EN

COP29 Lyayensiz də keçiriləcək

Bəs Avropa İttifaqı bu ilin sərt qışını Azərbaycan qazı olmadan ötüşdürə bilərmi?

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayenin noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə gəlməyəcəyini yeni gediş hesab etmək olmaz. Qafqazla bağlı problemlərin müzakirəsində fəal olan “kollektiv Qərb”in digər məsələlərlə bağlı mövqeyinin tam fərqli olduğunu dəfələrlə görmüşük.

Azərbaycan üçün əlverişsiz, naqolay vəziyyətin yaradılması, az qala, onun əsas missiyasına çevrilib. Misal üçün, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sazişini imzalamaqdan ötrü Ursula Fon der Lyayen böyük həvəslə Bakıya təşrif buyurmuşdu. Fəqət indi AK sədri BMT-nin ən nüfuzlu tədbirinə gəlmir. Axı, burada söhbət Azərbaycanın, yaxud bölgənin problemlərindən getmir.

COP29-da dünyanı, ələlxüsus da Avropanı cənginə almış iqlim dəyişikliklərinə qarşı birgə mübarizə məsələləri müzakirə olunacaq. Xanım Lyayenin bu tədbirdə iştirakdan imtina qərarı nə ona nə, rəhbərlik etdiyi quruma, ümumilikdə, Avropa İttifaqına başucalığı gətirir.

AK-nin mətbuat xidmətinin yaydığı məlumatda yer alan “Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də AK-nin rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq” kimi absurd arqumenti elementar məntiqə belə sığmır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə COP29-a dəvət məktubu cari ilin aprel ayında göndərilib. Üstündən altı ay keçəndən sonra xanım Lyayenin dəvətdən imtina cavabı heç bir halda Avrokomissiyanın daxili prosedur qaydalarının icrası ilə izah edilə bilməz. Ursula Fon der Lyayen COP29-a qatılmayacağını bəyan etməklə bir daha onu göstərdi ki, onun təmsil etdiyi Avropa İttifaqı Azərbaycana deyil, BMT-yə hörmətsizlik nümayiş etdirib. Görünən odur ki, beynəlxalq ictimai rəy, bütün dünyanı narahat edən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi qlobal problemlər Avrokomissiyanı qətiyyən narahat etmir.

***

Rəsmi statistikaya əsasən, planetin iqlimini ən çox çirkləndirən Avropa qitəsidir. Harada keçirilməsindən asılı olmayaraq, BMT-nin qlobal iqlim sammitində, ilk növbədə, “qoca qitə”nin ən böyük təsisatından – Avropa İttifaqından, onun Avrokomissiyasından “yaşıl dünya”ya keçid üçün ciddi maliyyə dəstəyi gözlənilir. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin COP29-a gəlməməsinin səbəbi kimi Aİ-ni öz öhdəliyini yerinə yetirməkdən, bununla da məsuliyyətdən boyun qaçırmasını göstərmək olar.

Mövzu ilə bağlı XQ-yə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Avropa rəsmilərinin hər şeyi öz arşınları ilə ölçdüklərinə, onların istədiyi alınmayanda qayda-qanunun, diplomatik etiketin ikinci plana keçdiyinə diqqəti çəkdi: “İndi Avropanın mühafizəkar bürokratiyası üçün qlobal iqlim məsələsi kənarda qalıb. Onlar bir müddət əvvəl götürdükləri bir sıra öhdəlikləri yerinə yetirməkdən imtina etmişdilər. Oturub bundan sonra nə edəcəkləri barədə düşünürlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu, əslində, Azərbaycanın dəvətindən boyun qaçırmaq deyil. Bu, BMT-nin dünya miqyasında keçirdiyi tədbirdir. Axı, iqlim problemini BMT-nin gündəliyinə gətirən həmin Avropa Komissiyası, qitə dövlətləri olub. Bəs, indi nə oldu? Belə mötəbər tədbirdə boyun qaçırmaqdan ötrü bərk məşğul olduqlarını bəhanə gətirirlər. Əslində, elə bu faktın özü də Avropa İttifaqının iküzlülüyünün bariz nümunəsidir. Moldovada seçkiləri Sandu udanda hamısı birdən hay-harayla onu təbrikə cumdular. Baxmayaraq ki, onun rəqibi Maya Sandunun qələbəsini hələ tanımayıb. Bu tərəfdən isə Gürcüstanı gözümçıxdıya salıblar. Halbuki, baş nazirin qələbəsinə şübhə ilə yanaşsalar da, ortaya hansısa dəlil-sübüt qoymaq iqtidarında deyillər. Düşünürəm ki, burada bizim üçün təzə heç nə yoxdur. Kim istəyirsə gəlsin, istəməyən gəlməsin. Azərbaycan bu beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirməyə hazırdır”.

Avrokomissiyasının rəhbəri Ursula Fon der Lyayenin 2022-ci ilin iyulunda Bakıya səfəri zamanı Azərbaycandan Avropaya təbii qazın həcminin artırılmasını xahiş etdiyinə diqqəti çəkən R.Musabəyov bundan ötrü Aİ-nin malik olduğu qaz kəmərlərinin ötürmə qabiliyyətinin qaldırılması problemini hələ də həll etmədiyi faktını dilə gətirdi: “Bəlkə Azərbaycan gedib Avropa İttifaqının ərazisində, Adriatik dənizdən İtaliyaya qədər olan kəmərin genişlənməsinə vəsait xərcləməlidir? Qoy özləri zəhmət çəkib infrastrukturu təkmilləşdirsinlər. Üstəlik, onlar bu layihəyə cəlb olunacaq kreditlərə tətbiq etdikləri qadağaları aradan qaldırmaq barədə düşünməlidirlər. Məgər belə qeyri-ciddi partnyorla əməkdaşlıq etmək olar? Ursula Fon der Lyayen bu suallara cavab vermək iqtidarında olmadığı üçün Bakıya gəlməyə üzü yoxdur”.

***

Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri Yeganə Hacıyeva Avropa Komissiyasının rəhbərinin COP29-a gəlməmək qərarının bir neçə səbəblə bağlı olduğunu göstərdi: “Həqiqətən də, Avropa İttifaqının bir sıra komissiyalarında təhvil-təslim və yerdəyişmə prosesi gedir. Bu zaman komissiya rəhbərlərinin səlahiyyətlərinin limitlənməsi proseduru da baş verir. Həmin prosesin gedişində komissiya sədrlərinin kənar tədbirlərdə iştirakı qeyri-məqbul sayılır. Avrokomissiya rəhbərinin Bakıda keçiriləcək BMT-nin COP29 sammitinə qatılmamasına bu aspektdən dəyərləndirmək mümkündür. Amma Ursula Fon der Lyayen öz təşəbbüsü ilə Bakı Sammitinə gələ bilərdi. Sadəcə, o, komissiya sədri kimi öz maraqlarını üstün tutub. Aİ-yə üzv ölkələrin qış öncəsi enerji təhlükəsizliyi məsələsində xüsusi rolu olan etibarlı tərəfdaşının – Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq tədbirdə iştirak etməməsini onun başçılıq etdiyi quruma və qitənin qayğılarına sədaqətinin itməsi kimi də şərh etmək olar. Buna qədərki mərhələlərdə Lyayen Aİ-nin məlum iqtisadi layihələrinin hamısında Azərbaycana qarşı kifayət qədər sayğılı davranmışdı. Həm də, o, bu əməkdaşlıqda Avropa Şurasının adından iştirak edirdi”.

Ursula Fon der Lyayenin Bakı iqlim sammitində ən azı fəxri qonaq kimi iştirakını mümkün sayan Y.Hacıyeva bunu etməməsinin səbəbini də göstərdi: “Bunu onun özünümüdafiə cəhdləri ilə bağlamaq olar. Çünki, güman edirik ki, o, Bakıya səfərindən sonra üzərinə edilə biləcək hücumlardan özünü sığortalamaq üçün belə bir qərar verib. Axı, bildiyimiz kimi, Aİ-də kifayət qədər anti–Azərbaycan qüvvələr mövcuddur”.

Siyasi icmalçı Tofiq Abbasov bildirdi ki, Avropa Komissiyasının rəhbəri Bakıya gəlsə də, gəlməsə də bu tədbir keçiriləcək: “Dünyanın bir çox dövlətlərinin başçıları, baş nazirləri, BMT-nin ən yüksək səviyyədə rəsmiləri Azərbaycana gəlirlər. Hamımız yaxşı bilirik ki, bu gün iqlim dəyişikliyi, ətraf mühitin çirkləndirilməsi, karbon qazının normadan artıq emissiyası Yer sakinləri üçün çox böyük təhlükələr yaratmaqdadır. Yəni, bu qlobal fəlakətlərlə birgə mübarizə təkcə Azərbaycanın məsələsi deyil. Sadəcə olaraq, Bakı beynəlxalq miqyaslı tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirirək COP29-a da evsahibliyi etmək haqqını qazanıb. Bu hüququ Azərbaycana verənlər yaxşı bilirlər ki, yaşıl enerjiyə keçid məsələsində ölkəmiz müsbət təcrübəyə malikdir.

Açıq demək istəyirəm ki, Ursula Fon der Lyayen təcrübəli diplomat, yaxud böyük siyasətçi deyil. O, “kollektiv Qərb”in şübhəli ssenariləri ilə hərəkət edən, bu dalğanın təsirinə düşüb gedən personalardandır. Əgər azacıq siyasi iradəsi olsaydı, Bakının dəvətinə “hə” deyərdi. Azərbaycan artıq dostunu da, düşmənini də yaxşı tanıyır. Dövlət başçımızın dediyi kimi, əldə etdiyimiz Zəfər, bölgədə separatçılığa son qoymağımız həm də bizə kimin kim olduğunu əyani şəkildə göstərdi. Təbii ki, bizim məqsədimiz odur ki, COP29 işgüzar atmosferdə, dialoq və anlaşma şəraitində keçsin, gündəlikdə duran məsələlərin hamısı ilə bağlı müvafiq qərarlar qəbul edilsin və ən əsası, gələcək layihələrin maliyyələşdirilməsi məsələsi öz həllini tapsın. Burada dövlətlərin böyük və ya kiçik olmalarının fərqi yoxdur. BMT üzvü olan bütün ölkələrin bununla bağlı öhdəlikləri var və bu prosesdə hamı iştirak etməlidir”.

***

Bəli, ortada məsuliyyət məsələsi var. Bunu Avrokomissiya anlamaq istəmirsə, artıq öz problemidir. Azərbaycan özünə xas qonaqpərvərliklə qapılarını bütün qonaqların üzünə açacaq. Hətta BMT-nin bu nüfuzlu tədbirini keçirmək haqqını bizə güzəştə edən, amma bunun ardınca Azərbaycana gəlməyə hazırlaşan dünya liderlərini, beynəlxalq təşkilatları qınamaqdan usanmayan Ermənistanı da qəbul etməyə, burada onlara əməli və məhsuldar fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaratmağa hazır olduğunu bildirib. Bakı bu müstəvidə öz təcrübəsini bir daha dünyaya nümayiş etdirəcək. Həm də bu qlobal missiyanı böyük məsuliyyətlə yerinə yetirəcək. Buna Avropadakı anti-Azərbaycan qüvvələr kimi, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də şahidlik edəcək.

İmran BƏDİRXANLI
XQ

Chosen
72
50
xalqqazeti.az

10Sources