəryanın dövründə də həyata keçirilirdi”. Ekspert hesab edir ki, ABŞ Serj Sarkisyanın dövründə də İrəvanla fəal işləyib. 

Bununla belə, erməni politoloq etiraf edir ki, Donald Tramp administrasiyası praktiki olaraq Ermənistanla maraqlanmadı, çünki ABŞ-nin digər regionlarda xarici siyasət prioritetləri var idi. Hətta yüksək səviyyəli əlaqələr də yox idi. Tramp administrasiyası ilə yeganə əlaqə Ermənistanda inqilabdan bir neçə ay əvvəl vitse-prezident Maykl Penslə Serj Sarkisyan arasında telefon danışığı olub. Politoloqun müşahidələrinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə (2020) Qərb qüvvələri yenidən bölgədə xeyli fəallaşıb. O, bunu iki amillə əlaqələndirir: “Birincisi, Rusiyanın diqqəti Ukraynadadır, buna görə də, “müqəddəs yer heç vaxt boş qalmır”, ikincisi, amerikalılar görürlər ki, Ermənistan hökuməti Türkiyə və Azərbaycana hər cür güzəştə getməyə hazırdır”. 

Politoloq Sarkisyan Kamala Harrisin Amerikanın erməni icmasına müraciət etdiyi son məktubuna toxunaraq, bunun sadəcə seçkiqabağı bir hərəkət olduğunu və ABŞ-nin xarici siyasətinə təsir edəcəyi ehtimalı olmadığını bildirir. Eyni zamanda, erməni politoloqun fikrincə, Vaşinqton fəaliyyətində ABŞ-Ermənistan əlaqələrini yox, regional gündəliyi rəhbər tutur. S.Sarkisyan xatırladır ki, Co Bayden administrasiyası ilə Nikol Paşinyan arasında yüksək səviyyəli təmaslar - telefon danışığı və ya ABŞ prezidenti ilə görüş olmayıb. Politoloq hesab edir ki, bu, bir daha ABŞ-nin regional gündəmini vurğulayır, o, ilk növbədə Ermənistanla münasibətlərin inkişafında yox, Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsində maraqlıdır. 

S.Sarkisyan fikrini belə yekunlaşdırır ki, Ermənistan ABŞ prezidentliyinə hər iki namizədlə bağlı özünü aldatmamalıdır: “Bilmirəm, Bayden kimi Ermənistanla fəal məşğul olmaq, yoxsa Tramp kimi passiv qalmaq yaxşıdır.  İstənilən halda Trampın vaxtında biz Qarabağı itirdik, Baydenon zamanında isə “olan oldu”. Ona görə də, prinsipcə, bu plan da bizə rahat olmayacaq”.

Düz sözə nə deyəsən? Ermənilər hələ də okeanın o tayına ümid edirlər. “Bəlkə kömək etdilər” ümidilə yaşayırlar. Ancaq hər seçkidən sonra məyus olurlar. Halbuki güclü xalq ancaq özünə güvənər, qonşuları ilə münasibətlərini özü yoluna qoyar, xaricdən kömək gözləməz. Nə etmək olar? Hayların xisləti belədir, başqalarının arxasında gizlənərək xəyali dünyalarını yaratmağa çalışırlar. Yəqin real dünyada yox, qurama aləmlərində daha xoşbəxtdirlər. 

S.ELAY 
XQ

 

Chosen
100
50
xalqqazeti.az

10Sources