EN

Qars Azərbaycanla Türkiyə arasında körpü olacaq

Türkiyədə 31 Mart 2024-cü il Bələdiyyə seçkilərindən ay yarıma yaxın vaxt keçib. Azərbaycan əsilli professor Ötükən Səngərin çox böyük üstünlüklə Qars bələdiyyəsinin sədri seçilərək yalnız qarslılar, ona səs verənlərə deyil, həm də Azərbaycandakı soydaşlarımıza qürur yaşadıb. 

Çünki Türkiyənin Qars bölgəsi Azər­baycan üçün strateji əhəmiyyətə malik mərkəzlərdən biri olaraq qalır. Burada yaşayan insanların çoxunun Azərbay­canla qohumluq, qardaşlıq bağları vardır. Bütün dövrlərdə Qars Azərbaycan üçün doğma və əziz bir məkan olub. Ermə­ni zülmünün tüğyan etdiyi illərdə Qars Qərbi Azərbaycandan olan insanlara qu­caq açıb, onları həyata bağlayacaq milli dəyərləri qoruyub saxlayıb. Qarsın ən ağır vaxtlarında buradakı soydaşlarımız doğma vətənlərini qorumaq üçün hər cür mərhumiyyətlərə hazır olublar. Ortaq mə­dəniyyətimizin təmsilçilərindən olan Aşıq Şenlik, 

“Əhli-İslam olan eşitsin, bilsin,
Can sağ ikən yurd vermərik düşmənə.
İstərərsə Uruset, nə ki var gəlsin,
Can sağ ikən yurd vermərik düşmənə” 

– sətirlərini yazanda Vətənin hər qa­rış torpağının müdafiəsi üçün qarslıla­rın necə qərarlı olduqlarını ifadə edirdi. Qars, həqiqətən, bir qəhrəmanlıq dastanı yazmışdı. 

Yeni Bələdiyyə sədri Ötükən Səngə­rin ulu babaları da həmin milli mücadilə­nin öncüllərindən olmuşlar. Onun kökü indi erməni işğalı altında olan Qərbi Azər­baycana, Ağbaba mahalının İbiş kəndinə uzanır. Məşhur Həmzə Ağanın nəslindən­dir. Ulu babasının bu gün Qarsın Türkiyə Cümhuriyyətinin bir hissəsinə çevrilmə­sində əvəzsiz rolu olub. Həmin nəsil­dən olan nəvə Həmzə Səngər vaxtilə ulu babası Həmzə Ağanın mübarizəsini belə ifadə etmişdi: “Dədəm Həmzə ağa bölgədə ermənilərlə birbaşa döyüşüb. Babamı ermənilər zindana salıb, mülkü­nü talayıblar, nəslimizə məxsus torpaq­lar bu gün Ermənistan ərazisində qalıb. Amma Həmzə ağa təslim olmayıb, rus və erməni quldur dəstələrinə qarşı sona­dək vuruşub. Onun erməni quldurlarının Vətənimizdən çıxarılmasında cəsarətini hər kəs bilir…” 

Məlumdur ki, 1877–1878-ci il rus–türk savaşında Qars bölgəsi Rusiyanın nəzarətinə keçmişdi, Qarsın türk-müsəl­man əhalisi 40 il ana Vətəndən ayrı ya­şamaq məcburiyyəti qarşısında qalmışdı. Həmzə ağa Rusiyanın işğalı altında olan Qars vilayətinin Ağbaba mahalının İbiş şəhərində anadan olub. O, Köhnə İbişin ağası idi. Daha sonra Həmzə ağa qo­humları ilə birlikdə Köhnə İbişdən Təzə İbişə (Ayıçınqılı) köçmüşdü. Təzə İbişin əsasının qoyulması Həmzə ağanın adı ilə bağlıdır. O, çox xeyirxah adam olmuş, öz səxavəti ilə ad qazanmışdı və kasıbla­ra yardımı indiyədək xatırlanır. 

Nəvə Həmzə Səngər deyr ki, “Yer­li müsəlman əhali 1918–1921-ci illər arasında daşnak ermənilərinin bölgədə törətdikləri qırğınların qarşısını almaq üçün Həmzə Ağanı “Ağbaba Milli Şura­sı”na seçdilər. O, Qarsın erməni işğalına dirəniş hərəkatında fəal iştirak etdi. Ağ­baba süvari alayının qurulmasında böyük rol oynadı, maddi töhfələr verdi. Həmin illərdə ermənilərlə çarpışmalarda yarala­nan türklərin bütün xərclərini öz üzərinə götürmüşdü. Gümrü, İrəvan, Naxçıvan, Qars, Ərdahan və Çıldır kimi bölgələrdən qaçqın düşənlərin da sığındığı Ağbaba bölgəsi Həmzə ağa və Ağbaba Süvari Alayının himayəsində idi. Dəfələrlə Ağ­babaya hücum edən ermənilər süvari alayının dirənişi ilə qarşılanmış və bu, Ağbabanı erməni hücumlarından qoru­muşdur”. 

Qars üçün ən kritik dönəm 1917-ci il inqilabından sonra Rusiyanın Birin­ci Dünya müharibəsindən çəkilməsi və silahlarını ermənilərə verməsi dövrü idi və ermənilər Qars və ətrafında yaşayan əhalini əsl soyqırıma məruz qoymağa başlamışdılar. Müharibənin sonunda, 30 oktyabr 1918-ci ildə imzalanmış Mudros anlaşması ilə Osmanlı Ordusu Cənubi Qafqazdan çəkilmişdi. Qarsın taleyi bu­rada yaşayan insanlarımızın ölüm-qalım məsələsinə dönmüşdü. Belə bir durumda bölgənin ziyalıları, millətin öndərləri bir qərar qəbul etdilər. 14 noyabr 1918-ci ildə Birinci Qars Konqresi toplandı. Qars Milli İslam Şurası Ümumiyyəsi quruldu. Qars Milli Şurası ayrı-ayrı bölgələrin Milli Şuralarından təşkil edilmişdi. Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd Ağanın rəh­bəri olduğu Ağbaba Milli Şurasının da yer aldığı Qars Milli İslam Şurası Hökumə­ti quruldu. Hökumətin başçısı İbrahim bəy Cahangiroğlu idi. 25 mart 1919-cu ildə hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti olaraq tarixə keçdi. 

Lakin Qarsda gözləri olan ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstə­yi ilə Qars vilayətini ələ keçirdilər. Aprelin 19-da sonradan bolşevikə çevrilən Sar­kis Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Erməni qoşunları da Qars vilayətinə soxuldular. Yerli müsəl­man-türk əhali yenidən dəhşətli soyqı­rımına məruz qaldı. İngilislər Cənub–Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Mal­ta adasına sürgünə göndərdilər. Bununla da, Cənub–Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi. 

1920-ci ilin payızınadək Cənub–Qər­bi Qafqaz Cümhuriyyətinin ərazisi işğal altında qaldı. 1920-ci il oktyabrın 30-da Qarsın düşməndən azad edilməsi türk ordusunun göstərdiyi qəhrəmanlıq nə­ticəsində mümkün oldu. Xüsusən də Kazım Karabəkir paşanın komandan­lığı altında olan qəhrəman türk əsgəri bu müqəddəs yurdu düşmən işğalından təmizlədi. Qarsın ana Vətənə qovuşma­sında Cənub–Qərbi Qafqaz Cümhuriyyə­tinin çox böyük rolu olduğunu xüsusi ola­raq qeyd etməliyik. Cənub–Qərbi Qafqaz Cümhuriyyətinin qısa tarixçəsi budur və bu sətirlərin müəllifinin “Qars adlı Vətən” kitabında bu həssas tariximizdən geniş şəkildə bəhs edilmişdir. 

Bəli, Ötükən Səngərin dədə-baba­ları həmin ağır illərdə millətin yanında olmuş və ermənilərin işğalçılıq siyasətinə qarşı dirəniş, qəhrəmanlıq göstərmişdi. İndi isə Qars Ötükən bəyə əmanət edil­mişdir. Bələdiyyə sədri seçilməmişdən öncə Qars Qafqaz Universitetinin pro­fessoru olan Ötükən bəyə bir neçə sual ünvanladıq:

– Öncə yeni vəzifənizi təbrik edirik. Bilirsiniz ki, Qarsın Bələdiyyə başqanı seçilməyiniz Azərbaycanda da məm­nuniyyətlə qarşılanmışdır. Bu sevgini ifadə edən insanlara nə deyərdiniz?

– Azərbaycan bizim ata-baba yur­dumuzdur. Azərbaycan xalqının sevin­cimizə şərik olması bizi çox sevindirir. Bütün Azərbaycan xalqına sevgi və hör­mətimi bildirirəm.

– Türkiyə ilə Azərbaycanın qar­daşlığının rəmzi olan Qarsda həyata keçirəcəyiniz ilk işlər hansılar olacaq?

– Bununla bağlı çoxlu planlarımız var. Öncə milli-mənəvi bağlarımızı daha da inkişaf etdirməkdə qərarlıyıq. Çox­lu Azərbaycan əsilli əhalinin yaşadığı şəhərimiz 2024-cü ildə belə ciddi prob­lemlərlə üzləşməkdədir. Əvvəlcə şəhərin infrastrukturuna əl gəzdirəcəyik, yəni, su və kanalizasiya sistemini tamam­lamağı, asfalt çəkməyi planlaşdırırıq. Milli-mənəvi dəyərlərimizə, ənənələri­mizə dayanaraq, şəhərin mədəni həya­tında yeniliklərin tətbinə başlayacağıq. 

– Qarsda Azərbaycanla əlaqələr baxımından tarixi ənənələr mövcud­dur. Bu əlaqələri genişləndirmək, in­kişaf etdirmək üçün hansı planlarınız var? 

– Azərbaycan bizim öncəliyimizdir. Qars bizim bələdiyyə sədrliyimiz döv­ründə Azərbaycanla Türkiyə arasında körpü rolunu oynayacaq. Biz hər il Azər­baycanla müntəzəm olaraq mədəniyyət, idman tədbirləri və festivallar təşkil et­məyi qarşıya məqsəd qoymuşuq. İqtisa­di, ticari əlaqələrin də yüksək səviyyəyə çatdırılması üçün əlaqələri genişləndirə­cəyik.

– Azərbaycana səfər etməyi düşü­nürsünüzmü? 

– Biz ilk xaricə səfərimizi ən qısa za­manda əcdadlarımızın torpağı olan Azər­baycana etmək niyyətindəyik.

– Qars və çevrəsində Azərbaycan xalqının böyük bir milli-mədəni miras­ları var, onların qorunması və hər iki ölkənin ortaq mədəni dəyərlərinə çev­rilməsi üçün nələr edilməlidir? 

– Bu məsələyə Azərbaycanla Türkiyə arasında əlaqələr kontekstində baxılma­lıdır. Qarsdakı tarixi abidələri qorumaq, mədəni irsimizi gələcəyə daşımaq, əs­lində, bir övladlıq borcudur. Azərbay­canla qarşılıqlı səfərlərin necə böyük əhəmiyyəti olduğunu təcrübələrimizdə görmüşük. Müəyyən proqramlar çərçi­vəsində Azərbaycan insanının Türkiyəyə gəlmələri, tarixi və turizm məkanlarını ziyarət etmələrinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağını düşü­nürəm. Eyni zamanda, Qarsda yaşayan, Azərbaycan sevgisini ürəklərində yaşa­dan insanların əcdadlarının Vətəninə səfərlər təşkil edəcəyik. 

Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri

Chosen
377
4
xalqqazeti.az

10Sources