AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker Misli Premyer Liqasının VIII turunun “Neftçi”–“Sumqayıt” oyunundakı mübahisəli epizodlara aydınlıq gətirib.
Prosport.Az xəbər verir ki, funksioner matçın 55-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kilan Lebon ilə “Sumqayıt”ın üzvü Roi Kehat arasında yaşanan vəziyyəti şərh edib: “Ev sahibi komandanın yarımmüdafiəçisi Kilan Lebon meydanın özlərinə aid hissəsində “Sumqayıt”ın futbolçusu Roi Kehatın formasını tutur. Tutma anında qonaqların yarımmüdafiəçisi “ağ-qaralar”ın üç oyunçusunun əhatəsindədir. Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. Əgər Bakı təmsilçisinin futbolçuları yaxınlıqda olmasaydı, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilərdi. Çünki bu halda perspektivli hücumun dayandırılmasını müzakirə etmək olardı”.
Belçikalı mütəxəssis 63-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Yuri Matiasa Rio Kehatın müdaxiləsini isə belə dəyərləndirib: “Bu situasiyada cərimə meydançası daxilində “Neftçi”nin oyunçusu ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində Roi Kehat ilə futbol təması (yüngül kontakt) yaranır və rəqib yıxılır. Çox önəmli texniki kriteriya müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi”.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.