EN

Rusiyanın dörd variantının müqabilində...

Düşünürük ki, Ukraynanın futbol üzrə Avropa çempionatında iştirakı, xüsəsən də Slovakiya yığması üzərindəki qələbəsi bu ölkənin xəritədən silindiyini və yaxud da silinəcəyini zənn edənlərə də tutarlı cavab oldu – hamıya bir daha aydın oldu ki, Ukrayna yaşayır, nəfəs alır və mübarizə aparır.

Biz heç də idman şərhçisi deyilik və Ukraynanın çempionatdakı perspektivləri haqqında heç nə deyə bilmərik. Bircə onu vurğulamağı vacib bilirik ki, Kiyev Slovakiya ilə oyunda Rumıniya ilə oyundakından daha inamlı görünürdü və bu da nəticəsini verdi.

Həm də yada salaq ki, hətta sovetlər dönəmində belə bu xalq heç bir sahədə, o cümlədən də futbolda axır sıralarda deyildi – o dövrü xatırlayanlar yətin ki, Kiyev "Dinamosu”nu da unutmayıblar, hansı ki,sovet futbolunun ən öncül klublarından biri idi, üstəlik, bu komandanın baş məşqçisi bir zaman SSRİ yığmasının da baş məşqçisi olmuşdu.

Qərəz, idman və futbol haqqında bu qədər. Keçək siyasətə. Bu yaxınlarda ruslar bildirdilər ki, Ukrayna münaqişəsini çözmək üçün onların guya dörd planı var. Bizə isə elə gəlir ki, prinsip etibarilə, bir plan da bəs edər, yetər ki, istək olsun. Amma nəinki Kremlin, hətta bu yaxınlarda İsveçrəyə toplaşmış yüzdən çox dövlətin də belə görünür ki, sülh niyyəti yoxdur. Ona görə də Ukrayna münaqişəsi ilə bağlı pessimist proqnozlar yazanlar bir məsələdə haqlıdırlar: Qərb Ukraynanı elə bir oda atıb ki, ondan çıxmaq elə də asan görünmür.

Bəlkə də Poroşenkodan əvvəlki Ukrayna prezidenti Yanukoviç həqiqətən də Rusiya yönümlü və korrupsioner idi, amma o, Avropa siyasətçilərinə açıq şəkildə bildirmişdi ki, ölkəsinin Aİ-yə inteqrasiyası Moskvanın böyük müqavimətilə qarşılaşacaq. Amma Avropa ölkələri və ABŞ buna məhəl qoymadı. Belədə isə Kiyevin təhlükəsizliyinə daha bir sayığısızlıq bundan da bir neçə il əvvəl baş vermişdi – bir neçə milyard dolların müqabilində Kiyevin başını tovlayıb nüvə silahını onun əlindən aldılar, halbuki həmin silah indi çəkindirici bir amil rolunu oynayardı, ən azı Moskva indiki kimi Ukraynanı və yaxud da ki, onun müttəfiqlərini, yeri gəldi–gəlmədi, nüvə silahı ilə şantaj etməzdi.

İndi hamı deyir ki, Ukraynanın gələcəyi hələ qabaqdadır. Açığı, biz də hələ ümidimizi itirməmişik və bu cür yozumları hələ ki, ciddi qəbul edir və gözləyirik. Amma dəfələrlə yazmışıq ki, ABŞ və NATO ölkələri bu müharibəyə ciddi şəkildə qarışmayınca həlledici dönüş olmayacaq.

Bəli, bu yaxınlarda NATO-nun Baş katibi də dəyişəcək, onu başqa birisi əvəz edəcək.

Amma insaf naminə demək lazımdır ki, indiki Baş katib Yens Stoltenberq də ukraynapərəst mövqeyilə seçilir. Belədə isə hər şey ABŞ-ın mövqeyindən asılı olacaq. Onun mövqeyi isə daha dəqiq olaraq prezident seçkilərindən sonra bilinəcək, xüsusən də prezident postunu Bayden deyil, Tramp tutacağı halda. Aydın məsələdir ki, Bayden postunda qalacağı halda üzücü, ləng müharibə senarisi davam edəcək. Tramp seçilsə, ən azı ümid edirik ki, sülh senarilərinin axtarışı daha intensiv və hətta deyərdik ki, daha real xarakter alacaq – bunu ən azı Trampın indiki açıqlamaları deməyə imkan verir.

Bizə də elə gəlir ki, sülh mümkün variantların və senarilərin heç də ən pisi və ən axırıncısı deyil, ən azı ona görə ki, siyasətdə əksər hallarda əla ilə yaxşı arasında deyil, ən pis ilə pis arasında seçim etmək lazım gəlir.

Düşünürük ki, dayanıqlı sülh üçün Kiyev müəyyən itkilərə də gedə bilər. Qeyd edək ki, Avropada da bəzi siyasətçilər belə düşünürlər, amma abstrakt mülahizələrdən, müzakirələrdən real işə keçmək lazımdır – sülh əldə etmək üçün Kremlin dörd variantının müqabilində Qərbin də ən azı üç variantı olmalıdır ki, necə deyərlər, buz ərisin... /qaynarinfo.az/

Chosen
184
47
turkustan.az

10Sources