EN

Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər. Həmçinin, dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıblar.
Tədbir çərçivəsində "Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması" və "Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması" mövzularında sessiyalar keçirilib.
AQTA sədri Q.Təhməzli "Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması" mövzusunda təşkil olunan sessiyada çıxış edib. Q.Təhməzli bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır: "Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir". Agentlik sədri bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edib və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndirib.
Q.Təhməzli vurğulayıb ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir:
"Eyni zamanda, bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır. Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən "Vahid Sağlamlıq" konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır".
Respublikamızda bu istiqamətdə son illərdə aparılmış islahatların öz bəhrəsini verməkdə olduğunu bildirən AQTA sədri ölkəmizin əldə olunan təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Q.Təhməzli deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır:
"Bu çərçivədə zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll olunması məqsədilə "Azərbaycan Respublikasında "Vahid Sağlamlıq" konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya"nın layihəsi hazırlanaraq təqdim ediləcək".
AQTA sədri vurğulayıb ki, mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, "Cəmiyyət-heyvanat aləmi - ətraf mühit" kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq.
Sessiyada çıxış edən kənd təsərrüfatı naziri M.Məmmədov, səhiyyə naziri T.Musayev və TƏBİB-in icraçı direktoru V.Qurbanov insan, heyvan və ətraf mühitin sağlamlığı ilə bağlı problemlərin birgə yanaşma ortaya qoyulmaqla həll olunmasının vacibliyini vurğulayıblar. Həmçinin, sözügedən tədbirin "Vahid Sağlamlıq" konsepsiyası ilə bağlı yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə böyük töhfə verəcəyini qeyd ediblər.
Daha sonra sessiyada zoonoz xəstəliklərlə bağlı problemlərin həll olunması üçün hazırlanmış Milli Strategiyanın təqdimatı keçirilib.
"Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması" mövzusunda keçirilən sessiyada isə FAO-nun baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu, ÜHST-nin Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜST-nin Avropa üzrə Regional Ofisinin Yoluxucu xəstəliklər, ətraf mühit və səhiyyə üzrə direktoru Robb Batler və başqaları çıxış edib. Onlar "Vahid Sağlamlıq" yanaşmasının əhəmiyyətinə toxunub, bu sahədə həyata keçirilən hər bir yeniliyin insan, heyvan və ətraf mühitin sağlamlığının qorunmasında müsbət dəyişikliklərə səbəb olacağına inandıqlarını ifadə ediblər.
Daha çox foto burada: PhotoStock.az
Chosen
66
50
oxu.az

9Sources