EN

"Vaxtında tədbir görülməsə gələcəyin potensial cinayətkarları böyüyəcək" - ARAŞDIRMA

"Vaxtında tədbir görülməsə gələcəyin potensial cinayətkarları böyüyəcək" - ARAŞDIRMA

Son vaxtlar ölkədə baş verən hadisələrə diqqət yetirsək, xüsusi amansızlıqla törədilən qətllərin, valideynin uşağa, uşaqların isə bir-birinə etdikləri zorakılıqların xəbərlərini görürük. Belə ki, qətl, işgəncə və bullinq videoları insan psixologiyasında dərin iz buraxır. Xüsusilə yeniyetmələrdə bu halları müşahidə etmək mümkündür. Ölkədə qətllərin, o cümlədən zorakılıqların artmasının səbəbi nədir?

Məsələ ilə bağlı, klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov və sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlama verib. Psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, hadisələrə psixoloji aspektdən baxdığımız zaman müşahidə edirik ki, bütün bunların olması psixoloji mühitin qeyri-sağlam olmasından irəli gəlir:
"Psixoloji mühit sağlam olmadıqda insanlar bir-birinə qarşı öz nifrətlərini ifadə edirlər. Hər kəs anlamalıdır ki, şəxsin psixoloji problemi və narahatlığı, psixoloji pozuntusu xəstəliyi olması normaldır. Belə halda mütləq mütəxəssisə müraciət etmək lazımdır. O zaman şəxsə biz dəstək olmuş oluruq. Digər məqam odur ki, qətl hadisəsinin baş verməsi cəmiyyətdə iki halda müşahidə olunur. Biri qəsdən adam öldürmədir. Yəni şəxsin şüurlu şəkildə cinayəti törətməsidir. Digər isə şəxsin artıq psixoloji olaraq nizamsızlığıdır. Ümumiyyətlə psixoloji halın nizamsızlığı odur ki, cəmiyyətdə şəxs qeyri-adekvat davranır. İstər nitqində, istərsə də davranışlarında biz bunu aydın şəkildə müşahidə edə bilərik. Valideynlərin ailələrdə övladları ilə davranışlarında qeyri-adekvat və qeyri-sağlam olması hansısa psixoloji halın nizamsızlığından irəli gəlir. Əgər valideynlər arasında aqressiya varsa, o aqressiya mütləq övladlarınada yansıyacaq. Şiddət görən övlad şiddət, sevgi girən övlad isə sevgini öyrənəcək. Valideynlərin övladlarına cəza olaraq şiddət tətbiq etməsi doğru deyil. Onlar gələcəyin potensial cinayətkarını böyüdürlər. Başqalarının həyatına maneə olan bir şəxsi böyüdəcəklər. Bunun normal olduğunu düşünən insanları yetişdirəcəklər. Valideynlər anlamalıdır ki, övladları onların şəxsi mülki deyil. Onlar cəmiyyətdə faydalı insanlar yetişdirməlidir. İnsanın ilk və müqəddəs peşəsi yaşamaq olub. Əsas vəzifə öhdəliyi isə başqasını yaşatmaq olub. Biz övladlarımıza başqaları ilə yaşamağı öyrətməliyik. Sevgini aşılamalı və övlad başqaları ilə cəmiyyətdə yaşayarkən daha müsbət davranışlar və nitqlər ilə rastlaşacaq. Ümumi proses və psixoloji maarifləndirmə işləri aparılmalıdır. İstər ailələrdə, istərsə də cəmiyyətdə bu addımların fəaliyyət dairəsini genişləndirmək lazımdır. O zaman biz sağlam cəmiyyətin təməlini qoymuş olarıq. Əks halda bizim biganə qaldığımız hər şey və hər kəs bizim və övladımızın qarşısına çıxacaqdır".

Sosioloq Şəfiyevin sözlərinə görə, əvvəllər belə hallar oldu. Qətl hadisələri, o cümlədən valideynlərin uşaqlara zor tətbiqi halları ilə üzləşirdik. Nəinki valideynlər, o cümlədən məktəbdə də baş verirdi. İndi isə artıq informasiyalara əlçatanlıq artıb:
"İnformasiya yayım imkanları artıb. Bu günləri insanların həyatına, məişətinə internet resursları daha çox daxil olduğuna görə, sözügedən hallar tez-tez tirajlanır. Bu halların sayı artıb. Doğrudur. Statistikada artım dinamikası var. Amma artım dinamikasının bir təzahürü ildir təzahürü odur ki, belə hadisələrin mətbuata yansıması çoxalıb. Bunu həm də bu şəkildə başa düşməliyik. Amma bütövlükdə danışsaq, qətl hadisələri, uşaqlar arasında məktəblərdə və məişət zəminində problemlər var. Onların bir çox səbəbləri var. Mən istəməzdim ki, tək səbəbə fokuslanaq. Mətbuatın, sosial şəbəkə vahidlərinin kontentlərini analiz etsək görərik ki, burada kriminal xəbər üstünlük təşkil edir. Hətta işlənməmiş və emal olunmamış xəbər daha çox yer alır. Eyni zamanda internetdə intihara, özünə qəsdə meyillilik yaradan oyunlar çoxdur. Sosial şəbəkə vahidlərində "kriminal aləm"in "qəhrəmanlar"ı ilə bağlı məlumatlar paylaşılır. Cinayət aleminin "qəhrəman"ları haqqında dəbdəbəli sözlər, onların keçmişi haqqında sosial şəbəkələr üzərindən canlı yayımlar verirlər. Bu hallar psixologiyası bərkiməmiş uşaqlara yanlış istiqamət verir. Onlar elə bilir ki, bu şəxslər haqqında çox danışırsa, mətbuatda xəbərləri çıxırsa deməli bu adam düz yaşayır. Bu xəbərlər açıq şəkildə "Media" haqqında qanunun pozuntusudur. Qanunun 14-cü maddəsinə fikir versək bunu görə bilərik. Ölkə başçısının uşaqların zərərli informasiyadan qorunması ilə bağlı imzaladığı qanun var və bu kimi addımlar da həmin qanuna ziddir. Uşaqlar elə bilir ki, bu tərz düzgündür. Çünki bunlardan neçə il keçməsinə baxmayaraq cinayətkarlar haqqında nə qədər məqalələr yazırlar. Uşaqların formalaşmasında təkcə ailə və məktəb yox, media vasitələri də sosiallaşmaya xidmət edir. Sosiallaşma institutu olduğuna görə, KİV-lərin və sosial şəbəkə vahidlərinin uşaqlara mənfi təsirinin qarşısını alınması ilə bağlı fikirləşməliyik. Bəzi Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə sosial şəbəkə vahidlərini tənzimləyən qanunlar var. Burada həm də onların giriş çıxışına belə limit var. Yaşlıların şəbəkədən istifadə limiti var. Hətta Almaniya həmin operatorlar ilə əlaqə saxlayaraq razılaşıblar. 2027-ci ildə onlarla razılaşma əldə edilib ki, saxta adlar və plagiatlar ilə, eyni zamanda şəbəkədə insanları alçaldan adamların kimliklərinin müəyyən edilməsi, hüquq-mühafizə orqanlarına çatdırılması ilə bağlı razılaşma əldə olunub. Bu addımı biz də ata bilərik. Bu bir səbəbdir".

Sosioloq qeyd edib ki, bir vaxtlar yayılan "mavi balina" oyununun nə qədər uşaqlara təsiri oldu. Neçə uşaq və yeniyetmə intihara sövq edildi. Nəticə etibarilə aydın oldu ki, bu oyun uşaqların həyatını məhv edir. Bu amil sosial şəbəkələr üçün də keçərlidir:

" "TikTok" sosial şəbəkə vahidi kimi Çinə məxsusdur. Amma Çin öz ölkəsində bu platformanı qadağa edib. Onun analoji variantını istifadə edir. Eyni zamanda öz ölkəsində platformanın analoji variantını istifadə etmək üçün uşaqlara 40 dəqiqəlik vaxt limiti qoyulub. Artıq tədqiqatlarda müəyyənləşdirib ki, uşaqlarda sosial şəbəkələr klinik düşüncə sindromu yaradır. Bir neçə saniyədə onlarla informasiyaya baxmaq uşaqlarda analitik qabiliyyəti, riyazi-məntiqi təfəkkürü yoxa çıxardır. Çox yaxşı olar ki, bizdə də sosial şəbəkə vahidlərini tənzimləyən qanun olsun. Əgər fəaliyyət varsa, onu tənzimləyən qanunda olmalıdır. Qətllərin, zorakılıqların qarşısını almaq üçün bunlara ehtiyac var. Valideynlərin uşaq üzərində nəzarəti olmalıdır. Valideyn anlamalıdır ki, əvvəlki dövr deyil. Təkcə məktəb və ailə sosiallaşma institutu kimi rol oynamır. Bilməlidir ki, uşağı kiminlə yoldaşlıq edir, kiminlə dostluq edir. Valideynlər uşaqlarına yumşaq nəzarət mexanizmi tətbiq etməlidir. Elə uşaqlar var ki, orta məktəbdə və küçədə öz həmyaşıdı tərəfindən bullinqə məruz qalır. Son baş verən hadisələrdən məlum göründü ki, valideyn-övlad münasibətləri təkmilləşdirilməlidir. Övlad valideyn ilə problemlərini bölüşməyi bacarmalıdır. İndiki dövrdə artıq valideynin məsuliyyəti artıb. Valideynlərin arqumenti odur ki, işləyir yaxud çörək qazanırlar. Ancaq heç bir səbəb uşaq üzərində nəzarətinə əsas verə bilməz. Sonradan artıq çox çətin olur. Elə bir uşaq böyüdülür ki, qarşıdakı zamanda həm özünə, həm də ətrafdakılara ziyan verə bilər. Azərbaycanda narkotikdən istifadə edən yeniyetmələr var. Bu böyük bir problemdir. Buna görə qabaqlayıcı tədbirlər görülməlidir. Mənim sözüm odur ki, sosiallaşma institutu sağlam olmalıdır. Televiziyalar və KİV-lər pozitiv mesajlar ötürməlidir. Uşaqlar ilə bağlı intellektual verilişlər çox olmaldır. İnnovativ fikirlər aşılayan proqramların sayı artırılmalıdır. Eyni zamanda Gənclər və İdman Nazirliyi bu istiqamətdə layihələr təşkil etsin. Digər qurumlar Ailə, Qadın dövlət komitəsi müştərək-sistemli tədbirlər görməlidir və buna ehtiyac var. O cümlədən bildirmək istəyirəm ki, burada boşanmaların da öz təsiri var. Natamam ailədə böyüyən uşaqların sayı çoxalır. Natamam ailədə böyüyən uşaqlara valideynlər nəzarət edə bilmir. Bu da uşaqlarda davranış pozuntularına gətirib çıxarır". 

Sevda Səfərova

Chosen
94
50
sonxeber.az

10Sources