EN

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq və qarşılıqlı anlaşma üçün mühüm amildir

Azərbaycanla Rusiya Federasiyası arasındakı iqtisadi əməkdaşlıq və dostluq münasibətləri həmişə yüksələn xətt üzrə davam edib. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələrin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayıb. Həmin illərdən bu yana  yüzlərlə dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər, o cümlədən iqtisadi sahədə 50-yə yaxın saziş imzalanıb və həyata keçirilib. Xüsusilə iki ölkə arasında 2008-ci ilin iyulun 3- də Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Eyni zamanda, 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqlardan sonra iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Sənədə əsasən, Rusiya və Azərbaycan tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, dərhal məsləhətləşmələrə hazırdır, milli maraqlara cavab verən və digər ölkələrə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Ümumilikdə Azərbaycanda Rusiyanın iştirakı ilə 1,4 mindən çox şirkət qeydiyyatdan keçib ki, onlardan  300-ə yaxını Rusiya kapitalı ilə, qalanları isə birgə müəssisələr arasındadır. Respublikada təmsil olunan iri rus istehsalçıları, şirkətləri və bankları arasında "Qazprom", "Lukoyl", VTB Bank, "Avtovaz", "Rosselxozbank" var. Azərbaycanda “Kamaz” və “Ural” markalı yük avtomobillərinin istehsalı və yığılması layihələri həyata keçirilir, “Qazel” markalı avtomobillərin yığılması zavodu istifadəyə verilib.

Bu gün Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsinin 4,5 milyard ABŞ dollarına çatıb. Belə ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Bu həftə Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazıldı. Belə ki, aprelin 22- dəAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya  Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Moskvada hər iki prezidentin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilmişdir. Rusiya prezidenti bu magistral yolun tikintisində ulu öndər Heydər Əliyevin rolunu da xüsusi qeyd edib: «BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.»

Bu gün dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan çox önəmlidir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Chosen
39
3
ikisahil.az

5Sources