Azad edilən ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib.
V.Qurbanov bildirib ki, 81 kənd, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib.
O qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul tipli xəstəxana, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir.
“Böyük Qayıdış” layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6 min 561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib. Bu ilin yanvar ayından bugünədək isə 819 ailənin, 3 min 100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub”, - TƏBİB rəhbəri əlavə edib.