EN

"Bitcoin"in qiymətindəki REKORD ARTIM kriptovalyuta bazarlarına nə vəd edir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün "Bitcoin"in qiyməti tarixi maksimumu yeniləyərək, 94 000 dolları keçib.
Oxu.Az xəbər verir ki, "Binance" platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 17:15-də 94 008 dollarlıq (+1,78%) rekord həddə çatan kriptovalyutanın qiyməti cəmi dörd dəqiqə sonra daha da artaraq 94 241 dollar səviyyəsinə çatıb.
"Bitcoin"in dəyəri bu gün tarixi maksimumu yeniləyərək 97 000 dolları (164.9 min manat) keçib.
"Bitcoin"in birdən-birə bu qədər yüksəlməsi kriptovalyuta bazarlarına nə vəd edir? Bu artımı hansı iqtisadi faktorlarla əsaslandırmaq olar? Mütəxəssislər bu vəziyyəti necə dəyərləndirirlər? Oxu.Az mövzunu araşdırıb.
İqtisadçı Rəşad Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda kriptovalyuta bazarları, o cümlədən də "Bitcoin" Donald Trampın seçilməsini və ötən iclasda FED-in uçot dərəcəsini aşağı salmasını qiymətləndirirlər.
O qeyd edib ki, məhz bu həyəcanın nəticəsidir ki, bazarda alış artıb. Belə hallarda isə təbii ki, spekulyativ müdaxilələr genişlənir:
"Bu gün bizim müşahidə etdiyimiz qiymət səviyyəsi və bu qiymətə çatma dövrü, yəni qısamüddətli period onu deməyə əsas verir ki, burada "köpüklər" də artır. Təbii ki, kriptovalyuta bazarının gələcəyi ilə bağlı ümidlər çox böyükdür və aydındır ki, kriptovalyuta gələcəyin ödəniş vasitəsidir, amma "Bitcoin"in qiymətinin birdən-birə bu qədər sürətlə artaraq bu həcmə çatmasını faktiki olaraq dəstəkləyən heç bir iqtisadi faktor yoxdur.
Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, 100 minlik psixoloji həddə çox az qalıb ki, bu da qiymətin geridönüş istiqamətində dinamikası ehtimalını gücləndirir".
R.Həsənov onu da diqqətə çatdırıb ki, indiki halda kifayət qədər uzunmüddətli dövrdə və irihəcmli investisiya etməyən, kiçik, qısamüddətli investisiya edənlərə münasibətdə bu volatilliyin böyük zərərlər formalaşdıra biləcəyini də nəzərə almaq vacibdir.
"Hazırda alış istiqamətli hərəkətlərin edilməsi tövsiyə olunmur. Bazarların diqqətlə izlənməsi, fundamental faktorlarla yanaşı, qısamüddətli qiymət dinamikasına təsir göstərən amillərin də analiz edilməsi nəticəsində qərarın qəbul edilməsi daha doğrudur. Düşünürəm ki, indiki halda bu bazarda risk faktoru əhəmiyyətli səviyyədə yüksəlib və buna görə də belə bir qərarın qəbul edilməsi investorlara tövsiyə olunmur".
Biznes təlimçisi Sənan Həsənov isə kriptovalyuta bazarındakı bu dinamika ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, "Bitcoin"in qiymətinin rekord səviyyəyə çatması bir neçə əsas faktordan qaynaqlanır.
O qeyd edib ki, əsas səbəblər arasında Donald Trampın prezident seçilməsi və Halvinq prosesinin ("Bitcoin" mədənçilik mükafatının yarıya endirilməsi) xüsusi rol oynadığını göstərmək olar:
"Donald Trampın kriptovalyutalara müsbət yanaşması və bazarı tənzimləməkdə sərbəst yanaşacağı ilə bağlı gözləntilər investorların "Bitcoin"ə marağını artırıb. Bu, siyasi inamın artması ilə birlikdə həm də bazarda tələb partlayışı yaradıb. Digər tərəfdən, Halvinq nəticəsində təklif azalıb, lakin tələbin davam etməsi qiymətlərin kəskin artmasına səbəb olub. Bu, "Bitcoin"in məhdud resurs olduğunu bir daha vurğulayıb".
S.Həsənov bildirib ki, dünya iqtisadiyyatında inflyasiya risklərinin artması və ənənəvi investisiya alətlərinə olan inamın azalması "Bitcoin"i "rəqəmsal qızıl" kimi daha cəlbedici edib.
"Əsas maliyyə institutlarının "Bitcoin"i qəbul etməsi, həmçinin fərdi investorların marağı qiymətləri daha da artırıb. Ancaq unutmaq olmaz ki, "Bitcoin" çox spekulyativ bir vasitədir. Fundamental faktorlar nəticəsində yüksələn qiymətlərdə kəskin enişlər də ola bilər. Uzunmüddətli perspektivdə 2025-ci ilin sonuna cari qiymətlərin daha da yüksəlişi gözlənilir", - deyə ekspert vurğulayıb.
Əzizə İsmayılova
Chosen
92
50
oxu.az

10Sources