EN

"Üçüncü dünya savaşı çoxdan başlayıb və qaynar fazaya keçib" - Danilov

 
"2008-ci və 2014-cü illərdə dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olacaqdı..."
 
"Gürcüstan və Moldova öz ərazilərinin azad edilməsinə başlasaydılar, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş əraziləri xeyli tez azad edə bilərdik..."
 
"Dünyada Rusiya-İran-KXDR "şər oxu" kollektiv Qərbə və ABŞ-a qarşı dayanıb..."
 
"Qarabağda antiterror əməliyyatından bir neçə gün öncə nə baş verib?.."
 
Üçüncü dünya savaşı 2008-ci ildə başlayıb və hazırda onun qaynar fazası baş verir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib.
 
Danilov Vahid Xəbərlər telemarafonunda HƏMAS-ın İsrailə hücumu ilə üçüncü dünya savaşının başlanması, sivil dünyanın vuruşduğu "şər xətti"nin aydın sezilməsi tezisi ilə bağlı sualını cavablandırıb.
 
"Üçüncü dünya savaşı Rusiyanın Gürcüstana hücumu və ərazisinin bir hissəsini ələ keçirdiyi 2008-ci ildə başlayıb. Sonra 2014-cü ilin fevralındakı vəziyyət olub.  Sadəcə, savaş "soyuq" vəziyyətdə olub, hazırda fəal mərhələyə keçib. Bu savaş 24 fevral 2022-ci ildə özünün qaynar fazasına keçib. 
 
Bu gün İsrail və digər ölkələrin ərazilərində baş verənlər artıq bunun nəticələridir. Üstəlik, mən əminəm ki, bu münaqişə bizim sizinlə yaxın zamanlarda müşahidə edəcəyimiz son münaqişə deyil. 
 
Dünya güclü hərəkət etməkdədir və çox şey bu məsələdə nə qədər tez bir zamanda nöqtə qoya biləcəyimizdən asılı olacaq, Allah eləməsin ki, bu, bütün dünyanı ağuşuna alsın", - Danilov deyib.
 
O, vurğulayıb ki, dünyanın buna uyğun münasibət göstərməsi çox vacibdir.
 
"Mən düşünürəm ki, məsuliyyətli siyasətçilər, o cümlədən ABŞ bu məsələdə imkan daxilində tez bir zamanda, birdəfəlik necə nöqtə qoyulmasını anlayır", - o, vurğulayıb.
 
Danilovun sözlərinə görə, Ukraynada müharibə getdiyi zaman Gürcüstan və Moldova öz ərazilərini Rusiyadan azad etməyə başlasaydı, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi məsələsini xeyli tez bir zamanda həll edə bilərdik.
 
"Mənim mövqeyim hələ bizə qarşı təcavüz başlanada bəlli olub. Mən deyirdim ki, əgər gürcülər və moldavanlar öz ərazilərini rusiyalı işğalçılardan azad etməyə başlasalar, biz bu məsələnı xeyli tez həll edərdik.
 
Lakin bu, onların hökumətlərinin, bu ölkələrin özlərinin qərarı ola bilər. Onlar hesab edir ki, bizim köməyimizlə, yəni biz rusiyalılar üzərində qələbə qazandıqdan sonra onlar öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək", - Danilov qeyd edib.
 
"Mən dünyada mövcud olan bütün münaqişələrin imkan daxilində tez bir zamanda bitməsinin tərəfdarıyam. Üstəlik, bu münaqişələr ədalətlə, imkan daxilində az itlkilərlə bitməlidir. Təəssüf ki, biz bu gün öz müstəqilliyimiz uğrunda mübarizədə bu qədər itkilər veririk.
 
Əgər 2008-ci ildə Gürcüstan müharibəsi, 2014-cü ildə Krım məsələsi olanda dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olardı. Amma bu, artıq tarixdir. Biz öz işimizi görüb, düşməni məğlub etməliyik", - Danilov vurğulayıb.
 
Yeni qlobal qarşıdurma
 
Beynəlxalq dərəcəli ekspert Taras Jovtenkonun fikrincə, Ukrayna və İsraildən başqa, üçüncü dünya savaşı Koreya və Tayvanı da əhatə edə bilər. 
 
HƏMAS-ın İsrailə hücumundan sonra informasiya məkanında getdikcə üçüncü dünya savaşından tez-tez danışılır.
 
Məlumdur ki, Rusiya 2014-cü ildən başlayaraq Ukraynanı məhv etmək istəyir, HƏMAS İranın dəstəyilə İsrailə hücum edib, israillilərin Qəzza bölgəsinə zərbələrinə cavab olaraq şimaldan Suriya, Livan onu təhdid edir, Cənubi Koreya KXDR tərəfdən ehtimal edilən hücumu gözləyir.
 
Bütün bu olaylar dünyaya "şər oxu"nu göstərib. Rusiya-İran-KXDR, bu üç ölkə bu gün öz liderlərinin bəyanatları səviyyəsində kollektiv Qərbə və Birləşmiş Ştatlara qarşı dayanıb. Çox vaxt bu "şər oxu"na Çin də aid edilir, lakin Pekin rəsmən hələlik təmkinli neytral mövqe sərgiləyir.
 
Qarabağın geri qaytarılması
 
Sentyabrın 19-da Qarabağda döyüş əməliyyatları bərpa edilib. Azərbaycan regionda antiterror əməliyyatı tədbirləri barədə elan edib. Artıq sentyabrın 20-də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olduğunu elan edib.
 
Razılaşmalara görə, tanınmamış "Dağlıq Qarabağ respublikas"ının "2024-cü il yanvarın 1-dək mövcudluğuna son qoyulur.
 
Bu zaman oktyabrın 4-də Amerikanın " Politico" nəşri yazıb ki, ABŞ və Avropa İttifaqının yüksək vəzifəli məmurları Qarabağda qarşıdurmanın həlli üçün öz rusiyalı həmkarları ilə məxfi görüş keçirib. Bu danışıqlar Azərbaycanın antiterror əməliyyatına başlamasından cəmi bir neçə gün öncə baş tutub.
Chosen
448
34
moderator.az

10Sources