EN

Azərbaycan regionda yeni reallıq yaradıb

 

10 noyabr 2020-ci il tarixində şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini möhtəşəm Qələbə ilə başa vurmaqla, 30 il davam edən tarixi ədalətsizliyə və erməni işğalına son qoydu. Eyni zamanda, Ermənistanın xəyanətkar təcavüzü nəticəsində itirilmiş torpaqlarımız geri qaytarıldı, düşmənin hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə isə ciddi zərbə vuruldu. Azərbaycan Ordusunun güclü və qətiyyətli həmlələri qarşısında tab gətirə bilməyən Ermənistan 2020-ci il 10 noyabr tarixində kapitulyasiya aktına imza atmağa məcbur oldu.

2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi sona çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi tarixi qələbələr düşməni 10 noyabr kapitulyasiya aktına imza atmağa vadar etdi. Ordumuzun döyüş meydanında qazandığı qələbələr həm də siyasi müstəvidə Zəfər əldə etməyə imkan verdi. Belə ki, Azərbaycana 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan həm iqtisadi, həm də hərbi və diplomatik tərəfdən uyğun olan Vətən müharibəsi modelini seçdi və bu model döyüş meydanlarında özünü doğrultdu. Bununla da Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Qarabağ ətrafında olan 7 rayonu Azərbaycanın məhz hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin isə hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

Bəyanatın imzalanması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid verilmədən, güllə atılmadan, qan tökülmədən erməni işğalından azad edildi. Prezident İlham Əliyev nitqlərinin birində heç vaxt cəmiyyətə açıqlamadığı bir məqamı söyləmişdir: “…Danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də, Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyi müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə, bu rəqəm 13 mindən artıq idi. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Belə də oldu. Bütün bu illər ərzində biz özümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallığı yaratdıq. Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz”.

Bu cür mövqe xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Əslində isə hər birimiz tam əmin idik ki, siyasi yolla olmasa da, hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yox idi. Amma, eyni zamanda, biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa, bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlum olduğu kimi, sadəcə Ağdamda 5 müdafiə xətti var idi və bunların hər birinin aşılması itkisiz mümkün olmayacaqdı. Buna görə də, sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən bu aktı öz xoşu ilə imzalamadı. Bu, birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz Qələbənin məntiqi davamı idi.

2023-cü il aprelin 23-ü saat 12.00-da Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.

Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da Laçın Şəhəri Günü bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini xüsusilə vurğulamışdır: “… Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən və strateji nöqteyi-nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”.

O zaman Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu. Lakin, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş bir günlük antiterror əməliyyatı nəticə­sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoymaqla, özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Rövşən Muradov

Milli Məclisin deputatı

Chosen
61
50
xalq.az

10Sources