EN

Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Rusiya Federasiyasına səfər edən vətəndaşlara müraciət edib.

O, sosial şəbəkə hesabında bunları yazıb:

 “1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcəkdir. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaqdır. 

Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan Respublikası vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər.

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan Respublikası vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan Respublikası vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər”.

O bildirib ki, Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

“- Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;

- Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;

- qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər”.

Maraqlıdır, Rusiyada qapılar azərbaycanlıların üzünə bağlanır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur. 

Onun sözlərinə görə, Rusiyada işi olan və yaşamaq istəyənlər varsa, qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçsələr daha yaxşı olar:

“Rusiyada miqrasiya qanunu sərtləşdirilir. Sərtləşdirilmənin əsas səbəbi odur ki, Rusiyanın daxilində olan bir çox problemlərin kökündə miqrantların olduğu ilə bağlı fikir formalaşdırılır. Çünki günahı kiminsə üzərinə yıxmaq lazımdır. Yəni insanların beyninə bir çox daxili problemlərin kökündə miqrantların olduğu, həmçinin, miqrasiya siyasətinin yanlış olduğu aşılanır. Ona görə də qanunlar sərtləşdirilir.

Orada yaşayan azərbaycanlıların 700 minə yaxını vətəndaşlıq alıb. Bu onlara aid deyil. Vətəndaşlıq aldıqları üçün həmin şəxslər onsuzda miqrasiya qanunundan kənardılar. Bəzi mənbələrə görə, orada təxminən 300-400 minə yaxın azərbaycanlı işləyir. Onların da Rusiyada qalmaq üçün rəsmi şəkildə icazələri var.

Bildirim ki, bu gün Rusiyada yüzminlərlə qeyri-qanuni şəkildə yaşayan və işləyənlər var. Onlarla bağlı problem yaşana bilər. Onlar ya qısa müddət ərzində müraciət edib Rusiyada qanuni əsaslarla qalmaqla bağlı miqrasiya qanunvericiliyinin tələblərini yerinə yetirməlidirlər, ya da 90 gün tamam olduqda qonşu ölkələrdən birinə çıxıb yenidən Rusiyaya daxil olmalıdırlar. Onlar bu yolla hər dəfə müddəti 90 gün uzada bilərlər. Amma bu çox çətin və bahalı bir yoldur”. 

 

Chosen
12
50
musavat.com

10Sources