Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında danışıqlar aparılacağı təqdirdə Macarıstandan platforma kimi istifadə imkanını müzakirə etməyiblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə bildirib.
“Xeyr. Bu məsələ müzakirə olunmayıb. Hələ ki, danışıqlar aparılmır”, - o vurğulayıb.
Peskov daha əvvəl jurnalistlərə deyib ki, dekabrın 11-də Putinlə telefon danışığı zamanı Orban Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsinin keçirilməsini və Milad bayramı atəşkəsi elan etməyi təklif edib.
Moskva Orbanın təşəbbüsünə dərhal reaksiya verib və iki lider arasındakı söhbətdən dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Macarıstanın Moskvadakı səfirliyinə məhbusların mübadiləsi ilə bağlı təkliflər təqdim edib. Lakin Kiyev Budapeştin təşəbbüsünü rədd edib.