Əli Mustafa: “Rusiya Orta Dəhlizə nəzarət etməkdən ötrü Xəzərin hərbiləşməsini gündəmə gətirir”
Rus mediası çağırış edir ki, Xəzər dənizində Rusiyanın hərbi flotiliyası gücləndirilməlidir. Öz aləmlərində bunu müxtəlif arqumentlərlə əsaslandırmağa çalışırlar.
Qeyd edilir ki, Xəzər dənizindəki hərbi-siyasi vəziyyət bizim hərbi-siyasi rəhbərliyimizi təşvişə salmalı və az-çox adekvat reaksiyaya səbəb olmalıdır: “Xəzərdə Rusiya donanma nəzarətini artırmalıdır. Çünki Sovet İttifaqının dağılmasından sonra bu qapalı arenada, İranın Şimal Donanmasından başqa, Azərbaycan, Qazaxıstan və Türkmənistanın hərbi dəniz qüvvələri yarandı. Bu dövlətlər dəniz qüvvələrinin sayını artırır”.
Yazida iddia edilir ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan öz hərbi dəniz donanmasını əsasən İrailin və Türkiyənin texnologiyası hesabına modernləşdirir, gücləndirir. Bildirilir ki, bu regionda Qərb təhlükəsi artır və sahilyanı ölkələrlə əlaqələr güclənir və s. Guya belə şəraitdə zəmanət yoxdur ki, sözügedən Xəzəryanı ölkələr Rusiyaya “hələlik” deməyəcəklər. Bu səbəbdən Rusiya Xəzərdə hərbi donanmasını gücləndirməlidir.
Bütün bunlar açıq-aşkar Xəzərdə silahlanmanın, hərbiləşmənin yeni mərhələsinə çağırışdır. O üzdən, belə çağırışlar bölgədə sülhün və təhlükəsizliyin qorunmasına nə dərəcədə cavab verir? Düzdür, Rusiya Gürcüstan və Ermənistanın Qərbə meyllənməsindən narahatdır, amma axı 2018-ci ildə Xəzərin statusu ilə bağlı əldə edilən razılaşmaya görə belə çağırışlar düzgün deyil. O baxımdan belə çağırışların gerçək olması gələcək proseslərə necə təsir edə bilər? Əgər doğrudan da bu istiqamətdə addımlar atılsa, Rusiya donanması gücləndirilsə, bu, Xəzər dənizi ətrafında sülh və təhlükəsizlik perspektivlərinə necə təsir edə bilər?
“Sanki regiondakı hərbi-siyasi vəziyyətə nəzarəti gücləndirmək üçün belə çağırışla çıxış edirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, Xəzərdə Rusiya hərbi donanmasının gücləndirilməsi ideyası əslində yeni deyil: “Rusiya hər zaman çalışıb ki, Xəzərdə tək hakim olsun. Hətta SSRİ dönəmində belə, İranın Xəzərdə məhdud hüquqları var idi. Xəzər az qala SSRİ-nin daxili dənizi kimi mövcud idi. Orada, necə deyərlər, əli-qolu açıq idi. İndi isə Rusiya üçün yeni bir dönəm başlayır. Rusiya daha çox okeanlara çıxmağa çalışır. Xəzər isə qapalı su hövzəsidir. Xəzərə elə də önəm vermirdilər. Daha çox Qara və Baltik dənizlərində güclü olmağa çalışırdılar. Hətta Aralıq dənizində belə Rusiyanın hərbi dəniz bazası var. Ancaq indi vəziyyət dəyişir. Xüsusən Qara dəniz donanması sürətlə zəifləyir. Çünki oradakı gəmi və katerlərin çoxu Ukrayna ordusu tərəfindən məhv edilib. Üstəlik, Baltik dənizi artıq bir NATO dənizinə çevrilir. Sakit okean hövzəsində də vəziyyət o qədər də Rusiya üçün yaxşı deyil. Sanki Rusiya bu istiqamətdə özü üçün yeni prioritetlər müəyyən etməyə çalışır. Xüsusən də Moskva Cənubi Qafqaz və Türküstanla bağlı dünyanın maraqlarının artdığının fərqindədir. Həmçinin Orta Dəhlizin buradan keçdiyini anlayır. Fikrimcə, Rusiya Orta Dəhlizə nəzarət etməkdən ötrü Xəzərin hərbiləşməsini gündəmə gətirir. Eyni zamanda regionda yaranan yeni güc balansına təsir etmək istəyirlər. Sanki regiondakı hərbi-siyasi vəziyyətə nəzarəti gücləndirmək üçün belə çağırışla çıxış edirlər. Ancaq Xəzərdə Rusiyanın hərbi baxımdan güclənməsi region ölkələri üçün risqlər yaradır. Əslində Xəzər 5 sahilyanı ölkə arasında bərabər istifadə edilməlidir. Hərbi donanmanın gücləndirilməsi Xəzərin statusu ilə bağlı konvensiyaya ziddir. Sanki Rusiya Qara və Baltik dənizlərində itirdiyi mövqeləri Xəzərdə kompensasiya etməyə çalışır. Bu da doğru deyil”.
Vidadi ORDAHALLI