EN

Komitə sədri Mingəçevir və Yevlaxda məscidləri ziyarət edib

Bakı, 11 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mingəçevir şəhərində yerləşən “Heydər”, “Zəhra”, Mingəçevir kənd “Cümə” məscidlərini və Yevlax rayonu Havarlı kənd məscidini ziyarət edib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Ramin Məmmədov ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayan R.Məmmədov multikultural ənənələrin təbliğində Heydər Əliyev Fondunun fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib.

Dövlət Komitəsinin sədri dinin cəmiyyətdəki rolu və dini tolerantlığın təşviqi ilə bağlı fikirlərini bölüşərək, dövlətin dini icmalara dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.

Görüş zamanı R.Məmmədov bu cür ziyarətlərin dini icmaların fəaliyyətini və onların ehtiyaclarını öyrənmək məqsədi daşıdığını, eləcə də dini icmalar ilə dövlət arasında əməkdaşlığı daha da gücləndirmək baxımından vacib olduğunu qeyd edib.

Müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.

 

Chosen
18
8
azertag.az

10Sources