EN

"Öz günahsızlığına əminlik tarixdə heç vaxt xeyir gətirməyib" - Lavrov

"Fələstin probleminin nizamlanmaması Fələstinin özündə və bütün ərəb dünyasında ekstremizmə rəvac verir..."

 
"İsrailin rəsmi şəxsləri fələstinliləri "heyvan cildində olan adamlar" adlandırır, elə Zelenski də rusları "insanlıqdan kənar varlıqlar" adlandırdığı kimi..."
 
Rusiya xarici işlər naziri Sergey Lavrov ərəb-İsrail münaqişəsi ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Antalyada Diplomatik Forumun xüsusi sessiyasında çıxışı zamanı bəyan edib.
 
"O zaman, 20 ildən artıq öncə, bu dövləti hələ xəritədə təsəvvür etmək olardı.
 
Hazırda orada praktiki olaraq salamat yer qalmayıb. Hətta İordan çayının Qərb sahilində də hər yer dünyada heç kimin, o cümlədən Birləşmiş Ştatların da tanımadığı İsrail məskənləri ilə doludur. 
 
Lakin eyni zamanda belə dövlətin özündə həm İordan çayının Qərb sahili, həm də Qəzza bölgəsini özündə ehtiva edən konturları görünürdü", - Lavrov deyib.
 
Rusiyanın baş diplomatı qeyd edib ki, çoxdan israilliləri Fələstin dövlətinin yaradılmasına sövq etməyə cəhd edib.
 
"O zaman israilli dostlara onların inadkarlığını tənqid edərkən deyirdim ki, Fələstin probleminin nizamlanmaması daima Fələstinin özündə və bütövlükdə ərəb dünyasında ekstremizmə rəvac verir.
 
İsraillilər məndən inciyərək deyirdilər ki, fələstinlilər terrorçudur, onlarla yalnız güc dilində danışmaq və hərəkət etmək olar", - nazir xatırladıb.
 
Lavrov Qəzza bölgəsində İsrail hərbçilərinin hərəkətlərinə neqativ qiymət verib.
 
"HƏMAS tərəfindən İsrailə qarşı dəhşətli terror hücumu baş verəndə Rusiya dərhal bu terror aktını pisləyib. Lakin bunun ardınca fələstinlilərin kollektiv cəzalandırılması üçün hərbi əməliyyat başlananda biz bunu qəbul edə bilməzdik. 
 
BMT baş katibi Antoniu Quterriş 7 oktyabr hücumunu pisləyərək bəyan edib ki, bu, "vakuumda" baş verməyib, elə biz də bundan danışırıq.
 
İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bu bəyanata Quterrişin istefası və BMT-nin yenidən formalaşdırılması tələbi ilə cavab verib. Özünün günahsızlığına əminlik hissi tarixdə hələ heç vaxt xeyir gətirməyib", - Lavrov deyib.
 
İsraillilərin Fələstin ərəbləri ilə bağlı ukraynalıların təcavüzkar  Rusiyanın ünvanına söylədiyi eyni terminlərdən istifadə etməsi rusiyalıları narazı salır.
 
"Netanyahu hökumətinin üzvləri bu yaxınlarda bəyan edib ki, fələstinlilər "heyvan cildində olan adamlardır". Elə Kiyev rejimi də, Zelenski də, rəsmi şəxslər də rusları "insanlıqdan kənar varlıqlar" adlandırır.
 
Hələ xüsusi hərbi əməliyyat başlanmazdan xeyli öncə, o zaman Minsk razılaşmaları hələ qüvvədə olanda, Zelenskidən təmas xəttinin digər tərəfində olan insanlara necə münasibət göstərdiyi soruşulub. O, artistə xas olan tərzdə düşünərək deyib ki, "adamlar və varlıqlar var" - Lavrov xatırladıb.
 
Daha sonra o, Ukrayna müharibəsi ilə paralellər apararkən faktları açıq-aşkar təhrif edib.
 
"2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verəndən indiyədək müxtəlif, o cümlədən BMT-nin insan haqları üzrə Ali Komissarı İdarəsinin dəyərləndirməsinə görə, mülki əhali arasında 13, 5 - 16, 5 min adam həlak olub. Qəzza bölgəsində 5 aydan az müddət ərzində 30 min adam həlak olub", - o, deyib.
 
Ukraynanın mülki əhalisi arasında itkiləri barədə məlumatı güclü şəkildə fərqlənir. Bəzi məlumatlara görə, təkcə Mariupolda 25 min adam həlak olub və ya itkin düşüb.
 
Hətta bu rəqəmlər doğru olsa belə, Lavrov  Ukraynada "mülki əhali arasında" itkiləri qəsdən Qəzzada həlak olanlarla müqayisə edib.
 
Lakin belə müqayisə bütün həlak olan ukraynalıların Qəzzada həlak olanlarla müqayisə edilməsini tələb edir. Zelenski  31 min hərbçinin həlak olduğunu deyib, bunun üzərinə Lavrovun dediyi 13-16 mini də gəlmək lazımdır. Qərb ekspertlərinin dəyərləndirməsinə görə isə Ukraynanın itkiləri ən azı 100 min hərbçi təşkil edir.
 
Həmçinin müharibənin başlanmasından öncə HƏMAS-ın sərəncamında ən azı 40 min yaraqlı olub, ona görə də həlak olan 30 min nəfər intensiv hərbi əməliyyatlar üçün müstəsna rəqəm deyil.
 
Lavrov həmçinin qeyd edib ki, Ukraynada müharibə böyük məkanlarda, adətən, kənd yerlərində aparılır, bu da kənq və qəsəbələrin az sayda əhalisinin harasa təxliyə edilməsinə imkan verir, Ukraynanın arxa cəbhəsi bütövlükdə onların sərəncamındadır. 
 
Biz hələ qonşu ölkələrin Ukrayna ilə Misirdə olduğu kimi öz sərhədlərini bağlı saxlamasından, milyonlarla qaçqına beynəlxalq konvensiyalara uyğun olaraq ölkəni tərk etməyə imkan yaratmasından danışmırıq.
 
Bunun əvəzinə Lavrov Antalyada ərəblərin Qəzza bölgəsndən çıxarılmasını yolverilməz adlandırıb.
 
"Bizi narahat edən hazırda, müqəddəs  Ramazan ayı ərəfəsində Qəzza əhalisinin üçdə iki hissəsi, bəlkə də bütün əhalisinin cəmləşdiyi Rafahın təmizlənməsi üzrə əməliyyata hazırlıqdır", - nazir deyib.
 
O, əlavə edib ki, əməliyyat aparılacağı təqdirdə qaçqınların böyük bir hissəsi Misirə yönələcək, o isə öz növbəsində bunin yolverilməz olduğunu bəyan edir. Lavrovun sözlərinə görə, bu, "faktiki olaraq etnik təmizləmə" demək olacaq.
 
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazilərinin işğalı müddətində Ukraynanın 43 milyon əhalisindən 16 milyonu (yəni üçdə bir hissəsindən çoxu) ölkəni tərk edib, daha 8 milyon insan ölkə daxilndə məcburi köçkünə çevrilib.
Chosen
260
15
moderator.az

10Sources