EN

BSU-da beynəlxalq elmi konfrans keçirilib - FOTO

2-3 may tarixlərində Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Yeni dövrün Azərbaycanı şüarı altında keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransı təşkil olunub.

 

Modern.az xəbər verir ki, konfransın plenar iclasında işin məzmununu əhatə edən giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını və qonaqları salamlayıb. Rektor “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və yeni dövr Azərbaycanı: zəfərə aparan yol” adlı proqram xarakterli çıxışında 2024-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycançılıq ideologiyasının, Azərbaycançılıq prinsiplərinin Azərbaycanda çoxdan bərqərar olduğunu qeyd edib.

 

Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan birinin azərbaycançılıq məfkurəsi olduğunu söyləyən Anar Nağıyev biz - onun davamçıları kimi bu müsbət meyilləri öz tərəfimizdən də gücləndirməliyik” fikri ilə başlayaraq Azərbaycan xalqının tarixi yaddaşı və milli dəyərlər sistemi üzərində formalaşmış Azərbaycançılıq ideologiyasının yalnız coğrafi və mədəni kontekstdə deyil, eləcə də böyük miqyasda hər bir azərbaycanlının vahid milli gələcəyə baxış sistemini təşkil etdiyini vurğulayıb.



Rektor Anar Nağıyevin çıxışının əsas strukturu Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin Azərbaycan dövlətinin inkişaf hədəflərinə aparan yolda mühüm strateji baxış olmaqla gələcək uğurların təməlini qoyduğunu bildirib.

 

Çıxışı zamanı Anar Nağıyev bildirib ki, Azərbaycançılıq məfkurəsinin əsasında təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamı Ulu Öndər Heydər Əliyev tərəfindən müasir dövlətin qurulması ilə yanaşı, sürətli inkişaf dinamikısını, o cümlədən suverenlik və ərazi bütövlüyü ilə nəticələnən böyük zəfərimizi səciyyələndirən əsas amildir. Anar Nağıyev qeyd edib ki, sosial və siyasi elmlərin müvafiq nəzəriyyələrinin tələbləri də nəzərə alınaraq Azərbaycançılıq ideologiyasına müxtəlif aspektlərdən milli kimlik, dövlətin beynəlxalq nüfuz və statusunun müəyyən edilməsi, milli şüurun qalib xalqın özünüdərki şəklində və s. kontekstlərdə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

 

A.Nağıyev parçalanma və məhv olmanın kəndarından müasir və güclü milli dövlətin qurulması, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində formalaşmış məğlub ruhundan qalib milli ruhuna kökləmənin Azərbaycançılıq ideologiyasının əsas tezislərindən olduğunu vurğulamış, bu ideologiyanın dövlətimizin məğlub və zəif durumdan güclü və qalib duruma, xalqımızın məğlubiyyət hissini aşaraq inkişaf və qalibiyyət hissi ilə milli özünüdərki və altşüurunu formalaşdırması kontekstində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

 

Azərbaycançılıq məfkurəsinin Azərbaycan milli kimliyini formalaşdıran, milli və mənəvi dəyərlər üzərində qurulduğunu, tarixi yaddaş və ənənələri özündə əks etdirən, çoxkonfessiyalı və etnik tərkibi geniş olan Azərbaycanda birgə yaşayışın və multikultural cəmiyyətin unikal dəyərlərini özündə cəmləşdirən milli ideologiyamız, milli birliyin rəmzi olduğunu qeyd edən Anar Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası işində bütün Azərbaycan xalqının yumruq kimi birləşdiyi haqqındakı fikirlərini konfrans işitirakçılarına xatırlatmışdır.

 

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq məfkurəsinin əsasında Azərbaycanşünaslığın öyrənilməsini hədəfləyən bu konfransın “Yeni Dövrün Azərbaycanı” şüarı altında keçirildiyini diqqətə çatdıran A.Nağıyev mövzunun bir neçə istiqamətdə öyrənildiyini, çıxış və tədqiqatların bu istiqamətlərdə qurulduğunu diqqətə çatdırmışdır.

 

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin ali təhsil müəssisələri və tədqiqatçıların qarşısında mühüm missiya olduğunu bildirən rektor Anar Nağıyev 2024-cü il ərzində mövzular üzrə tədqiqatların davam ediləcəyini, növbəti konfransadək tədqiqat nəticələrinin təqdim ediləcəyini bildirib. BSU-nun rektoru Anar Nağıyevin və digər çıxışçıların təqdimatlarından aydın olduğu kimi konfransın qarşısında qoyduğu hər bir istiqamət üzrə mühüm işlər aparılmış, tədqiqat nəticələri konfransın materiallar toplusunda dərc edilmiş və növbəti konfransadək tədqiqat obyektləri kimi müəyyən edilmişdir.

 

Bakı Slavyan Universitetinin Ulu Öndər Heydər Əliyevin anadan olmasıın 101-ci ildönümünə həsr edilmiş və “Yeni dövrün Azərbaycanı” şüarı altında keçirilən konfransın mühüm tədqiqat istiqamətlərindən biri kimi Azərbaycan milli kimliyinin ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan mövzusunun “Qərbi Azərbaycanda tarix və maarifçilik” aspektindən öyrənilməsi müəyyən edilmişdir.

 

Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycanın tarixi, milli-mədəni dəyərləri və Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi milli və tarixi yaddaşa əsaslanan məzmunlu və əhatəli çıxış edib.

 

Ulu Öndər Heydər Əliyevin irsinin və siyasi kursunun öyrənilməsinin, onun ideyalarının həyata keçirilməsinin ən mühüm vəzifə olduğunu bildirən professor Mahirə Hüseynova bu siyasi kursun Azərbaycanı gələcəyə və zəfərlərə aparan işıqlı yol olduğunu bildirib. Professor Mahirə Hüseynova 44 rəqəminin müqəddəs simvolikasından söz açaraq həmçinin 24 dekabr 2024-cü ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının üzvləri ilə tarixi görüşünü, möhtərəm Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycana davamlı qələbələr yaşatdığını böyük qürur hissi ilə qeyd edib. Qərbi Azərbaycanın maarifçiliyi, folkloru, insanları, coğrafiyası və tarixindən gətirdiyi nümunələrlə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının bütün hədəflərinə çatdığı kimi dədə-baba yurdumuz olan Qərbi Azərbaycana da qovuşacağımıza əminliyini ifadə edib.

 

Milli kimliyin formalaşmasında beynəlxalq nüfuz və statusun göstəriciləri sırasında Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin Prezident İlham Əliyevin uzaqgörən fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə mühüm tərəfdaş kimi qəbul edildiyini bildirən BSU-nun rektoru Anar Nağıyev Qoşulmama Hərəkatı və COP 29 kimi nümunələr əsasında Azərbaycanın qlobal missiyasının yüksələn dinamikasından danışıb, Prezident İlham Əliyevin “COP 29-u konfrantasiyalar məkanına çevrilməyə imkan verməyəcəyik, körpülər quracağıq” bəyanatını xatırladıb. Mövzu üzrə geniş və əhatəli çıxış edən Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev ölkəmizin qarşısındakı beynəlxalq həfədlərdən danışıb.

 

Yalçın Rəfiyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyinin ölkəmizin qlobal təşkilata sədirliyinin mühüm nümunəsini formalaşdırmaqla yanaşı Azərbaycanın qlobal missiyasının tərkib hissələrindən birinə çevrildiyinin göstəricisi olduğunu vurğulayıb. İstər COVİD pandemiyası, istərsə də digər məsələlərdə Azərbaycanın artan rolunun qlobal müstəvidə problemlərin həllinə yönəldiyini bildirən Yalçın Rəfiyev COP 29 çərçivəsində Azərbaycanın daha mütərəqqi və uzun müddətli yanaşma formalaşdırdığını, qlobal problemlərin həlli və bəşəriyyətin gələcək inkişafı naminə əsaslandırılmış və uzun müddətli hədəflərə yönəlmiş konspesiyalara malik olduğunu bildirib.

 

Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmilləşmə)” konfransının növbəti tədqiqat və müzakirə istqaməti “Yeni dövrün çağırışları” mövzusu ətrafında təşkil edilmidşir. Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını zəfərə aparan milli starteji xətt kimi qiymətləndirərək, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurların Ulu Öndərin siyasi kursuna və milli dəyərlər sistemimizə söykənməsi ilə əlaqələndirib. Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindəki tarixi qələbəmiz bir çox reallıqları dəyişdiyi kimi, Azərbaycan insanını, onun düşüncə tərzini və gələcəyə baxışını da dəyşmişdir.

 

Müasir dövrün gənclərinin qələbəyə aparan şərəfli yol və tarixi zəfərimizi öyrənmələrinin nəsibi olduğunu vurğulayan Zahid Oruc zəfərin nəticələri və müsbət hissələri üzərində formalaşan milli-özünüdərkin fonunda hər bir azərbaycanlının ölkəmizin bundan sonrakı inkişafı və qələbələri üçün davamlı çalışmalı olduğunu, gənclərin yeni dövrün çağırışlarına uyğun inkişaf etdirilməsinin vacibliyini, ali təhsil müəssislərində isə dövlət siyasətinin ayrı-ayrı elementlərinin davamlı öyrənilməsinin əhəmiyyətini bir daha vurğulayıb.

 

Bakı Slavyan Universitetində Azərbaycanşünaslığın müasir məsələlərini müxtəlif istiqamətlərdən öyrənilməsinin əhəmiyyətini qeyd edən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri, professor Hicran Hüseynova yeni dövrün Azərbaycanın yaratdığı mühüm reallıqlar haqqında dolğun çıxış edib.

 

Professor Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə insan kapitalının inkişafı aspektindən yanaşaraq, konfrans iştirakçılarına bu istiqamətdə aparılmış məsələlər haqqında ətraflı məlumat verib. Professor Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin milli dəyərlər sisteminin qorunması və inkişafına xidmət edən fəaliyyətinin bu günki Azərbaycanın qələbələri üçün mühüm zəmin olduğunu vurğulayıb.

 

Yeni dövr Azərbaycanşünaslığının mühüm məsələlərindən birinə çevrilmiş “Böyük qayıdış”-ın yalnız Qarabağ və Şərqi Zəngəzura geri qayıdış olmamaqla, tarixdə ilk dəfə olaraq Azərbaycan xalqının öz ruh və tarixi məkanlarına geri dönüşü olduğuna görə bir çox istiqamətlərlə yanaşı milli kimliyin yeni tərkibi kimi də öyrənilməsinin əhəmiyyətini qeyd edən BSU-nun rektoru Anar Nağıyev növbəti konfransadək bu istiqamətdə də elmi tədqiqat işlərinin genişləndiriləcəyini bildirib.

 

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı “Qarabağ və Şərqi Zəngəzur: Böyük Qayıdış kontekstində” mövzusu üzrə dolğun və məzmunlu çıxışında Böyük Qayıdışın iqtisadi modelləri haqqında geniş məlumat verib. Professor Vüsal Qasımlının Qarabağ və Şərqi Zəngəzurun resurslarının səmərələri istifadəsi, regionda sürətli iqtisadi inkişaf və sənaye modelləri, o cümlədən ətraf mühitin qorunması ilə ağıllı şəhər və qəsəbələrin salınmasına dair işlər haqqındakı interaktiv təqdimatı konfrans iştirakçılarının böyük marağına səbəb olub.

 

Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru professor Abdulqappor Qırğızbəyov 2023-cü ildə Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş eyniadlı konfransda olduğu kimi, bu konfransın da yüksək şəkildə təşkil edildiyini bildirirərək Azərbaycan xalqının öz Ulu Öndərinə olan sevgisi və ehtiramını xüsusi rəğbətlə qeyd edib.

 

Türkiyə Respublikasının İstanbul Mədəniyyət Universitetinin rektoru professor Gülfettin Çelik konfrans iştirakçılarını salamlayaraq yeni dövrün Azərbaycanının yaratdığı reallıqların vacibliyini, onların ali təhsil müəssisələrində tədqiq edilməsinin əhəmiyyətini qeyd edib.

 

Plenar iclasda 2023-cü ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmillələşmə)” konfransı çərçivəsində Lənkəran Dövlət Universiteti ilə birlikdə Lənkəran şəhərində regional, Mərmərə Universiteti ilə birlikdə isə İstanbul şəhərində beynəlxalq bölmələrinin uğurlu nəticələri vurğulanaraq, 20 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə konfransın regional bölməsinin keçiriləcəyi bir daha diqqətə çatıdırılıb.

 

Konfransın yekun qərarları sırasında “Yeni Dövrün Azərbaycanı” şüarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi yeni inkişaf mərhələsinin tələblərinə uyğun olaraq Azərbaycanşünaslığın öyrənilməsində yeni mühüm platforma olduğunu, növbəti konfransın adında da bu konsepsiyanın öz əksini tapması, o cümlədən konfransın müəyyən etdiyi mövzular üzrə tədqiqatların davam etdirilməsi və nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsi yer almışdır.

 

Konfransın plenar iclasında başlanılmış müzakirələr eyni istiqamətlər üzrə təşkil edilmiş bölmələrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Polşa, Moldova, Rusiya, Qazaxıstan və digər ölkələrdən olan alimlərin iştirakı ilə davam etmiş, konfrans beynəlxalq redaksiya heyəti tərəfindən müasir tələblərə uyğun seçilərək çapa tövsiyə edilmiş məqalələrdən ibarət konfrans materialları məruzəçilərə və elm ictimaiyyətinə təqdim edilmişdir.

Chosen
329
50
modern.az

10Sources