Azərbaycanda tez-tez evlərdən böyük məbləğdə pulların oğurlandığı barədə xəbərlər yayılır. Bu o deməkdirmi insanlar pullarını və dəyərli əşyalarını banklara əmanət etmir, evlərdə saxlayırlar?
Sosioloq Üzeyir Şəfiyevin Modern.az-a bildirdiyinə görə, əhali arasında banklara inam azdır:
“Yaxın keçmişdə bir neçə bankda ciddi böhran yaşandı, bəziləri bağlandı, vətəndaşlar bundan kifayət qədər əziyyət çəkdilər. Bank sistemində bəzən təmərküzləşmə gedir, bəziləri rəqabətə dözmür, sıradan çıxır. Eyni zamanda digər məsələ ondan ibarətdir ki, banklar cuzi faizlə vətəndaşlardan pulu qəbul edir, ancaq özləri kredit verərkən çox böyük faiz qoyurlar”.
Sosioloq xatırladıb ki, müstəqillik dövründən bəri vətəndaşlar dəfələrlə banklarla problem yaşayıb:
“Banklar fiyaskoya uğradı və nəticədə əsas zərər vətəndaşlara dəydi. Vətəndaşları banklarda motivasiya edən çəkici təkliflər yoxdur. Bu səbəbdən də vətəndaş banklara rahat şəkildə pul qoya bilmir. Bankların əmanətə verdiyi pul faizi ilə kreditə görə aldığı faiz arasında böyük həndəsi fərq var. Bu, vətəndaşa ədalətli yanaşma deyil. Mən razıyam ki, insanlarda böyük pul kütləsi var və onu uyğun yerlərdə saxlayırlar. Bu vəziyyətdə dövlət uduzur, çünki vəsaitlər "ölü kapital" kimi evlərdə qalır və iqtisadiyyata töhfə vermir. Hesab edirəm ki, Azərbaycanda vətəndaş-bank münasibətlərində şəffaf yanaşmaya və daha səmimi ortama ehtiyac var. Əks təqdirdə, bank-vətəndaş məsafəsi daha da dərinləşəcək. Bu hal nə vətəndaşın xeyrinədir, nə də dövlətin”.
Ü.Şəfiyev qeyd edib ki, banka pul qoyan şəxs əmin olmalıdır ki, böyük infilasiyalar vaxtı indeksasiya düzgün gedəcək, eyni zamanda vətəndaş istədiyi vaxt əmanəti rahatlıqla geri götürə biləcək.
"Belə mühit olmadıqda vətəndaşlar böyük kapitalı evdə saxlayacaq. Əziyyətini isə həm vətəndaşlar, həm bank, həm də dövlət çəkəcək. İnam mühiti bankların vətəndaşlara daha səmimi, motivasiyalı əl uzatmasından asılıdır. Hesab edirəm ki, banklar menecment lahiyəsi ortaya qoymalıdır, çünki Azərbaycanda kifayət qədər "ölü kapital" kimi pul kütləsi var ki, evlərdə yatır. Hansı ki, o banklara cəlb olunarsa, həm bank qazanar, həm vətəndaş, həm də dövlət. Banklar bu stuasiyadan nəticə çıxarmalıdır”.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son illər banklara cəlb olunan əmanətlərin həcmi artıb. O, banklara inamın çox aşağı düşdüyü barədə fikirlə razılaşmayıb:
"Statiskaya nəzər salaq: 2024-cü il iyunun 1-i əhalinin banklarda olan əmanətlərinin məbləği 13 milyard 679 milyon manatdır. 1 il bundan qabaq isə 12 milyard 410 milyon manat idi. Müqayisədə 10,13% faizlik artım var. Nəzərə alsaq ki, əhalinin keçən il gəlirləri cuzi artmışdı, bu il də 3-4% nominal artdığını nəzərə alsaq, bu o deməkdir ki, əhalinin banklara etibarı var”.
Onun sözlərinə görə, əhali bütün gəlirlərini banklarda saxlaya bilməz:
“Ümumiyyətlə, bu, insanların psixologiyasından asılıdır".
Ekspert deyib ki, banklara etibar aşağı düşsəydi, əmanətlərin həcmi azalmalı idi:
"Evlərdən pul oğurlanmasının səbəbi banklara etibarın olmamasında deyil, bu, insanların özlərindən, pulun mənbəyindən, məqsədindən, onun necə əldə edildiyindən asılıdır”.
Gülarə Quliyeva