EN

Yeni mərhələdə ABŞ- Rusiya münasibətləri - AÇIQLAMA

“Artıq uzun müddətdir ki, Rusiya-ABŞ münasibətləri kritik həddədir. Mən deyərdim, elə 2022-ci ilin fevralında Ukraynanın Rusiya tərəfindən işğalından sonra iki ölkə arasındakı münasibətlərdəki gərginlik pik həddə çatdı və bunu biz hər iki ölkənin bir-birinə qarşı səsləndirdiyi açıqlamalardan da və eyni zamanda bir-birinə qarşı Ukraynada həyata keçirdiyi fəaliyyətlərdə də görə bilərik. Sevastopoldakı terror aktı, aydın məsələdir ki, bu raket zərbəsi Ukrayna tərəfindən atılıb. Müharibə gedir və müharibədə sözsüz ki, bu kimi hallar olur. Rusiya özü də dəfələrlə Ukraynanın sivil infrastrukturunu hədəfə aldı. Rusiyanın raket zərbələri nəticəsində, artıq minlərlə mülki şəxs Ukraynada həlak olmuşdur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, belə olan halda Ukrayna tərəfindən Rusiyanın mülki infrastrukturunun zərbə altında olması ehtimalı istisna olunmamalıdır.

“Sadəcə məsələ bundan ibarətdir ki, həmin raket zərbələri Amerikanın Ukraynaya verdiyi ATACMS raket sistemləri tərəfindən həyata keçirildi. Bu da Rusiyanın Amerikanı günahlandırmasına əsas verən məqamlardan biridir. Digər tərəfdən, Dağıstandakı terror aktı və o cümlədən martda “Krokus Siti Hol”da baş verən terror aktının arxasında Amerika Birləşmiş Ştatlarının olması faktı dəqiq deyildir. Düşünürəm ki, sırf bu hadisələrdə Dağıstandakı terror aktı və digər terror aktında Rusiya hədəfi yayındırmağa çalışır. Çünki uzun illərdir ki, Rusiya daxilində radikal fundamentalizm təhdidi mövcuddur. 90’larda hələ rus-çeçen müharibəsi ərəfəsində, ondan sonra da dəfələrlə şimali Qafqaz ölkələrində Dağıstan, Çeçenistan bunların hər birində terror aktları törədildi. İslam terror aktını, Moskvadakı teatrda həyata keçirilən terror aktını biz unutmayaq. Radikal islam Rusiya üçün daimi şəkildə təhdid olunub və bunun arxasında həmişə Amerikanın dayandığını demək, düşünürəm ki, bir az absurddur. Digər tərəfdən, Rusiyanın ABŞ-ın və NATO-nun Avropadakı obyektlərini vura bilmə ehtimalını mən yüksək dəyərləndirmirəm. Çünki bu, birbaşa üçüncü dünya müharibəsinə Rusiya və NATO-nun toqquşmasına gətirib çıxara bilər”.

“Xatırlatmaq lazımdır ki, NATO-nun beşinci maddəsi işləkdir. Həmin maddəyə görə, istənilən üzv ölkəyə hücum bütün NATO-ya hücuma bərabərdir. Düşünürəm ki, Rusiya tərəfindən çox ağlasığmaz bir addım olardı. Hətta Putin özü də bunu bildirib ki, biz, o qədər axmaq deyilik ki, NATO-ya hücum edək. İki super güc arasında gərginlik, eskalasiya mövcuddur. Bu eskalasiya, daha da arta və növbəti dünya müharibəsinə çevrilə bilər. Ancaq indiki halda mən bunu real görmürəm. Çünki Rusiya bunda maraqlı deyil. Hələ ki, Ukraynada işini bitirməyib. Amerika da həmçinin qarşıdan seçkilər gəlir. Bu baxımdan birbaşa toqquşmanın baş verəcəyini yaxın zamanda güman etmirəm. O ki qaldı ABŞ artıq Qafqaza gəlib ya gəlməyib? Düşünürəm ki, ABŞ Azərbaycan müstəqil elan olunandan, Qafqazın, hər üç ölkəsi müstəqillik əldə etdikdən sonra Qafqaza gəlmişdir. Sadəcə bəzi vaxtlarda Qafqazda onun təsir dairəsi daha yüksək olub, bəzi vaxtlarda azalmağa doğru gedib. Hazırda ABŞ hər vəchlə Qafqazdakı təsir dairəsini böyütməyə çalışır. Çünki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıqdır. Bu ABŞ üçün fürsətdir ki, regionda öz nüfuzunu genişləndirsin. Ermənistanda buna qismən nail olub. Paşinyanın timsalında qərb yönümlü birini hakimiyyətə gəlməsini dəstəkləməklə, Gürcüstanda müxalifəti dəstəkləyərək buna nail olmağa çalışır. Azərbaycanda buna nail ola bilmir. Çünki Azərbaycan daha çox balanslı siyasət yürüdür. Amma bu region ABŞ üçün həmişə xüsusi əhəmiyyət kəsb edib. Bunu hətta Zbiqnev Bjezinski 1997-ci ildə “Böyük Şahmat Taxtası” əsərində də yazıb. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Qafqazda öz təsir dairəsini genişlətmək istəməsi təəccüb doğurmamalıdır. Regionun həm enerji imkanları, həm də tranzit imkanları var. Amerika Birləşmiş Ştatları bundan maksimum dərəcədə faydalanmağa çalışır”.

Chosen
158
50
aznews.az

10Sources