Məlum olduğu kimi, son günlərdə əksər Qərb ölkələri Ukraynaya verdikləri silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsinə dair razılığa gəliblər. Son olaraq, Ukraynanın əsas silah təminatçısı olan ABŞ də qoyduğu məhdudiyyəti aradan qaldırıb.
Belə ki, bir gün əvvəl Pentaqon təsdiq edib ki, ABŞ Prezidenti Co Bayden əks-batareya mübarizəsi zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirmək imkanları ilə bağlı razılığa gəlib.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The New York Times” (NYT) nəşrinin məlumatına görə, bu qərar mayın 30-da qüvvəyə minib. Qəzetin yazdığına görə, Amerika rəsmiləri gözləyirlər ki, ABŞ silahlarından istifadə etməklə Rusiya ərazisinə ilk hücumlar “yaxın bir neçə saat və ya gün ərzində başlaya bilər”.
Qəzet qeyd edir ki, Amerika silahları ilə bağlı siyasətə yenidən baxılması qərarı ABŞ Dövlət katibi Entoni Blinkenin mayın ortalarında Kiyevə səfəri zamanı gündəmə gəlib. Lakin bu məsələ ilə bağlı amerikalılarla ukraynalılar arasında danışıqlar bir neçə həftə davam edib.
Nəşr yazır ki, ABŞ silahlarının Rusiya Federasiyasına zərbə endirməsinə icazə verməklə Bayden “özünün çəkdiyi qırmızı xətti keçib”.
NYT-yə danışan adı açıqlanmayan yüksək rütbəli amerikalı məmur qeyd edib ki, məlum məhdudiyyətlər getdikcə daha da yüngülləşdirilə bilər: “Bu, Ukrayna münaqişəsində yeni reallıq və bəlkə də yeni dövrdür”.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi də ABŞ-nin Rusiya ərazisinin öz silahları ilə vurulmasına icazə verdiyini təsdiqləyib. Lakin əlavə edib ki, hələlik bu icazə sərhəd zonasında Xarkova hücum üçün yerləşən Rusiya hərbi birləşmələrinin vurulması ilə məhdudlaşır.
Ancaq digər Qərb ölkələri Rusiyadakı istənilən qanuni hərbi obyektin vurulmasına heç bir məhdudiyyət qoymur və belə ölkələrin sayı 15-ə çatır.
“AzPolitika.info”