“İnter Mayami”nin argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi karyerasındakı növbəti uğursuzluqla üzləşib.
Arena.az məlumat verir ki, “Leo” başda olmaqla “vağlar” MLS Kubokunun ələmə mərhələsinin 1/8 finalında doğma meydanda həlledici oyunda “Altanta Yunayted”ə 2:3 hesabı ilə məğlub olaraq, yarışda mübarizəni dayandırıblar.
Cütün oyun silsiləsi dramatik mənzərə ilə əlamətdardır. Belə ki, “İnter Mayami” “Atlanta Yunayted”ə qarşı doğma meydanda keçirdiyi ilk oyundan 2:1 hesablı qələbə ilə ayrılmışdı. Rəqib meydanında baş tutmuş cavab oyununda isə “Atlanta Yunayted” 2:1 hesablı qələbə qazanaraq, məsələni üçüncü oyunda çürütməyə buraxmışdı.
Xatırladaq ki, “Atlanta Yunayted”in doğma meydanda qələbə qazandığı həmin oyunda həlledici qol ötürməsini 90+4-cü dəqiqədə rus yarımmüdafiəçi Aleksey Mirançuk vermişdi.
“Müdhiş rus” yenə Messini məyus etdi
Bundan sonra ABŞ mətbuatının “Müdhiş rus” ifadəsi ilə səciyyələndirdiyi Mirançuk, üçüncü oyunda da “İnter Mayami”nin “cəllad”ı olaraq səhnəyə çıxıb. Mirançuk bu oyunda da yüksək keyfiyyətli çıxışı ilə fərqlənib, daim komandasını canfəşanlıqla irəli səsləyib və məhsuldar ötürmə verib. Məhz bu məhsuldar ötürmədən sonra “Atlanta Yunayted” hesabda önə keçməyi bacarıb. Messi hesabı bərabərləşşdirsə də, “Atlanta Yunayted” daha bir qol vuraraq, Messi və yoldaşlarını qəmə düçar edib.
“Atlanta Yunayted” növbəti mərhələdə, 1/4 finalda “Orlando Siti” ilə qarşılaşacaq.
Beləliklə, Lionel Messi ardıcıl ikinci mövsümündə MLS Kubokunun qalibi olmaq imkanından məhrum olub.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 38 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.