EN

Azərbaycanlıların həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Yola saldığımız son dörd ildə Azərbaycan böyük zəfərə imza atdı, xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi birdəfəlik darmadağın edildi. Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında şanlı Vətənimizin üçrəngli bayrağı dalğalanır. Azərbaycan xalqı düşmənə bir daha sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə, Azərbaycan xalqının birliyinə, həmrəyliyinə şahidlik etdi.

Qürurla qeyd etməliyik ki, azərbaycanlıların həmrəylik modelinin, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev 1991-ci ildə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.
Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları hər zaman xalqımızın yoluna işıq salıb.

Qalib dövlətin Lideri, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlıları 31 dekabr tarixini birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edirlər.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın milli birliyin və bərabərliyin simvoludur. İldən-ilə daha geniş vüsət alan, daha geniş şəkildə keçirilən bu əlamətdar gündə Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurverici haldır.

Chosen
15
41
yeniazerbaycan.com

10Sources