1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb.
Bu iş üzrə - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır.
Hakim Leyla Əsgərova-Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan imtina etmək istədiklərini deyiblər. Onlar bildiriblər ki, yanğında yüngül xəsarət alsalar da, burada mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur.
Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərini qəbulolunmaz hesab edib:
"Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb "yox, zərər çəkməmişik", - deməkləri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar", - deyə prokuror əlavə edib.
İttiham tərəfinin qəti mövqeyi Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb.
Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib:
"Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiniz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?" - deyə vəkil soruşub.
Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin olunmadığını bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasibət bildirmək düzgün deyil.
Mehriban Abasquliyeva iclasdan əvvəl məhkəməyə mərkəzdə baş verən yanğının videosunu və şəkilləri təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür.
M.Abasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində personalın da günahı var. Amma prokurorluqda buna baxılmayıb.
Vəsatət işə əlavə edilib.
Prosesin davamında ittiham aktı elan olunub.
İttihamda deyilir ki, Mehriban Abasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib.
Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərib. İstintaq materiallarında yazılıb ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda, cəmi 2 nəfər işləyib. Bundan başqa, reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda, cəmi 10-22 olub. Bu isə tibb cihazlarının xəstə sayından xeyli az olmasına gətirib çıxarıb.
Ən əsası yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasiyent qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib.
Araşdırma nəticəsində məlum olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinatal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş verib.
Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoyulmayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib.
Bununla da, gələcəkdə baş verəcək analoji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra 7 körpənin ölümü ilə nəticələnən faciə baş verib.
Yanğın nəticəsində mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəyib.
Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər.
Mehriban Abasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.
Proses yanvarın 13-də davam edəcək.