EN

Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 iqlim konfransı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu və Avropa Beynəlxalq Hava Limanları Şurasının (ACI Europe) birgə təşkil etdiyi xüsusi tədbirdə qlobal hava limanı sənayesi dekarbonizasiya istiqamətində sürətlənmiş səylərini bir daha nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Heydər Əliyev Beynəlxalq Aeroportuna karbon emissiyalarının azaldılması üzrə əldə etdiyi irəliləyişlərə görə Hava Limanları Karbon Akreditasiyası (ACA) proqramının 2-ci səviyyə "Azaltma" sertifikatı təqdim olunub.
"Biz ətraf mühitin mühafizəsini yalnız strateji məqsəd deyil, eyni zamanda gələcək nəsillər qarşısında mühüm bir məsuliyyət kimi görürük. Bu nailiyyət bizi daha irəli addım atmağa, "Optimallaşdırma" səviyyəsinə çatmağa və davamlı inkişaf sahəsində daha müasir texnologiyaları və yenilikçi təşəbbüsləri tətbiq etməyə ruhlandırır. Bu uğur yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunun deyil, ümumilikdə Azərbaycanın davamlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir. Aviasiyada ekoloji məsuliyyət artıq seçim deyil, müasir dövrün tələbidir," - deyə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev vurğulayıb.
"ACI Europe"un baş direktoru Olivye Yankovets çıxışında bildirib:
"600-dən çox hava limanının akkreditasiyadan keçməsi hava limanı əməliyyatlarının tam dekarbonizasiyası istiqamətində əldə olunan növbəti mühüm nailiyyətdir. Bu, hava limanlarının dayanıqlılığı öz fəaliyyətlərinin əsas prioritetinə çevirdiyinin və hər il milyonlarla ton karbon emissiyasını əhəmiyyətli dərəcədə azaltdığının bariz nümunəsidir. Azərbaycanın paytaxt hava limanını iqlim fəaliyyət icmamıza qoşulması və alt-regionda öncül rol oynaması münasibətilə təbrik edirəm".
Tədbirdə "ACI World"un baş icraçı direktoru Castin Erbaçi və Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) baş icraçı direktoru Haldan Dodun iştirakı ilə "Aviasiyanın dekarbonizasiyası və Qlobal Çərçivə: Cari Vəziyyət və Perspektivlər" mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində sənaye liderləri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas çağırışları və imkanları müzakirə edib, əməkdaşlığın və innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.
"COP29 tədbiri çərçivəsində hava limanlarının iqlim fəaliyyətinə olan sadiqliyi bir daha nümayiş olundu. İqlim tədbirləri üçün mürəkkəb siyasi mənzərə fonunda, 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmaq məqsədimizi kollektiv şəkildə bir daha təsdiqləmək vacibdir. Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşları karbon izi ilə mübarizə apararkən, aviasiyanın rifahı təşviq etməkdə və iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaqda olan unikal rolunu qoruyub saxlamalıdırlar. Biz bütün dünyadakı dövlətlərin ICAO-nun uzunmüddətli məqsədinə nail olunmasını dəstəkləyəcək çərçivələr təqdim edəcəyini səbirsizliklə gözləyirik", - deyə Castin Erbaçi çıxışında vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın ekoloji məqsədlərinə dəstək olaraq karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində innovativ həllərin tətbiqini öz prioritet məqsədlərindən biri kimi müəyyən edib.
Aygün Mirakif
Chosen
55
46
oxu.az

10Sources