EN

Qanun layihəsində yer alan əsas məqamlar açıqlanıb

Milli Məclisdə “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasının gündəliyinə daxil edilən qanun layihəsi 5 fəsil, 31 maddədən ibarətdir.

Layihəyə əsasən, diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası həyata keçiriləcək. Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı altı ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi bu Qanun nəzərə alınmaqla “Dövlət qulluğu haqqında” Qanun ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla) attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı bir il daimi xidmət keçən diplomatik xidmət əməkdaşları attestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.

Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

Sənəd layihəsinə əsasən, ilk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir: “Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.

And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

Chosen
5
5
sia.az

7Sources