İrəvanla Moskva arasında münasibətlərin pozulması Ermənistanı ciddi problemlərə aparacaq.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, respublika parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan deputatı Areqnaz Manukyan İrəvanın Qərbə üz tutmasının nəticələri barədə xəbərdarlıq edib.
“Mən Ermənistanın xarici siyasət istiqamətlərinin dəyişdirilməsinin qəti əleyhinəyəm. Ermənistan geosiyasi oyunlarda alver predmetinə çevrilməməlidir. Ermənistanın hazırkı hakimiyyətinin niyyətlərinə gəlincə, mən dəfələrlə bəyan etmişəm ki, bizim strateji müttəfiqimiz Rusiya ilə münasibətləri pozmaq kursu ilk növbədə Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən zərər verəcək”, - o qeyd edib.
Deputat vurğulayıb ki, təhlükəsizlik məsələlərini nəzərə alaraq, Ermənistan Qərbə üz tutsa, ölkə eyni vaxtda bir neçə istiqamətdə çox ciddi problemlərlə üzləşəcək.
Bir müddət əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Lenta.ru ilə söhbətində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq barədə bəyanatını şərh edib. Onun sözlərinə görə, Ermənistan ABŞ və Qərbin geosiyasi zarafat obyektinə çevrilir.
Musavat.com