EN

“ACWA Power” ölkəmizin bərpaolunan enerji tərəfdaşıdır

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Son illər Asiya müttəfiqimiz ölkəmizin bərpaolunan enerji potensialına daha çox maraq göstərir. Bu da enerji əməkdaşlığına yeni məzmun gətirir. 

Bugünlərdə isə Azərbaycan və Səu­diyyə Ərəbistanı enerji sahəsində əmək­daşlığı bir daha müzakirə ediblər. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabba­rov “X” sosial şəbəkəsində məlumat verib. “Azərbaycanın energetika naziri, həmka­rım Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirdiyimiz görüşdə energetika sahəsində fəal əmək­daşlığın dəstəklənməsi, “yaşıl” enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçirdik”, – deyə M. Cabbarov paylaşımında qeyd edib. 

Nazirin fikirlərindən də göründüyü kimi, ölkələrimiz arasında son zamanlar yeni mərhələyə qədəm qoyan iqtisadi əməkdaşlığın və bu sahədə qarşılıqlı fəa­liyyətin lokomotivini məhz “yaşıl enerji” təşkil edir. Məlum olduğu kimi, 2022-ci il yanvarın 13-də Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığı­nın “ACWA Power” şirkəti arasında Xəzər dənizində külək enerjisi sahəsində əmək­daşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 240 meqa­vat gücündə Xızı–Abşeron külək elektrik stansiyasının tikintisi məhz bu şirkət tərə­findən həyata keçirilməlidir. Ötən müd­dətdə layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiy­yə Ərəbistanı şirkətinin öz ölkəsindən kə­narda yatırdığı ən böyük investisiyasıdır. 

“Xızı–Abşeron” külək elektrik stansi­yasının təməli 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudin iştira­kı ilə qoyulub. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışı zamanı deyib: “ Mən tam əminəm ki, hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı, bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik”.

Artıq “ACWA Power” şirkətinin ölkə­mizdə icra etdiyi “Xızı-Abşeron” külək enerjisi stansiyası layihəsi üzrə işlərin, təqribən, 20 faizi tamamlanıb. Bura, əsasən, mühəndislik işləri daxildir. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi isteh­sal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. 

Ölkəmizdə xarici sərmayə cəlb edil­məklə həyata keçirilən “Xızı-Abşeron” külək elektrik stansiyası layihəsi sənaye həcmli bərpaolunan ilk enerji layihələ­rindəndir. Eyni zamanda, stansiya Azər­baycanda ən böyük külək enerji stansi­yası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük külək elektrik stansiyası Xızı rayonu ərazisin­də yerləşən 50 meqavat gücündə olan “Yeni Yaşma” stansiyasıdır. Burada hər birinin gücü 2,5 meqavat təşkil edən 20 külək turbini quraşdırıldığı halda, “Xızı-Abşeron”da isə hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini fəa­liyyət göstərəcək.

Şirkətin müqavilələr və dövlətlə əlaqələr üzrə meneceri Süleyman Baba­yevin dediyinə görə, artıq “Xızı-Abşeron” külək enerjisi layihəsinin baş podratçısı olan “Power China HOEC” şirkəti tərəfin­dən mobilizasiya işləri tam başa çatdırı­lıb. Bu ay stansiyanın tikintisi üçün tələb olunan turbinlərin birinci partiyası Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarə­ti Limanına gətiriləcək. Stansiyanın isə 2025-ci ilin 3-cü rübünün sonlarında istis­mara verilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, “ACWA Power” şirkəti “Xızı-Abşeron” külək elektrik stansiya­sından əlavə, Azərbaycanın Energetika Nazirliyi ilə ölkədə 1 qiqavat gücündə yerüstü külək elektrik stansiyasının, 1,5 qiqavat gücündə dəniz külək elektrik stansiyasının tikintisi imkanlarının öyrə­nilməsi və hidrogen layihələrinin həyata keçirilməsi ilə bağlı memorandum im­zalayıb. Bundan əlavə, “ACWA Power” həm də Azərbaycan hökumətinin Qa­rabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası yaratmaq təklifinə müsbət cavab verən iki şirkətdən biridir. Belə ki, adı çəkilən şirkət növbəti mərhələdə bu əra­zilərdə külək və günəş elektrik stansiya­larının tikintisini məqsədəuyğun hesab etdiyini bildirib. 

Yeri gəlmişkən, hazırda dünyanın bir sıra ölkələrində uğurla fəaliyyət göstərən “ACWA Power” günəş və külək enerjisi, duzsuzlaşdırma və hidrogen qurğula­rının istehsalı, eləcə də enerji saxlama layihələrini icra edən tanınmış şirkətdir. Şirkət dünya miqyasında 8 min meqavat bərpaolunan enerji istehsalına və ümumi quraşdırılmış elektrik gücü 30 min 200 meqavata, eləcə də 45 milyard dollar in­vestisiya portfelinə malikdir.

Chosen
152
22
xalqqazeti.az

10Sources