Rusiya ilə Ukrayna arasında 3 ilə yaxındır davam edən müharibə sona çatmaq üzrədir.
“AzPolitika” xəbər verir ki, bu barədə Nyu York Şəhər Kollecinin Pauell Məktəbinin beynəlxalq əlaqələr üzrə fəxri professoru Rayan Menom “The New York Times” nəşrində yayımlanan məqalədə bildirib.
Müəllif müharibənin necə bitəcəyini və tərəfləri danışıqlar masasına oturtmaq üçün hansı yolla getməli olduğunu dəyərləndirib. Ukraynanın yay aylarından bəri davamlı olaraq torpaq itirdiyini və ordusunun əsgər qıtlığı ilə üzləşdiyini bildirən R. Menom, Rusiyanın bu il Ukraynada ötən illə müqayisədə altı dəfədən çox ərazi ələ keçirdiyini bildirib. Qeyd olunub ki, avqustda Ukraynanın Kursk vilayətinə hücumundan sonra Rusiya tərəfi atəşkəs şərtlərini müəyyənləşdirməyə başlayıb.
Professor müharibənin sonu ilə bağlı 4 mümkün ssenarini də açıqlayıb:
1. Ukraynanın NATO-ya üzvlüyü
Bu, Kiyevin əsas məqsədi olaraq qalır, lakin Alyans üzvləri arasında konsensusa nail olmaq çətin olacaq. Hazırda NATO-nun yeddi ölkəsi Ukraynanın bura daxil olmasına qarşı çıxır və ya ABŞ-də daxil olmaqla onun gecikdirilməsini təklif edir.
2. Təhlükəsizlik Zəmanətçiləri Koalisiyası
Alternativ variant Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazır olan dövlətlərin koalisiyası ola bilər. Bununla belə, Kiyev ABŞ-nin bu cür razılaşmalarda iştirakında israr edəcək ki, bu da Trampın siyasətinə görə mümkün deyil.
3. Silahlı neytrallıq
Bu variant Rusiyanın Ukraynaya hücum etməmək öhdəliyini nəzərdə tutur və Ukrayna da öz növbəsində NATO-ya üzv olmaqdan və xarici qoşun yerləşdirməkdən imtina edir. Bu, ən real kompromis olsa da, Ukraynanı daha zəif göstərəcək. Ukrayna güclü ordusunu və lazımi silahları almaq hüququnu saxlamaqda israr etməlidir.
4. Avropa liderliyi
Bəzi Avropa ölkələri öz qoşunlarını müharibədən sonrakı mərhələdə Ukraynada yerləşdirmək imkanlarını nəzərdən keçirir. Fransa və Polşa artıq bu məsələni müzakirə ediblər, lakin hələlik konkret bir qərar yoxdur.
“AzPolitika.info”