EN

Qərb və ABŞ COP29-dan siyasi məqsədlər üçün istifadə edir

Təxminən yarım aydan sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ölkəmizdə keçiriləcək. Azərbaycanın belə möhtəşəm tədbirə ev sahibliyi etməsi barədə qərar dünyanın əksər ölkələrinin razılığı ilə verilib. Yəni, əksər dövlətlər Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anladığını nəzərə alaraq onun namizədliyini dəstəkləyiblər. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün siyasi və iqtisadi zəmin yaradıb. Azərbaycan birmənalı şəkildə hesab edir ki, dünya ictimaiyyətinin aktual problemlərin həlli istiqamətində bir araya gəlməsi üçün ölkəmzin zəngin mədəni irsi və dinamik enerjisi vacib rol oynaya bilər. Elə bu səbəbdən də iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini qeyd edərək, birgə təşəbbüslər vasitəsilə mübarizə vasitələrini gücləndirmək istəyindədir. Ekspertlərin qənaətinə görə, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
Qeyd edək ki, Azərbaycan hələ xeyli müddət əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə COP-29-un yüksək səviyyədə keçirilməsi üçün ciddi şəkildə hazırlıq işləri gedir. 
Çox təəssüf ki, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan ölkələrin yuxusu ərşə çəkilib. Ölkəmizin artan nüfuzunu həzm edə bilməyən, onun yürütdüyü müstəqil siyasətə qısqanclıqla yanaşan dövlətlərin "kürkünə birə girib". Demək olar ki, ABŞ və kollektiv Qərb başda olmaqla onların təsirləri altında olan beynəlxlaq təşkilatlar ölkəmizə qarşı səlib yürüşünə start veriblər. Ümumiyyətlə son bir il ərzində Azərbaycanla bağlı qəbul edilən qərarlar ölkəmizə qarşı təzyiq və SOP-29-un nüfuzuna xələl gətirmək xarakteri daşıyır. Maraqlıdır, görəsən doğrudanmı dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları baş verən iqlim dəyişkənliyinə qarşı mübarizəni əhəmiyyətsiz hesab edirlər? Yoxsa, bundan istifadə edib dünyanın yeni düzənini öz nəzarətləri altına almaq istəyirlər? 
Əslində Qərb və ABŞ-ın gətirdiyi arqumentlər tamamilə yersiz görünür. Məsələn, Qərb dairələri iddia edirlər ki, neft-qaz ölkəsinin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı tədbir keçirməsi düzgün deyil. Amma, COP-un keçirildiyi 28 sessiyanın böyük əksəriyyəti təbii sərvətlərə malik ölkələrdə baş tutub. Çünki söhbət tədbirin səviyyəsi onun hansı ölkədə keçirilməsi ilə deyil, irəli sürülən və dünyanı xilas edəcək təşəbbüs və ideyaların mahiyyəti ilə ölçülür. Belə məlum olur ki, Qərb və ABŞ COP-dan siyasi məqsədlər üçün Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Dərhal ortalığa insan hüquqlarının pozulması, "siyasi məhbuslar", etnik təmizləmə kimi cəfəng fikirlər ortaya atılır. Əgər dorğudan da ABŞ və Qərb iqlim dəyişkənliyinə qarşı mübarizəyə öz töhvəsini vermək istəyirsə, niyə Ermənistana demir ki, Metsamur Atom Stansiyasını bağla, Kür və Oxçuçaya zərərli maddələrin buraxılmasının qarşısını al? Xarici ölkələrin mülkiyyəti hesab olunan, ekologiyaya ciddi təsir edən mis mədənlərini qapat?   Göründüyü kimi kollektiv Qərb Ernəistanın ekoloji cinayətlərinə göz yumaraq erməilərin Qarabağa qaytarılmasını gündəmə gətirir.  
 AntiAzərbaycan qüvvələri nəzərə almalıdırlar ki, SOP29 həm də BMT-nin tədbiridir. Onlar Azərbaycanda belə bir tədbirin keçirilməsinə qarşı çıxmaqla həm də BMT-nin siyasətinə qarşı çıxmış olurlar. Xatırlatmaq yerinə düşər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. ABŞ və kollektiv Qərb isə belə bir mötəbər tədbiri nüfuzdan salmaqdan ötrü əllərindən gələni edirlər. 
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
50
olaylar.az

10Sources