EN

Röya Ayxan kimdir, nə qədər qazanır? - Xalq artisti haqda bilinməyənlər...

O səhvləri ilə, düzləri ilə bu xalqın sevimlisi olmağı bacardı. Oxuduğu hər mahnı ürəklərə yol tapdı. Röya Ayxanı ulduzluğa aparan yol asan olmadı. Bu yolda dəfələrlə təhqir olundu, incidildi, haqqında müxtəlif söz-söhbətlər gəzdi. Hər nə qədər sinəsindən geri itələndisə, o qədər müqavimətlə irəli atıldı, bir gün qəbul olunacağına inandı. Və o gün bu gündür.

Milli.Az bildirir ki, lent.az "Bioqrafiya" rubrikasında xalq artisti Röya Ayxan barədə məlumat verir.

- Röya Ayxanın əsl adı nədir?

Əsl adı Röyalə Yaqub qızı Nəcəfovadır. Qardaşı Ayxanın adını özünə təxəllüs götürüb.

- Röyanın neçə yaşı var? O harada anadan olub?

Röya 14 iyun 1982-ci ildə anadan olub. Əslən Ağdamlıdırlar. Özü Bakıda doğulub , böyüyüb. Özü bu barədə belə deyib: "Ağdamlıyam, amma Bakıda doğulub, burda böyümüşəm. Babamla münasibətimiz çox yaxşı idi. Ölənə qədər onu Bakıya gətirə bilmədik. Ağdamın Uçoğlan kəndində yaşayırdı. Orda da dəfn etmişik. Mən hər ay onu gətirirdim, evimdə 3-4 gün qonaq qalırdı. Elə bilirəm ki, babamdan sonra məni oralara bağlayan heç kim, heç nə qalmayıb. Əslində, babamgilin nəsli Ağdama İrandan gəlmədir. Sonra babam Ağdamda imkanlı bir adamın qızını alıb. Yəni, nənəmi. Atam 12 yaşında Bakıya Bülbül adına musiqi məktəbinə oxumağa gəlib. Elə ondan sonra da burda qalıb".

- Röya Ayxan orta və ali məktəbi harada bitirib?

Röya Ayxan Bakı şəhəri, Nəsimi rayonunda 5 saylı orta məktəbi bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

- Röya yaradıcılığa nə zaman başlayıb?

Röya Ayxan, ilk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 698 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

- Röya Ayxan fəxri adı nə zaman alıb?

Röya Ayxan 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 2020-ci ildə 37 yaşında Xalq artisti adına layiq görülüb.

- Röyanın "Pantene Altın Kelebek" mükafatı ilə nə əlaqəsi var?

Xalq artisti Röya Ayxan nüfuzlu "Pantene Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçıdır. O, 2017-ci ildə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına layiq görülüb. Röya Ayxan sözügedən mükafatı 2020-ci ildə yenidən əldə edərək Azərbaycanın ən parlaq siması seçilib.

- Röyanın ailəsi haqqında nə məlumat var? 

Röyanın atası musiqiçi, anası evdar qadındır. İki qardaşı var. Ana - atası, qardaşları Türkiyədə yaşayırlar. Röya ailəsi üçün İstanbuldan ev alıb.

- Röya ailəlidir?

Röya 2008-2014-cü illərdə Anar Çingiz oğlu Cəlilovla evlənib. Onun bu nikahdan 25 oktyabr 2009-cu ildə dünyaya gələn Hüseyn adlı oğlu var. Anarın ailəsi Röyanı gəlin kimi qəbul eləmək istəməyib. Onların ailə həyatı uzun sürməyib və cütlük boşanıb. Röya ilə evlənənə qədər onun əri bir başqa xanımla evli olub. Röya ailəsindən söz düşəndə "Yuva dağıdan qadın olmadım, Anarı bəlkə hələ də sevirəm" deyib.

- Röya niyə bu qədər sevilir?

Röyanı insanlara sevdirən onun səmimiyyəti, həyatını sirr saxlamaması, öz səhvlərini etiraf eləməsidir.

- Röya toya neçəyə gedir?

Röya toyda yarım saatlıq çıxış üçün 8 min manat qonorar tələb edir.

- Röya özünü ulduz hesab edir?

O ulduz olmağının fərqindədir və hərdən ulduz olmaqdan zövq aldığını deyir.

"Əslində, bəzən yorucu olur. Hərdən İstanbula gedib küçədə sərbəst gəzəndə, evə gəlib rahat uzananda deyirəm, ay Allah bu nə gözəl həyatdır! Heç kim səni narahat etmir. Qapı iki dəqiqədən bir döyülmür. Heç kim səndən nəsə istəmir. Küçədə ayağına rahat ayaqqabı geyinib gəzə bilirsən. Maşın sürmək məcburiyyətində qalmırsan. Amma birdən düşünəndə ki, mən nə vaxtsa bunu əldə edə bilmək üçün çabalamışam, onda Allahıma şükür edirəm. Mən deyirdim ki, on nəfərdən biri olacam. İndi üç nəfərdən biriyəm. Açığını deyim, bu qədərini gözləməmişdim. Məsələn, ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti olaram",- deyə o bildirib.

- Röya haqqında danışılanlara necə reaksiya verir?

"Mən insanlara həmişə ələk kimi baxmışam. Ələyə-ələyə gəlirəm. Düşünürəm ki, artıq insanların fikri formalaşmalıdır. Və deyim ki, ümidliyəm. Əgər mənim kimi dəli adam püxtələşə bilibsə, deməli hələ ümid var. Beş il bundan əvvəl gəlib deyirdilər ki, filankəs sənin haqqında bunu deyib, mən söhbətin axırına çıxmaq üçün vurub televiziyaya getmişəm. O vaxt ATV kanalında mənə qadağa qoyulmuşdu. Qapını döymədən, birbaşa rəhbərliyin otağına girib dedim ki, deyirlər, mənə qadağa qoymusunuz, səbəb nədir? O qədər dirəşdim ki, deməyə söz tapa bilmədi. İndi gəlib mənə desələr ki, filankəs sənin haqqında bu sözü dedi, deyərəm, boş ver. Amma həmin adamı yadımdan da çıxartmaram",- deyə o bildirib.

- Röya kinlidir?

Röyanın fikrinə görə, nə yaxşılığı, nə pisliyi unutmaq olmaz. "Kinin olmasa fahişə olarsan" deyə  düşünür.

-  Röya narkotiklərdən istifadə edib?

Röya bu suala belə cavab verib:  "Mən ilin iki ayı çox ciddi müalicə alıram. Ağır dərmanlar qəbul edirəm. Mənə elə iynələr vurulur ki, hamı elə bilir narkotik qəbul edirəm. Amma realda elə bir pis vərdişim yoxdur".

- Ulduz Röya ilə Röya Nəcəfova arasında ciddi fərq varmı?

"Heç bir fərq yoxdur. İki Röyanı da eyni səviyyədə yaşayıram. Məsələn, qonaq gedəndə ucuz konfet alıb aparmaq istəmirəm. Əgər kiməsə ev alacamsa, pis yerdən almaram. Maşın alaramsa, ucuz başa gəlsin deyə gedib "Dizel", yaxud, işlənmiş maşın almaram. Hərdən mənə elə gəlir, ulduz həyatımı ən çox oğlum yaşayır"- o deyib.

- Röyanın oğlu harada yaşayır?

O xaricdə təhsil alır.

- Röyanın neçə evi var?

Türkiyədə, Mayamidə və Bakıda evləri var.

- Röya neçə dəfə plastik əməliyyat etdirib?

- Röya 3 dəfə burnunu əməliyyat etdirib. Gözlərinin alt və üst qapaqlarında, dodaqlarında, çənəsində əməliyyat keçirib Qarıngərdirmə və bədənşəkilləndirmə əməliyyatları da etdirib.

- Röyaya eşq elanı edən kişilər çoxdur?

O bu suala belə cavab verib: "Yox. Çünki kişilər məndən çəkinirlər. Heç kim açıb mənə sevgisini deyə bilmir. Hərdən düşünürəm ki, nə qədər böyüyürəmsə, o qədər tənhalaşıram. Qadın nə qədər məşhurlaşırsa, əks tərəf ona yaxınlaşmaqdan bir o qədər ehtiyat edir. Mən də hamıya o qədər "on beş dəqiqəlik" baxıram ki, sonrasına imkan yaratmıram".

- Röya ikinci dəfə ailə qurmaq istəyir?

Yox. Amma kiminləsə sevgi yaşamaq arzusu var.
"Özümə söz vermişəm, Azərbaycanda şəxsi həyat qurmayacam. Mən burdan harasa uçanda başa düşürəm ki, sevgilimlə yeməyə gedirəm. Burda hara gedəcəm mən o sevgili ilə? Mən axı ailə qurmaq istəmirəm, sadəcə sevmək istəyirəm",- deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
643
4
milli.az

10Sources