İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə mindikdən sonra tələblərə cavab verməyən avtomobillər sərnişindaşımalardan kənarlaşdırılıb. Çünki yeni tələblərdən biri də avtomobilin yaş məsələsidir. Belə ki, taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Yeni qərar imzalanmazdan əvvəl taksi fəaliyyətində əsasən istehsal ili çox olan avtomobillərin sayının kifayət qədər olduğunu nəzərə alsaq, həmin avtomobillərin sonrakı aqibətinin necə olacağı müəyyən suallar yaradır. Misal olaraq, əvvəllər taksi minik avtomobili kimi fəaliyyət göstərən köhnə istehsallı "Prius"ları, "Mercedes"ləri və digər nəqliyyat vasitələrini göstərmək olar. Müşahidələr onu deməyə əsas verir ki, taksi üçün yararsız hesab edilən avtomobillər ucuz qiymətə satılır. Xüsusən, bu avtomobillərə qiymət baxımından sərfəli olduğundan rayon sakinləri tərəfindən tələbat artıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bugünkü tələblərə görə taksiyə yaramayan avtomobillər digər fəaliyyətlərdə istifadə oluna bilər.
Onun sözlərinə görə, əvvəllər olduğu kimi indi də fərdi qaydada bu avtomobillərin istifadəsində heç bir məhdudiyyət yoxdur:
"Xüsusən də, taksi qiymətlərinin yüksəlməsi ilə bağlı getdikcə bu cür ucuz avtomobillərə tələb artacaq. Ona görə də, həmin avtomobillərin istismarında hər hansı bir problem yoxdur".
Qeyd edək ki, taksi minik avtomobilləri ilə bağlı qoyulan tələblərdən sonra ölkədə buraxılış ili köhnə olan avtomobillərin qiymətində azalmalar qeydə alınıb. İli köhnə oluğu üçün taksiyə yaramayan "Prius" və digər markalı avtomobillər maşın bazarlarında "əlimyandı" qiymətlərə satılır.
Xatırladaq ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır. Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək. Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.