EN

Santuş hakimin qərəzli olduğunu dedi, bəxt amilini önə çəkdi

Millimiz Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Slovakiyaya uduzdu - 1:3.

Matçdan sonra konfrans otağına əvvəlcə millimizin baş məşqçisi Fernando Santuş daxil oldu və jurnalistlərin suallarını cavabladı.

- Azərbaycan millisinin belə biabırçı məğlubiyyətlərinə görə öz reputasiyanızı korladığınızı düşünürsüzmü?
- İlk 68 dəqiqə ərzində kifayət qədər yaxşı çıxış etdik. Sadəcə, bəxt amili rəqibin tərəfində oldu. Mahir qırmızı vərəqə aldıqdan sonra oyunun taleyini öz xeyrimizə dəyişmək demək olar ki, imkansız oldu.

- Bu, sualın cavabı deyil axı...
- Mən nəticəni biabırçı məğlubiyyət adlandırmıram. Sizin də belə düşünməyinizi istəmirəm. Daha yaxşısını edə bilmək üçün zamana ehtiyac var.

- Qırmızı vərəqədən söz düşmüşkən, həmin epizodun günahkarı kimdi?
- İndividual olaraq, hansısa futbolçuda səhv axtarmağa nə varki? Məncə, Mahirin ilk sarı vərəqəsindən sonra artıq problem yaranmışdı. Hakimin qərəzli qərar verdiyini fikirləşirəm. Əslində, bunu müzakirə etmək lazımdı. Lakin heçnə hakimin qərarını dəyişməyəcək.

- Ölkəmizə böyük layihəni reallışdırmaq üçün gəlmisiz. Məqsədə çata biləcəyinizə nə dərəcədə inanırsız?
- Müsahibələrimdə zaman lazım olduğunu qeyd etmişəm. Hələ ki, vədə yetişməyib. Layihə qısa müddət ərzində reallaşa bilməz. Bir ildən sonra bu haqda danışa bilərik. 2028-ci ilə qədər vaxtımız var. Ümid edirəm ki, gələn il istənilən rəqibə qarşı normal oyun sərgiləyə biləcəyik. Komandada potensial görürəm.

- Qeyd etdiz ki, ardıcıl dörd oyunda məğlub olmaq biabırçı nəticə deyil. D liqasına yuvarlanmaq da biabırçılıq sayılmayacaq?
- Bunun baş verəcəyinə inanmıram. Yaşansa belə, problem yoxdu. Məqsədimiz daha yaxşı oyun nümayiş etdirməkdi. Yenə də D liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparacağıq.

- Yəqin ki, U-21, U-19 millilərimizin qazandığı nəticələrdən xəbərdarsız. Gələcəyin komandasınıhansı futbolçularla yaratmaq niyyətindəsiz?
- Həmin futbolçuların içində əsas millidə çıxış etməyə layiq olan futbolçular var. Qarşıdakı aylarda onların sayı artacaq. Bunu hamımız görəcəyik. Hazırki vəziyyətdə məyusluğunuzu, biabırçı məğlubiyyət kimi mövzuları yaxşı anlayıram. Sözləriniz bəlkə də yerinə düşür. Amma etiraf edək ki, komanda qələbə qazanmaq üçün əlindən gələni etdi. Qırmızı vərəqə olmasa, nəticə başqa cür olacaqdı. Yaratdığımız qol fürsətlərini dəyərləndirsəydik, indi fərqli situasiyada, fərqli mövzuları müzakirə edəcəkdik. Mən ilk 68 dəqiqə ərzində kollektivimin effektiv oyununu izlədim. Təbi ki, məğlubiyyət arzuolunmazdı. Lakin düzgün yoldayıq. Oyunlar keçdikcə müxtəlif detalları inkişaf etdiririk.

- Ozancan Kökçünü həm Estoniyaya, həm də Slovakiyaya qarşı matçda meydana buraxmadız. Halbuki, Finlandiyada legioner həyatı yaşayır və həmin ölkə Estoniyaya yaxındı. Deməli, iqlim şəraitinə uyğunlaşıb. Üstəlik, komandası avrokuboklarda çıxış edir.
- Belə qərarlar yalnız iqlimə əsasən verilmir. Onda gərək Azərbaycanda keçirdiyimiz oyunlarda bütün futbolçuları meydana buraxaq.

- "Beşiktaş"da ardıcıl beş məğlubiyyətdən sonra istefa vermişdiz. Azırbaycanda da eyni hal yaşana bilərmi?
- Siz hekayəni bilmirsiz... "Beşiktaş"da ilk 10 oyunun yeddisində qələbə qazanmışıq. Hər kəsi başa düşürəm. Bu gün heç kim nəticələrdən məmnun deyil. Bu haqda fikirləşəcəyik. Uğursuzluq mənim üçün də xoş deyil. Nəzərə alaq ki, oyunlara hazırlaşmaq üçün çox qısa vaxtımız olur. Çatışmazlıqları aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.

Santuş sualları cavabladıqdan sonra məlum oldu ki, Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona öz mətbuat konfransına gecikdiyi üçün əvvəl millimizin baş məşqçisi jurnalistlərin önünə çıxıb. Üstəlik, Kaltsona təyyarəyə gecikdiklərini əsas gətirərək yalnız slovakiyalı media nümayəndələrinin suallarını cavablayacağını bildirməklə yerli jurnalistlərin konfrans otağını tərk etməsini istədi.

KƏNAN BAHADIR

Chosen
16
16
football-plus.az

10Sources