Bakı, 25 aprel, AZƏRTAC
Məişət təyinatı olmayan soyuq silahlar insan həyatı və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Nurəddin Hüseynov, 1986-cı il təvəllüdlü Elşən Səfərov, 1990-cı il təvəllüdlü Nihat Əliyev, 1985-ci il təvəllüdlü Ariz Hacıyev, 1980-ci il təvəllüdlü Vahid Rəhimov və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Anar Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.
Nazirlik məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırıb.