EN

“Putinə başa salmalıyıq ki, döyüşdə qalib gələ bilməyəcək” –NATO Baş katibi

Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl Ukrayna yeni yardım paketi alacaq.

Azpost.info bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq CBS telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, bura əlavə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları daxil olacaq.

Baş katib qeyd edib ki, blok Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə artırır. NATO üzvü olan ölkələr Ukrayna Silahlı Qüvvələri üçün yeni təlim proqramları və uzunmüddətli öhdəliklər barədə razılığa gəliblər.

“Gələn həftə başlayacaq sammitə qədər hava hücumundan müdafiənin gücləndirilməsi və döyüş sursatı miqdarının artırılması ilə bağlı yeni açıqlamalar veriləcək”, – baş katib vurğulayıb.

Stoltenberq sammitdə Ukraynaya yardım  üçün yeni təşəbbüslərin elan ediləcəyini açıqlayıb. Xüsusilə, Almaniyada Ukrayna hərbçilərinin təlimi üçün avadanlıqların saxlanacağı logistika mərkəzinin yaradılması elan olunacaq.

Baş katibin sözlərinə görə, indi Alyansın əsas vəzifəsi Ukraynanın qələbəsini təmin etməkdir. Bu həm də Kiyevin gələcək bloka qoşulması üçün ilkin şərtdir.

Stoltenberq vurğulayıb ki, sülhə nail olmağın yeganə yolu Rusiya prezidentini döyüş meydanında qalib gəlməyin mümkünsüzlüyünə inandırmaqdır. Bunun üçün Ukraynaya uzunmüddətli hərbi yardım lazımdır. Bu da onun cəbhədə üstünlüyünü təmin edəcək.

“Putin  danışıqlar masası arxasına oturmalı və Ukraynanı suveren və müstəqil dövlət kimi tanımalıdır”, – deyə Stoltenberq bildirib.

Azpost.info

Chosen
98
45
azpost.info

10Sources